Astanada keçirilən Suriya danışıqlarının ilk günündə tərəflər tələblərini irəli sürdülər

Toplantıda Suriya silahlı müxalifətinin heyəti, Əsəd rejimi, Türkiyə, Rusiya, İran, Amerika Birləşmiş Ştatları və Birləşmiş Millətlər Təşkilatının heyətləri iştirak edirlər.

Astanada keçirilən Suriya danışıqlarının ilk günündə tərəflər tələblərini irəli sürdülər

Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya danışıqlarının ilk günündə dekabrın 30-da elan edilən atəşkəsin müdafiə edilməsi məqsədilə qarşılıqlı gözləntilər tərəflərə çatdırıldı.
 
 Toplantıda Suriya silahlı müxalifətinin heyəti, Əsəd rejimi, Türkiyə, Rusiya, İran, Amerika Birləşmiş Ştatları və Birləşmiş Millətlər Təşkilatının heyətləri iştirak edirlər.
 
 İlk iclas müxaliflər və digər tərəflərin üz-üzə iştirakı ilə baş tutdu.
 
 Fasilədən sonra tərəflər arasındakı danışıqlar  davam etdi.
 
 İlk olaraq Türkiyə, Rusiya və BMT-nin təşkil etdiyi müştərək nümayəndə heyətlərinin görüşü keçirildi.
 
 Müxaliflər Rejim və dəstəkçisi xarici terrorçu qruplar tərəfindən atəşkəsin pozulması hallarının dayandırılması, mühasirə altındakı bölgələrə humanitar yardımın çatdırılması, İran hərbçilərinin və Tehranın dəstəklədiyi silahlı qrupların ölkəni tərk etməsi və qadın siyasi məhkumların sərbəst buraxılması ilə əlaqədar tələblərini yazılı olaraq bildirdilər.
 
 Rusiya və BMT rəsmiləri müxaliflərin gözləntilərini Əsəd rejiminin nümayəndə heyətinə çatdırdılar.
 
 Rejim nümayəndə heyəti də tələblərini yenə Rusiya və BMT rəsmiləri vasitəsilə müxaliflərə təqdim etdi.
  
 Rejimin BMT nümayəndəsi Bəşər Əl-Cəfəri  Əsəd rəhbərliyinin atəşkəsə dair ilk mövqeyini ortaya qoydu.
 
 Əl-Cəfəri gözləntilərinin münaqişələrin müəyyən bir müddət üçün dayandırılmasından, bu müddət ərzində də atəşkəsə imza atan qrupların terror təşkilatlarından ayırd edilməsindən ibarət olduğunu qeyd etdi.
 
 Müxalifətin sözçüsü Yəhya Əl-Aridi ilk günün sonunda verdiyi açıqlamada müxalifətin Türkiyə-Rusya-BMT birgə nümayəndə heyəti ilə görüşünün səmərəli keçdiyini bildirdi.
 
Müxaliflər atəşkəsin həyata keçirilməsinin daha açıq və müşahidə oluna biləcək bir mexanizmə əsaslanmasını tələb edirlər.
 
 Toplantının başladığı saatlarda Əsəd rejimi qüvvələri və dəstəkçilərinin Dəməşq, Dera, Hama, Hələb və Lazkiyedə müxaliflərin nəzarətindəki bölgələrə quru və hava hücumları davam edirdi.
 
 Astana görüşü Suriyada 6 illik vətəndaş müharibəsində hərbi müxalifət, rejim, İran və Rusiyanın ilk dəfə beynəlxalq bir toplantıda bir araya gəlməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 
 Qeyd edək ki, daha əvvəlki beynəlxalq danışıqlarda yalnız siyasi müxalifət iştirak etdiyi halda, Astana danışıqlarına Suriya silahlı müxalifəti də qatılıb.



Әlaqәli Xәbәrlәr