Anadolunun ilk və ən böyük dini abidəsi

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə qədim paytaxtlar şəhəri İstanbulda qərar tutan, Anadolunun ən böyük, dünyanınsa ikinci böyük dini abidəsi Ayasofyadan danışırıq

1900568
Anadolunun ilk və ən böyük dini abidəsi

Ayasofya haqqında

 

  İlk dəfə getdiyiniz bir yerdə nələri görmək istərdiniz? Açıq sahələr və meydanları sevirsiz, yoxsa muzeylər və ya tarixi abidələri? Təbii ki, cavablar sizin şəxsi maraqlarınıza bağlıdır. Ancaq turizm turları zamanı gəzilən yerlərin başında dini abidələr gəlir.    

  Əksəriyyəti olduğu məkana inteqrasiya olunan, bəzən də şəhərin qarşısına çıxan dini tikililər memarlığı və interyer dizaynı ilə insanı özünə cəlb edir. Müxtəlif dinlərə mənsub və ya heç bir dinə inanmayanların belə məscidləri ziyarət etməsinin səbəblərindən biri bu dini abidələrin möhtəşəmliyidir. Məhz bu cəlbedicilik və bənzərsizlik fikri ilə tikilir məbədlər, kilsələr, məscidlər və hər gün də ziyarətçilərilə dolu olur.

  Mesopotamiyanın səmaya çatmağa çalışan yeddi mərtəbəli ziqquratları, nəhəng heykəlləri ilə seçilən Misir piramidaları, qədim yunan məbədləri və bütpərəst məkanları. İnsan zəkasının əzəməti ilə heyran edən, kainatdakı yerimizi şübhə altına alan tikililər.

  Allahın böyüklüyü, kilsənin toxunulmazlığı və insanın Yaradan qarşısında çarəsizliyini vurğulamaq üçün orta əsr Avropa şəhərlərində çox böyük kafedrallar və qotik memarlıq nümunələri tikilib. Onlardan əsrlər əvvəl isə Anadolu torpaqlarında dünyanın gözünün dikildiyi möhtəşəm bir memarlıq əsəri ucaldılır: Ayasofya.

  TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə qədim paytaxtlar şəhəri İstanbulda qərar tutan, Anadolunun ən böyük, dünyanınsa ikinci böyük dini abidəsi olan Ayasofyadan danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.

  Ayasofya dünyada ən çox ziyarət edilən dəyərli mədəni abidələrdən biridir. Tarixin hər dövründə siyasi, dini və ictimai hadisələrin mərkəzində olmuş İstanbulun ortasında inşa edilib.

  Möhtəşəm Ayasofya abidəsi 900 ildən artıq kilsə, 500 ilə yaxın məscid, 86 il isə muzey kimi qapılarını gələnlərin üzünə açıb. 2020-ci ildə muzey yenidən məscidə çevrilib.

  Ayasofya Şərqi Romada Bizans imperatorluğu dövründə tikilən ən böyük kilsədir. O tikildiyi zaman piramidalardan sonra ən böyük bina sayılırdı və min il bu xüsusiyyətini qoruyub saxladı. Eyni yerdə düz 3 dəfə tikilən abidə “böyük kilsə” mənasını verən “Megale ekklesia”, yenidən qurulduqdan sonra isə "Müqəddəs hikmət" anlamını verən Ayasofya adlanıb.

  Ayasofya o qədər möhtəşəm və gözəldir ki, dövrün ən böyük şairlərindən olan Pavlos onun mədhinə min misradan ibarət epik poema yazıb. Burada Ayasofyanın memarlığı, tikintisində istifadə olunan materiallar və bütün ayrıntılar təsvir edilib. Pavlosun 6-cı əsrdə yazdığı bu əsər dili olmayan bir daş tikilinin – Ayasofyanın illər sonra istinad mənbəyinə çevrilib.

  Ayasofyaya “Dünyanın ikinci böyük abidəsi” adını qazandıran onun unikal ölçülü günbəzidir. Hündür və enli qübbə həm xaricdən möhtəşəm effekt, həm də içəridə qeyri-adi ölçülü bir həcm yaradır. Kvadrat plan üzərində yerləşdirilmiş tək və nəhəng günbəz Bizans imperatorluğunun qüdrətini və əzəmətini təmsil edib.

  Tikildiyi dövrdə Ayasofya dünyanın səkkizinci möcüzəsi də adlanıb. Onun üçün materiallar Bizans imperiyasının hökm sürdüyü torpaqlardan gətirilib. Anadolu və Suriyadakı antik şəhər xarabalıqlarından parçalar da istifadə olunub burada. Ən diqqət çəkəni Efesdəki Artemida məbədinin sütunlarıdır. Ayasofyada istifadə edilən ağ, yaşıl, çəhrayı və sarı mərmərlər Bizans imperiyasının Mərmərə adasından, Yunanıstan və Suriyadan gəlib. Onun içəri divarları və döşəmələri başdan ayağa mərmərlə örtülüb. Burada istifadə edilən mərmərlərin hamısı bölünərək böyük hissələrə ayrılıb və simmetrik şəkildə düzülüb.

  Ayasofyanın necə ucaldılması ilə bağlı dildən dilə rəvayətlər gəzib. O qədər mükəmməl və valehedici plan əsasında tikilib ki, onun insanlar deyil, Tanrının göndərdiyi naməlum aləmdən olan biri tərəfindən çəkildiyinə inanılıb. Amma bu, sadəcə belə bir layihənin yaranması qarşısında insan beyninin qeyri-adiliyini ifadə etmək üçün dildən dilə yayılan bir mifdir. Amma tarixdə Ayasofyanın memarlarının adları bəllidir.

  Məşhur türk səyyahı Övliya Çələbi öz “Səyahətnamə”sində Ayasofya haqqında yazıb: "Yeddi iqlimdən cürbəcür, buqələmun kimi rəngbərəng böyük mərmərlər gəmilərlə daşınıb, Fərhad kimi usta sənətkarlar tərəfindən cilalanaraq düzəldilib. O qədər böyük himmət göstəriblər ki, məscidin yarısını 7 ilə tamamlayıblar.”

  Bütpərəstliyin, xristianlığın və İslamın izlərini daşıyan, müxtəlif mədəniyyətlərə və fərqli inanclara şahidlik edən, buna görə həm quruluşuna, həm simvolikasına görə dünyanın görkəmli abidələrindən birinə çevrilən Ayasofya tikildiyi gündən diqqət mərkəzində olub. İstər bədii, istər memarlıq, istərsə də dini baxımdan belə dəyərli və mühüm tikililərə dünyada nadir hallarda rast gəlmək mümkündür.

  Ayasofya 9 yüz ildən artıqdır ki, Bizans imperiyasından qalan ən böyük dini abidə statusunu qoruyur. Burada bütün imperatorların tacqoyma mərasimi keçirilib.

  1453-cü ildə Sultan Mehmet Fatehin İstanbulu fəth etməsi ilə Ayasofya fərqli bir kimlik qazanıb. Xristian dünyası üçün böyük məna kəsb edən tikili Fatehin istəyilə məscidə çevrilib, minarə, minbər, mehrab kimi İslam elementləri ilə zənginləşib.

  Sultan Süleyman Qanuninin dövründə Macarıstandakı kilsədən gətirilən iri neft lampaları mehrabın hər iki tərəfinə qoyulub. Sultan Muradın zamanında tikilən və üzərində xütbə oxunan minbərdə 16-cı əsr mərmər sənətinin ən gözəl nümunələri işlənib, mehrab qızılı zərlərlə bəzədilib və kifayət qədər təmtəraqlıdır. III Murad antik Berqama şəhərindən çıxarılan iki mərmər küpü əsas salona qoydurub. Ellinizm dövrünə aid olan bu nəhəng qablar təxminən 1250 litr maye tutur. Bu küplərdən şənliklərdə şərbət paylamaq üçün, digər vaxtlarda isə su bidonu kimi istifadə olunub. I Mahmud məscidin bağçasına kitabxana, mədrəsə və sədəqə qabı əlavə etdirib və Ayasofyanı bir kompleksə çevirib.

  Sultan Əbdülməcidin vaxtında Ayasofyada Osmanlı dövrünün ən mühüm bərpası həyata keçirilib. İtaliya əsilli Fossati qardaşları binanın həm günbəz, qübbə və sütunlarını, həm də daxili və xarici bəzəklərini əsaslı şəkildə bərpa ediblər, üstəlik divarlardan tökülən mozaikaların birindən Sultan Əbdülməcitin möhürünü (tuğra) düzəldiblər. Bu, bir Osmanlı sultanının mozaika parçaları ilə düzəldilmiş yeganə tuğrasıdır.

  Bərpa işləri zamanı əsas məkanın divarlarına asılmaq üçün 8 dairəvi lövhə hazırlanıb. 2 mərtəbəli evdən hündür olan plitələrin diametri 7,5 metrdir. “Elif” hərfinin boyu 5 metr 60 santimetrdir. Lövhələrin ölçüləri onların asıldıqları Ayasofyanın nəhəngliyindən xəbər verir. Bu lövhələr bu gün dünyanın ən böyük “məscid xəttatlığı dəstləri” kimi tanınır. Dövrün ən məşhur xəttatlarından olan Qazasker Mustafa İzzət Əfəndi bu mətnləri tünd yaşıl rəngə boyanmış kətan üzərində qızılı rənglə yazıb.

  1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Ayasofya bir daha kimliyini dəyişərək bu dəfə muzey olaraq istifadə edilib. Ayasofya İppodrom, Aya İrini, Kiçik Ayasofya məscidi və Topqapı Sarayını özündə birləşdirən “Arxeoloji park” şəklində UNESCO-nun Dünya Mirası Siyahısına daxil olunub. Bəşəriyyətin bu ortaq irsi 2021-ci ildə Ayasofyayi-Kəbir Məscidi-Şərifi adı ilə yenidən məscidə çevrilib.

  Bu torpaqların iki ən böyük imperiyasının mükəmməl monumental sənət, memarlıq və tarixi əsəridir Ayasofya. Memarlıq tarixində ilk dəfə istifadə edilən elementləri, mozaikaları və dünyanın ən böyük “məscid xəttatlıq dəstləri” ilə zamansız bir tikilidir. Nəhəng həcmə malik olan bu abidə insanları öz gözəlliyinin möhtəşəmliyi ilə qarşılayır.

 



Әlaqәli Xәbәrlәr