İran: Heç bir düşmənçilik hərəkəti cavabsız qalmayacaq
İran Suriya hava məkanında təcavüz edilən sərnişin təyyarəsi ilə əlaqədar olaraq ölkəsinin heç bir düşmənçilik hərəkətini cavabsız qoymayacağını bildirib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Suriya hava məkanında təcavüz edilən sərnişin təyyarəsi ilə əlaqədar olaraq ölkəsinin heç bir düşmənçilik hərəkətini cavabsız qoymayacağını bildirib.
Abbas Musəvi İran Xarici İşlər Nazirliyinin saytında yer alan açıqlamasında ABŞ Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) qınayaraq bildirib ki, İran sərnişin təyyarəsinin narahat edilməsilə beynəlxalq aviasiya qanunları və bölgədəki sülh və təhlükəsizlik mühiti pozulmuşdur. İran heç bir düşmən hərəkətini cavabsız qoymur. Vaxt gəldikdə bu məntiqsiz hərəkətə müvafiq cavab mütləq veriləcəkdir. CENTCOM-un "ABŞ F-15 "Mahan Air"ə məxsus sərnişin təyyarəsinə təhlükəsiz məsafə olan min metrdən standart bir vizual nəzarət keçirmişdir" barədəki açıqlamasının gülməli olduğunu qeyd edən Musəvi deyib:
"ABŞ-ın Suriyada olması və döyüş təyyarələrinin istifadəsi qanunsuzdur. Bundan daha əhəmiyyətli olanı heç kəs ABŞ-a sərnişin təyyarəsini döyüş təyyarələri ilə yoxlamağa icazə verməmişdir. Belə bir hərəkət qanunsuz və təhlükəlidir. Bu günahsız insanların həyatı ilə oynamaqdır. İddiaların əksinə təhlükəsiz məsafəyə əməl edilməmişdir". Qeyd edək ki, İran iyulun 24-də gecə radələrində Tehran-Beyrut səfərini reallaşdıran Mahan Hava Yollarına aid bir sərnişin təyyarəsinin Suriya hava məkanı üzərində olan vaxt ABŞ-ın iki qırıcı təyyarəsi tərəfindən təcavüz edildiyini açıqladı. Bildirilib ki, pilot qəfil manevr edib və qırıcı təyyarələr təhlükəli şəkildə yaxınlaşdıqda bəzi sərnişinlər yaralanıb.