Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən müxtəlif tədbirlər keçirilir

Dünyanın müxtəlif yerlərində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən müxtəlif tədbirlər keçirilir.

1365199
Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən müxtəlif tədbirlər keçirilir

Fevralın 22-də İstanbulda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Turan” Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib, Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar. Bildirilib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Türkiyənin İğdır şəhərində də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Almaniyanın Berlin şəhərində isə Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalıya həsr olunmuş əsərlərinin sərgisi təşkil edilib.

Sərgi Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlindəki Azərbaycan evində baş tutub. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, eləcə də Ümumavropa Qarabağ mitinqində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Berlinə gəlmiş yüzlərlə soydaş iştirak ediblər.

Azərbaycanın Qazaxıstandakı Səfirliyi tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultanda da beynəlxalq konfrans keçirilib. 

Azərbaycanın Qazaxıstandakı Səfirliyinin məlumatına görə, bəşər tarixinin ən dəhşətli 5 soyqırımının bir arada anıldığı tədbirdə bir daha belə cinayətlərin təkrarlanmaması üçün həmrəylik nümayiş etdirilib.

Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Avrasiya Milli Universitetinin dəstəyi ilə baş tutan tədbirdə səfir Rəşad Məmmədov bildirib ki, heç kim bu cür hadisələrin yenidən təkrarlanmasından sığortalanmayıb və konfransın da başlıca məqsədi insanlığın üz qarası olan soyqırımlarla cəmiyyəti tanış etməklə, yenidən bu cür cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaq və insanları sülhə çağırmaqdır.

Diplomat qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı, burada adları çəkilən digər genosid aktları kimi insanların qəlbində sağalmayan yara açıb. 

Digər iştirakçılar da Azərbaycanın soyqırımların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra tələbələrin Xocalı soyqırımına və Azərbaycan-Qazaxıstan münasibətlərinə dair sualları cavablandırılıb.

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Londonda da yürüş keçirilib.

Bir neçə saat davam edən yürüşdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.

Mitinq iştirakçıları Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, faciənin günahkarlarının cəzalandırılması, habelə bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndiriblər.



Әlaqәli Xәbәrlәr