Azərbaycan XİN Fransa Senatının qərarı ilə bağlı bəyanat yayıb

Bəyanatda vurğulanıb ki, Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur.

1534564
Azərbaycan XİN Fransa Senatının qərarı ilə bağlı bəyanat yayıb

Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb. Azərbaycan Respublikasının Fransadakı səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər.

Bu barədə  Azərbaycanın  Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. Vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir.

Bəyanatda həmçinin qeyd olunub ki, Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı.

Azərbaycan Milli Məclisi Fransa Senatında Dağlıq Qarabağı tanınmasına dair qətnamə qəbul edilməsinə etiraz olaraq bəyanat qəbul edib.

Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayır, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakılarla bağlı çağırış edir:

1. Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin;

2. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın;

3. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün”. 

 



Әlaqәli Xәbәrlәr