Ceyhun Bayramov 13-cü səfirlər konfransında çıxış edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən “2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası” mövzusunda 13-cü Səfirlər konfransında çıxış edib.

1865360
Ceyhun Bayramov 13-cü səfirlər konfransında çıxış edib

Avqustun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlut Çavuşoğlunun dəvəti əsasında Ankarada keçirilən “2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası” mövzusunda XIII Səfirlər konfransında çıxış edib.

Ceyhun Bayramov, hal-hazırda ən yüksək mərhələdə olan Azərbaycan-Türkiyə münasibətlərinin nümunə təşkil etdiyini vurğulayıb. Münasibətlərin strateji səviyyədən tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Azərbaycan xarici işlər nazirinin dünyanın 144 ölkəsində təmsil olunan diplomatik missiya rəhbərlərinin, Türkiyə səfirlərinin konfransında çıxışının əlaqələrin ən yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.

Ceyhun Bayramov Azərbaycan ərazilərinin 30 ilə yaxın dövrdə Ermənistan tərəfindən işğalı zamanı həyata keçirilmiş vandallıqlar barədə məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə mərhələsində bölgədə sülhün bərqərar olması, nəqliyyat-kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan, bərpa və quruculuq işlərindən bəhs edib. Ermənistanın Üçtərəfli Bəyanatlara zidd fəaliyyətləri və bölgədə son təxribatlar barədə iştirakçılar məlumatlandırılıb.

C.Bayramov Türkiyənin hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini müdafiə etməsini, xüsusilə də Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə bütün səviyyələrdə Azərbaycana verdiyi siyasi dəstəyinin Türkiyənin daim haqqın yanında olmasını xüsusilə qeyd edib. 

Beynəlxalq münasibətlər sistemində baş verən çağırışlar və transmilli təhdidlərdən, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsində yaşanan problemlərdən bəhs edən nazir, belə bir mühitdə əməkdaşlığın daha da gücləndirilməsinin, yeni beynəlxalq əməkdaşlıq mexanizmlərinin və platformaların tətbiq edilməsinin vacib olduğunu qeyd edib.

Böyük siyasi və iqtisadi potensiala malik olan Azərbaycan və Türkiyənin müttəfiqliyinin regionda sülhün və təhlükəsizliyin, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəldiyi diqqətə çatdırılıb. Bütün maneələrə baxmayaraq, 1990-cı illərdən dövlətlərimizin həyata keçirdiyi birgə irimiqyaslı regional layihələrdən bəhs edən nazir, hal-hazırda energetika, nəqliyyat-logistika sahələrində reallaşan işlərin və gələcək planların ikitərəfli səviyyədə, habelə geniş regional müstəvidə ticarət-iqtisadi əlaqələrin daha da genişlənməsinə böyük töhfə verdiyini bildirib.

Çıxışın sonunda qardaş ölkənin diplomatik təmsilçilərinə şərəfli və çətin fəaliyyətlərində uğurlar arzulanıb.



Әlaqәli Xәbәrlәr