YTB-nin nümayəndə heyəti Gəncədə olub

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir.

1521613
YTB-nin nümayəndə heyəti Gəncədə olub
İbrahim Eren Gence.jpg

Azərbaycanda səfərdə olan Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin  rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 4-də Gəncəyə səfər edib.

Nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Nümayəndə heyətini Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər müşayiət ediblər.

Nümayəndə heyətinə məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alır. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 26 dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Son günlərdə törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin  rəhbəri Abdullah Eren Gəncədə günahsız mülki şəxslərin qətlə yetirildiyini dilə gətirib: “Uşaqlar ana və atasız qaldılar. Övladları ölən insanlar oldu. Qadınlar və yaşlılar vəfat etdilər" .
Ermənistanın raketlərlə vurduğu yerin tamamilə mülki yaşayış yeri olduğunu ifadə edən Eren "Azərbaycanı qorxutmaq üçün mülki vətəndaşlara bir hücumdur" deyə vurğulayıb.
Eren dünya ictimaiyyətinin bu hücumlara hər hansı reaksiyasının olmadığını xatırladaraq, "Dünyaya yenə "TRT World",  "TRT Ərəbcə", Anadolu Agentliyinin (AA) ingilis dilindəki yayımları anlatdı. Türkiyədəki xəbər kanalları yaydı. Təəssüf ki, dünya ictimaiyyəti Ermənistanın bu qətliamlarına səssiz qaldı, görüntüləri belə paylaşmadı. Bəzi media qurumları bunu xəbər kimi hazırlamadı. Amma eyni şey Ermənistanda olsaydı, yəqin ki, böyük xəbər hazırlayardılar. Dünyada bu məsələdə ikili standart, çox böyük haqsızlıq var. Bu haqsızlığın ortadan qalxması lazımdır. Biz Gəncəyə həm şəhidlərimizi yad etmək, həm də dəstək olmaq üçün gəlmişik. Türk xalqı, diasporu Azərbaycanın haqlı mübarizəsini yaxından izləyir. Azərbaycanın böyük qələbəsinin yaxın olduğunu düşünürük. Hər kəs Azərbaycan üçün dua edir. İnşallah bu müharibədə dost və qardaş Azərbaycan zəfər qazanacaq. Türkiyə də hər zaman Azərbaycanın yanında olmağa davam edəcək" ifadələrindən istifadə edib.



Әlaqәli Xәbәrlәr