B. Borisov: "Qanunsuz miqrant mövzusunda Türkiyə də daxil olmaqla, heç bir ölkə tək qalmamalıdır"

Bolqarıstanın baş naziri Boyko Borisovla Avropa Komissiyasının prezidenti Ursula von der Leyen arasında telefon danışığı olub.

1370067
B. Borisov: "Qanunsuz miqrant mövzusunda Türkiyə də daxil olmaqla, heç bir ölkə tək qalmamalıdır"

Bolqarıstanın baş naziri Boyko Borisovla Avropa Komissiyasının prezidenti Ursula von der Leyen arasında telefon danışığı olub.

Onlar Suriyadakı vəziyyət və qanunsuz miqrasiya böhranını müzakirə ediblər.

Telefon danışığı zamanı Borisov “Belə bir vəziyyətdə Türkiyə də daxil olmaqla, heç bir ölkə tək qalmamalıdır. Tezliklə Türkiyəyə yardım edilməlidir” deyə bildirib.

Baş Nazirliyin Mətbuat Xidmətinin məlumatına görə, hər iki tərəf Yunanıstana miqrant axını ilə əlaqədar narahatlıqlarını ifadə ediblər.

Borisov Von der Leyenə hazırda Bolqarıstanda miqrant axını müşahidə edilmədiyini, Bolqarıstan-Türkiyə sərhədində vəziyyətin sakit olduğunu deyib.

Məlumata görə, Borisov bu gün paytaxt Ankaraya səfər edərək Prezident Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyət və miqrasiya məsələlərini müzakirə edəcək.

Növbəti həftə Bolqarıstan-Türkiyə-Yunanıstan-Avropa İttifaqı formatında keçiriləcək toplantıya ev sahibliyi etməyi planlaşdıran Borisov “Birgə səylər və diplomatiya yolu ilə miqrasiya problemini uzun müddətə həll edə biləcəyini” deyib. Ursula von der Leyen isə Avropa Komissiyasının Bolqarıstan və Yunanıstanı dəstəklədiyini, sərhədboyu ərazilərin təhlükəsizliyini təmin etmək məqsədilə "Frontex"dən də xüsusi heyətin cəlb olunacağını qeyd edib.

Bu arada, Bolqarıstanın təhlükəsizlik məsələləri üzrə baş nazirinin müavini və müdafiə naziri Krasimir Karakaçanov, Bolqarıstanın Türkiyə və Yunanıstanla sərhədlərini helikopterdən nəzarətdə saxladığını, panikaya ehtiyac olmadığını bildirib.

Karakaçanov Bolqarıstan-Türkiyə sərhədinə polislərin cəlb edildiyini, vəziyyətin nəzarət altında olduğunu, baş verə biləcək miqrant axını zamanı əlavə min hərbi heyətin və 140 hərbi avtomobilin göndəriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr