Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.

1710714
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür
AZERBAYCAN 4.jpg
Azerbaycan-Anma günü

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

2020-ci ilin sentyabrın 27-də İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarından qovmağa, ərazilərini düşmən qüvvələrdən təmizləməyə başladı. Belə ki, hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin 6 kənd – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd işğalçı qüvvələrdən azad edildi.

Bundan sonra isə Azərbaycan Ordusu düşmənin müdafiə xəttini yarmağı bacardı, sürətli əks-hücum əməliyyatı həyata keçirməyə və əraziləri düşmən tapdağı altından azad etməyə başladı.

Azərbaycan Ordusu qanı və canı bahasına oktyabrın 3-də Tərtər rayonunun Madagiz qəsəbəsini düşməndən azad etdi. Daha sonra Prezident İlham Əliyev qəsəbənin tarixi Suqovuşan adını özünə qaytardı.

Müzəffər Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağını 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı.

2020-ci il 8 noyabrda isə Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən işğalından azad olundu və şəhərdə Azərbaycan Bayrağı qaldırıldı. Şuşanın azad edilməsi Vətən müharibəsində əldə olunan böyük qələbənin zirvəsidir. 

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan Baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Azərbaycan və Ermənistanın hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək, bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilib.

Bəyanatda qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Anım Günündə şəhidlərin Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkə xaricində anım mərasimləri olacaq.



Әlaqәli Xәbәrlәr