Türkiyə və Azərbaycanın qida təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Sentyabrın 28-də Ankarada Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Milli Qida Referans Laboratoriyasında görüş keçirilib.

1711843
Türkiyə və Azərbaycanın qida təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.

Sentyabrın 28-də Ankarada Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Milli Qida Referans Laboratoriyasında görüş keçirilib.

Qida və Nəzarət Baş İdarəsinin müdiri Harun Seçkin ilə keçirilən görüşdə iki qardaş ölkə arasında qida təhlükəsizliyinin mühüm istiqamətləri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycanda 27 sentyabr - Anım Gününün qeyd olunduğunu xatırladan AQTA sədri Qoşqar Təhməzli vurğulayıb ki, böyük Zəfərin qazanılmasında Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstək hər bir azərbaycanlının qəlbində əbədi məhəbbət yaradıb. Azərbaycan da hər zaman Türkiyənin yanındadır.

Azərbaycan heyətini səmimiyyətlə salamlayan Harun Seçkin İkinci Qarabağ müharibəsində qazanılan qələbənin Türkiyədə böyük coşqu ilə qarşılandığını xatırladaraq bildirib ki, iki xalq arasındakı qardaşlıq münasibətləri nəsillərə nümunədir.

Sonra qida təhlükəsizliyi, dünya ərzaq bazarında təmsilçilik, kənd təsərrüfatının bütün sahələri, eləcə də sənaye quşçuluğu, heyvandarlıq məhsullarının istehsalı, qida ixrac-idxal prosesləri, keyfiyyətli ərzaq məhsullarının yetişdirilməsi, becərilməsi və s. barədə birgə fəaliyyətə dair təkliflər əsasında müzakirələr aparılıb.

AQTA sədri Qoşqar Təhməzli diqqətə çatdırıb ki, laboratoriya sahəsində əməkdaşlıq hər iki tərəf üçün strateji xarakter daşıyır.

Səfər çərçivəsində Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüş, əməkdaşlıq sənədlərinin imzalanması və birgə mətbuat konfransı nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr