Ərdoğanın Azərbaycan səfərinin əhəmiyyəti

"Avrasiya gündəmi"nin bugünkü buraxılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərindən danışırıq

1663510
Ərdoğanın Azərbaycan səfərinin əhəmiyyəti

 

  15-16 iyun tarixlərində Türkiyə prezidentinin Azərbaycana səfəri reallaşdı. Rəcəb Tayyib Ərdoğanın bu gedişi Ermənistanın işğalından qurtarılan Azərbaycan bölgələrini ziyarət edən ilk qardaş ölkə başçısı olması baxımından böyük əhəmiyyət kəsb edir.   

  Türkiyə prezidenti 2021-ci ilin 15 iyun tarixində Şuşada Azərbaycan prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılandı. İki lider qarşılamadan sonra təkbətək görüşə keçdi. Daha sonra R.T.Ərdoğan və İ.Əliyev Şuşa Bəyannaməsini imzaladılar.

  İmza mərasimindən sonra iki ölkə başçısı ortaq mətbuat konfransında çıxış etdilər. Ərdoğan Şuşada Türkiyə Baş Konsulluğunun açılacağını söylədi və "Türkiyə olaraq yenidən bərpa və inşaat işlərində qardaşlarımıza hər cür dəstək veririk" dedi.

  Bəli, Türkiyə və Azərbaycan Qarabağı birlikdə tikəcəklər, baxmayaraq ki, Qarabağın yenidən inşasında İran və Rusiya da maraqlıdır.

  Ərdoğan daha sonra Türkiyə-Rusiya müşahidə məntəsəqində vəzifələrini yerinə yetirən Türkiyə hərbçiləri ilə görüşdü, ondan sonra paytaxt Bakıya keçdi.

  16 iyun tarixində Türkiyə prezidenti Azərbaycan parlamentində çıxış etdi. Ərdoğan çıxışında Qafqazda sülh və əmin-amanlıq üçün Türkiyə və Azərbaycanın bölgədə hərtərəfli əməkdaşlığa hazır olduqlarını vurğuladı.

  Azərbaycan səfərindən sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan Şuşa Bəyannaməsinin hərbi əsas üzərində qurulduğunu, bundan irəli gələn məsələlərin əlaqədar tərəflər arasında müzakirə ediləcəyini, Rusiya tərəfinin isə bu müddəti izləyəcəyini bildirdi.

  Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsində əsas "Azərbaycan və Türkiyədən hər hansı birinin müstəqilliyinə və ya torpaq bütövlüyünə üçüncü dövlət tərəfindən təhdid və hücum olarsa, tərəflər bir-birinə lazımlı kömək edəcək" maddəsidir. Bu, Cənubi Qafqazdakı tarazlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır.

  Şuşa Bəyannaməsi Türkiyənin Qafqazda baş rollardan birini oynadığını təsdiq edən xüsusi sənəddir.

  Rusiya Xarici İşlər Nazirliyinə bağlı Moskva Dövlət Diplomatiya İnstitutunun mütəxəssisi Sergey Markedonov “Sputnik” informasiya agentliyinə verdiyi şərhdə bildirib: “Türkiyə Rusiyanın arxa bağçası sayılan Qafqazda müharibənin istiqamətini təyin etdi. Həm də Türkiyə bu addımlarını NATO üzvü deyil, Avrasiyanın böyük gücü olaraq atdı. Şuşa Müqaviləsi ilə Türkiyə və Azərbaycan əlaqələri sözdə deyil, praktikada ən üst səviyyəyə yüksəldi. Mövcud vəziyyət obyektiv şəkildə ortadadır”.

  Beləliklə, görünən odur ki, Türkiyənin Cənubi Qafqazdakı varlığı rəsmi Ankaranın Türküstanla əlaqələrinə müsbət təsir göstərəcək. Zəngəzur dəhlizi açılsa, Türkiyə Şərq-Qərb nəqliyyatında ən qısa yol olmaq haqqını əlində tutmaqla qalmayıb, eyni zamanda bölgə rifahının artmasına da yardım olacaq. Rusiyanın Qarabağ müharibəsində vasitəçi olması və Azərbaycan-Ermənistan girov mübadiləsində Gürcüstanın rol alması regional əməkdaşlığın əhəmiyyətini göstərir.

  Və nəticədə Ərdoğan və Əliyevin təklif etdiyi Altılı Platforma Qafqazın gələcəyi üçün böyük bir imkandır.



Әlaqәli Xәbәrlәr