İraq hökuməti istefa verərsə...

İraqın baş naziri Adil Əbdülmehdi sürətli və dəyişə bilən bir alternativ olmadan hökumətin buraxılmasının qeyri-mümkün olduğunu bildirib.

1300902
İraq hökuməti istefa verərsə...

  İraqın baş naziri Adil Əbdülmehdi sürətli və dəyişə bilən bir alternativ olmadan hökumətin buraxılmasının qeyri-mümkün olduğunu bildirib.

  Adil Əbdülmehdi nümayişçilərin bütün tələblərinin qanuni olduğu, ancaq hökumət istefa verəcəyi təqdirdə problemlərin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.

  Paytaxt Bağdadda keçirilən Nazirlər Kabinetinin yığıncağından sonra təşkil edilən mətbuat konfransında baş nazir 1 oktyabrdan bəri davam edən hökumət əleyhinə nümayişlərə münasibət bildirərək deyib: “Bağdad başda olmaqla ölkənin mərkəzi və cənub bölgələrində nümayişlər keçirən aksiyaçıların “hökumətin buraxılması” tələbi qanuna uyğundur, ancaq sürətli və dəyişə bilən bir alternativ olmadan hökumətin istefaya çıxması qeyri-mümkündür. Hökumət istefa verərsə, ölkədə daha böyük təhlükələr olacaq, problemlər daha da dərinləşəcək və nizamsız bir boşluq yaranacaq. Müvəqqəti hökumətin səlahiyyətlərinin məhdud olması büdcənin təsdiq olunması və müəyyən islahatların həyata keçirilməsinə mane olur.

  Siyasi partiyalar alternativ şəxs barədə razılıq əldə edərsə, vəzifəmizdən dərhal istefaya çıxmağa hazırıq.”

  Qeyd edək ki, oktyabrın 1-dən paytaxt Bağdad və ölkənin mərkəzi və cənub bölgələrində nümayişlər başlayıb. Yaşayış şəraitinin pisləşməsi, işsizliyin artması, habelə hökumətdəki korrupsiyaya etiraz edən xalq hökumət əleyhinə şüarlar səsləndirərək istefa tələb edirlər.

  BMT-nin yaydığı məlumata görə, İraqda oktyabrın 1-dən davam edən nümayişlərdə 254 etirazçı həyatını itirib, minlərlə adam isə yaralanıb.



Әlaqәli Xәbәrlәr