9 May Qələbə günü keçmiş SSRİ ölkələrində təntənəli şəkildə qeyd olundu

Sovet İttifaqının İkinci Dünya Müharibəsində (1941-1945) faşist Almaniyasını məğlub etməsinin 73-ci ildönümü Rusiya, Qırğızıstan, Qazaxıstan, Gürcüstan və başqa keçmiş SSRİ ölkələrində təntənəli mərasimlərlə qeyd olunub.

967476
9 May Qələbə günü keçmiş SSRİ ölkələrində təntənəli şəkildə qeyd olundu
kirgizistan zafer gunu.jpg
gurcistan zafer gunu.jpg
kazakistan zafer gunu1.jpg
kazakistan zafer gunu.jpg
rusya zafer gunu1.jpg

    Rusiyanın paytaxtı Moskvadakı Qızıl Meydanda 9 May Qələbə Bayramı üçün hərbi parad keçirilib.

  Ölkə başçısı Vladimir Putin 13 min əsgərin iştirakı, 159 hərbi zirehli maşın və avadanlıq, 75 döyüş təyyarəsinin nümayiş olunduğu qələbə mərasimini qonaqları - Serbiya prezidenti Aleksandr Vucic və İsrail baş naziri Binyamin Netanyahu ilə birgə izləyib.

  Rusiya ordusuna aid yeni zirehli texnika və silahların nümayiş olunduğu mərasimdə Putinin seçki öncəsi söylədiyi "Kinjal” (xəncər) raket sistemi və MİG-31k döyüş təyyarələri də ilk dəfə nümayiş etdirilib.

  Paradda S-400 hava müdafiə raket sistemləri, “Terminator” zirehli döyüş silahı, 5-ci nəsil döyüş təyyarəsi Su-57, robot mina məhvedici vasitəçi Uran-6, silahlı zirehli maşın Uran-9, "Korsar" pilotsuz uçan aparat və "Katran" pilotsuz vertolyotu da ilk dəfə yer alıb.

  Qırğızıstanın paytaxtı Bişkekdəki mərasim isə faşist Almaniyasına qarşı Sovet cəbhəsində 1941-1945-ci illərdə həyatını itirən qırğız əsgərlərinin fotoşəkillərinin aparıldığı "Ölümsüz Alay" yürüşü ilə başlayıb. Ölkə başçısı Sooronbay Ceenbekov İkinci Dünya Müharibəsində iki oğlu ilə cəbhəyə göndərilən babası Ceenbek Pirnazarovun şəkli ilə paradın başında gedib və bununla Qırğızıstanın “Ölümsüz Alay” yürüşünə qatılan ilk prezidenti olub.

  Paradda çıxış edən S.Ceenbekov 9 Mayla bağlı bu sözləri deyib: “9 May 1945-ci il tarixi xalqın ruhunun qələbəsidir. Ata-babalarımız 73 il əvvəl bəşəriyyəti faşizmdən qoruyaraq qələbə əldə edib. Sovet xalqının birliyi qələbənin həlledici faktoru idi. Qırğızıstandan cəbhəyə yollanan 365 min nəfərdən 152 mini geri qayıtmayıb. Vətən uğrunda canını verən qəhrəmanlarımıza və qazilərimizə minnətdarıq".

  Qələbə günü Qazaxıstanın Astana və Almatı şəhərlərində də qeyd olunub. Astanadakı mərasimdə baş nazir Bakıtcan Sagintayev, parlament sədri Kasım-Jomart Tokayev və digər rəsmi şəxslər iştirak edib.

  Prezident Nursultan Nazarbayev isə Almatıda mərasimdə iştirak və çıxış edib.

  Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyasını məğlub etməsinin 73-ci ildönümü Gürcüstanda da prezident Giorgi Margvelaşvili, baş nazir Giorgi Kvirikaşvili və parlament sədri İrakli Kobakhidzenin iştirak etdiyi mərasimlə qeyd olunub. Qələbə tədbirlərində İkinci Dünya Müharibəsi veteranları, qohumları, çox sayda vətəndaş və qonaqlar iştirak edib.



Әlaqәli Xәbәrlәr