Erkən nikah və qohum evlilikləri nələrə səbəb olur?

Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə sözügedən mövzu ilə bağlı deyib ..

2155244
Erkən nikah və qohum evlilikləri nələrə səbəb olur?

 

  Çox təssüf ki, erkən nikah problemi və qohum evliliklər bu gün də cəmiyyətimizin aktual problemi olaraq müzakirə edilməkdədir. Xüsusilə də qız uşaqlarının erkən nikaha daxil olmağa məcbur edilməsi nəticə etibarilə onların cinsi istismara, fiziki və psixoloji zorakılığa məruz qalmasına və təhsildən uzaqlaşmasına səbəb olur. Eyni zamanda, tez-tez baş tutan qohum evliliklər sonrası dünyaya gələn uşaqların genetik xəstəliklərlə doğulması riski daha yüksək olur. Bu hallar da cəmiyyətdə sağlam ailələrin formalaşmasında mənfi nəticələr doğurur.

  Bu fikirləri Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı bildirib.

  Qeyd edib ki, beynəlxalq səviyyədə qəbul edilmiş bir çox sənədlərdə dövlətlər üzərinə nikaha hər iki tərəfin sərbəst və həqiqi razılığı ilə daxil olmasının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi tələb olunur: “BMT-nin Uşaq Hüquqlarının Qorunması Komitəsinin mövqeyinə əsasən, “Uşaq hüquqları haqqında Konvensiya” uşaqların nişanlanması və nikahına da tətbiq edilir və konvensiyanın 24-cü maddəsinin 3-cü bəndi üzv dövlətlər üzərinə uşaqların sağlamlığına xələl gətirə biləcək ənənələrin və adətlərin ləğv edilməsinə dair bütün tədbirləri həyata keçirmək öhdəliyi qoyur. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri sırasında 2030-cu ilə qədər hər kəsin cinsi və reproduktiv sağlamlıq hüquqlarının təmin edilməsi, o cümlədən bütün qarşısı alına bilən ölüm hallarına son qoymaqla yeni doğulmuş uşaq və ana ölümlərinin azaldılması, ailə planlanması, bu sahədə məlumatlandırma və təhsil üçün əlçatanlığın təmin edilməsi kimi hədəflər müəyyən edilib”.

  Pediator alim erkən yaşda hamiləlik və uşaq dünyaya gətirmənin qadınların sağlamlığı, o cümlədən reproduktiv sağlamlığı üçün yaratdığı acı nəticələrə də diqqət çəkib: “Erkən hamiləlik travma və vaxtından əvvəl doğuş riski kimi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə də ananın arzuolunmaz hamiləlik keçirməsi bir çox xəstəliklərə yol açır. Bu uşaqlar erkən yaşda hamiləlik dövründə qalıcı fiziki və psixoloji problemlərlə üzləşirlər. Belə vəziyyətdə doğan ana və uşaq ölümləri riskinin artdığı müşahidə edilməkdədir. Bir çox araşdırmada da ifadə edildiyi kimi, gənc yaşda evlənən qızların qeyd olunan sağlamlıq problemlərindən başqa, anemiya və az çəkili yeni doğulmuş körpələr, perinatal ölüm, depressiya və bununla bağlı intihar riskləri, həyəcan, qorxu, ümidsizlik və digər vəziyyətlərlə üzləşdikləri görülür. Hələ fiziki və mənəvi yetkinliyə çatmamış qızların öz uşaqlığını yaşamadan analığı qəbul etməsi acınacaqlı haldır. Çünki qızlar cinsi sağlamlıq haqqında kifayət qədər biliklərə malik deyillər və buna görə də hamiləlikdən qorunmaq yollarını bilmirlər. Odur ki, erkən yaşda evli qızların HİV infeksiyasına yoluxma ehtimalı daha yüksəkdir və bu uşaqlar doğum sonrası depressiyaya məruz qalırlar. 18 yaşından əvvəl evliliklər HİV infeksiyası baxımından riskli olmasını tədqiqatlar da təsdiq edir”.

  Təranə Tağızadə UNİCEF-in verdiyi açıqlamanı sitat gətirib: “2030-cu ilə qədər dünyada 150 milyondan çox qızın erkən yaşda (18 yaşına çatmamış) ərə veriləcəyi bildirilir. Baxmayaraq ki, dünyaya uşaq nikahlarının qarşısını almaq üçün fəaliyyət göstərən təşkilati strukturlar çoxdur, amma qeyd olunan mövzuda neqativ hallar cəmiyyətlərdə yaşanmaqdadır. Biz həkimlər də bu halların aradan qaldırılması istiqamətində maarifləndirmə işləri aparmaqla insanları bu məsələdə həssas olmağa çağırırıq. Valideynlər bilməlidirlər ki, övladlarının yaşadıqları bu problemlər ömür boyu davam edəcək dərin yaralar buraxaraq ciddi travmalara səbəb ola bilər. Bu səbəbdən “erkən nikah” ifadəsi təkcə qızların həyat yoldaşı ilə həyatlarını davam etdirmələrinin təmin edilməsi mənasına gəlmir. Bu, həm də onların ümidli gələcəyinin qarşısında qoyulan maneə kimi qəbul edilməlidir”.

  T.Tağızadə çıxışında qan qohumluğuna əsaslanan nikahlar nəticəsində doğulan uşaqların sağlamlıq problemlərinə də toxunub, onlar arasında xeyli sayda anadangəlmə qüsurların baş verdiyini deyib: “Bu cür evliliklər genetik quruluşu pozan patologiyalara səbəb olur və oxşar vəziyyətin təkrarlanması gələcək həyatı təhlükə altına alır. Qohum evliliyi daha çox anadangəlmə qüsur riskini artırır, eyni zamanda doğulan uşaqlarda otosomal resessiv xəstəliklər yaranır. Qohum nikahdan törənən xəstəliklər düşünüldüyündə təkcə fiziki qüsurlar deyil, həm də anadangəlmə olub ölümlə nəticələnən xəstəliklər görülməkdədir. Ən çox rast gəlinən xəstəliklərdən biri əqli geriliyə yol açan bir xəstəlik olan fenilketonuriyadır. Bu sıradan olan xəstəliklərə inkişaf pozğunluğu, zehni gerilik, kistik fibroz, o cümlədən göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və digərləri daxildir”.

  Həkim onu da vurğulayıb ki, Azərbaycandakı vəziyyəti dəyərləndirdiyimiz zaman qohum evliliklərinin xüsusilə kənd yaşayış məntəqələrində olduğu diqqəti çəkir.

 



Әlaqәli Xәbәrlәr