Azərbaycan Prezidenti: “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur"

Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib.

1502066
Azərbaycan Prezidenti: “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur"

“Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”.

Bunu Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə deyib.  

Dövlət başçısı bildirib: "Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünki 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır".

Prezident İlham Əliyev “Ankaranın bu münaqişəyə hərbi nöqteyi-nəzərdən öz təyyarələri və sair ilə cəlb olunmasına dair Ermənistanın iddiaları yalan məlumatdır” deyib.

Dövlət başçısı bildirib ki, bunun sübutu yoxdur: “Mən bununla bağlı artıq bəyanatlar vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Parlamentin açılış sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Ermənistanın artıq mediada yer almayan feyk xəbərlərindən biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübut haradadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə kompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Mən təəccüblənirəm niyə Minsk qrupunun həmsədr ölkələri – Fransa, ABŞ, Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət bildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibət bildirir”.

Dövlət başçısı Ermənistanın Türkiyəni suriyalı müxalif döyüşçüləri Azərbaycana gətirməkdə ittiham etməsi ilə bağlı suala da cavab verib: “Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırpılıb”.



Әlaqәli Xәbәrlәr