İlham Əliyev: "Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb"

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olub.

1531852
İlham Əliyev: "Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb"

"Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

"Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir.

Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq", - Prezident əlavə edib.

Sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var.

Bunu isə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

Nazir bildirib: "Zaman dinamik hərəkət edir, sürətlə keçir. Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul ediləndən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir.

Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Aratyunyanla da görüşüb. 



Әlaqәli Xәbәrlәr