İran siyasətini 38 ildir dəyişməz saxlayan Rəfsəncani vəfat etdi

İran İslam İnqilabından - 1979-cu ildən hakimiyyət başına gələn, sabiq Məclis sədri, prezident, son illər İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat etdi.

646854
İran siyasətini 38 ildir dəyişməz saxlayan Rəfsəncani vəfat etdi

  Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi. Oğlu Məhəmməd Haşimi atasının xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləmiş, amma vəziyyətinin normal olduğunu demişdi.

  İran mətbuatına istinadən məlumata görə, Ə.Ə.Haşimi Rəfsəncani infarktdan dünyasını dəyişib.

  Qeyd edək ki, İranın Kirman şəhərinin Rafsancan qəsəbəsində doğulan Əli Əkbər Haşimi kasıb fıstıq təsərrüfatçısı ailənin oğlu idi. 1948-ci ildə dini təhsilini davam etdirmək üçün şiələrin müqəddəs şəhəri Quma getdi. 1958-ci ildə Ruhullah Xomeyninin müridi oldu.

  Xomeyni kimi o da Şah Məhəmməd Rza Pəhləvinin modernləşmə proqramına qarşı çıxdı. Xomeyni 1964-cü ildə sürgünə göndərildiyi zaman İranda ona yardım işini boynuna götürdü. 1975-1978-ci illər arasında solçu terrorçularla əlaqəsi olduğu irəli sürülərək mühakimə olundu və həbs cəzasına məhkum edildi.
  Şah devrildikdən sonra - 1979-cu ildə Xomeyni İrana qayıdanda onun əsas köməkçisi oldu. İslam Respublikası Partiyasının qurulmasında əhəmiyyətli rol oynadı. İnqilab Şurasında vəzifə aldı. İnqilabın ilk illərində Daxili İşlər Nazirliyini boynuna götürdü. 1980-ci ildə Məclisə seçildi və 9 il sədr oldu.

  Rəvsəncani zamanla İranın ikinci güclü adamı mövqeyinə gəldi. İran-İraq müharibəsi (1980-1988) zamanı təsirli rol oynadı: döyüşü sona çatdıran atəşkəsi qəbul etməsi üçün Xomeynini razı saldı.

  1989-cu ilin iyununda - Xomeyninin ölümündən sonra iyulda səs çoxluğu ilə İran İslam Respublikasının prezidenti seçildi. İcra orqanlarının səlahiyyətlərini artıraraq gücləndirdi. Praqmatik siyasət izlədi. İranın beynəlxalq əlaqələrdə yalnızlığa itələnilməsinin qarşısını almağa çalışdı. Döyüşdən çıxan ölkə iqtisadiyyatını canlandırmaq üçün xarici sərmayədən faydalanmaq strategiyasına uyğun olaraq Avropa əlaqələrini yenilətməyə çalışdı. 1993-cü ildə yenidən prezident seçildi.

  2005-ci ildəki prezident seçkilərində isə ilk turda çox səs toplamasına baxmayaraq, ikinci turda rəqibi Mahmud Əhmədinejad qalib gəldi. O tarixdən etibarən Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası Məsləhət Şurasının sədri idi.  



Әlaqәli Xәbәrlәr