Şəhid jurnalistlərlə vida mərasimi
Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovla vida mərasimi keçirilib.

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovla vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə mərhumun jurnalist həmkarları, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasimdən sonra şəhid jurnalist Abşeron rayonunun Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarlarının yanında dəfn olunub.
Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışovla üçün vida də mərasimi keçirilib.
Sirac Abışovun yaşadığı evdə - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilən vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, media, ictimaiyyət nümayəndələri iştirak edib.
Kəlbəcər rayonunun Susuzluq kənd istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev də dəfn olunub.
Onun cənazəsi Göygöl rayonunda yerləşən Kəlbəcər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.