Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq

8 May. Bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi.

1636320
Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq
Şuşa_Azerbaycan.jpg
Aliyev-Şuşa-6.jpg
Aliyev-Şuşa-1.jpg
Şuşa-yol
Şuşa-kutlama-19.jpg

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.

8 May. Bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Lakin Azərbaycan insanının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi. 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri Azərbaycan xalqının bütün acılarını dindirdi. Artıq mayın 8-i də öz bədbinliyini itirib. Azərbaycan Xalqı daha Şuşanın işğal gününü xüsusi həssaslıqla da qeyd eməyəcək. 

Xatırladaq ki, Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.

Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Qeyd edək ki, Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.

Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. Belə ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Bununla da Azərbaycanın, xüsusən də Qarabağın baş tacı olan Şuşa şəhəri illərin əsarətdən, ağır işgəncələrlə müşayiət olunan məhbusluq həyatından xilas edildi. Azadlığının ilk günündən etibarən, şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparıldı və bərpa işlərinə başlanıldı. Hazırda Şuşanın əvvəlki görkəmini özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər aparılır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Çünki tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daimi inkişafına şərait yaradacaqdır.

Bütün bunları gözə alan Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Bunun üçün ortada yüksək potensial və möhkəm iradə mövcuddur.

Bütün bunlarla yanaşı, Azərbaycan xalqı heç bir zaman öz dədə-baba yurdlarının işğal tarixlərini də unutmayacaq. 



Әlaqәli Xәbәrlәr