"Bu cinayət sovet imperiyasının süqutunu daha da sürətləndirdi”, S.Şahtaxtı

Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, yazıçı, publisist və Azərtac informasiya agentliyinin Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı TRT/Azerbaycan saytı əməkdaşlarına eksklüziv müsahibə verdi.

1344216
"Bu cinayət sovet imperiyasının süqutunu daha da sürətləndirdi”, S.Şahtaxtı

 

  Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, yazıçı, publisist və Azərtac informasiya agentliyinin Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı TRT/Azerbaycan saytı əməkdaşlarına eksklüziv müsahibə verdi.

- Dövrün ictimai-siyasi mənzərəsini açıb tarixə nəzər salanda nələri görürük? 20 Yanvar hadisələrinin arxasında və önündə kimlər dururdu?  

- Azərbaycan xalqının tarixində qanlı səhifələr çoxdur. Bu səhifələr arasında 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə paytaxt Bakı və ölkənin digər bölgələrində sovet qoşunlarının törətdikləri qanlı hərbi cinayət özünəməxsusluğu ilə seçilir.

  Bu ağır və qanlı cinayət müasir dövrdə baş verib. Sovet qoşunları sovet vətəndaşlarına – öz insanlarına qarşı cinayət törədib. Bu hadisənin ssenarisinin hazırlanması, cinayətin törədilməsi və ona haqq qazandırılması heç bir siyasi məntiqə sığmayan, siyasi əxlaq və mənəviyyata uymayan, riyakarlıqdan yaranan siyasi qərarların nəticəsidir.

  Ən dəhşətlisi o idi ki, Bakıya daxil olan ordu birləşmələrinin tərkibindəki partizanlar - məqsədyönlü səfərbərliklə toplanmış, ehtiyatda olan yaşlı insanlardan ibarət əsgər briqadaları xüsusi ağırlıq mərkəzi ilə istehsal olunmuş güllələrdən istifadə etməklə əhaliyə qarşı amansızlıq etdilər.

  Bakının işğalında iştirak edən hərbi briqadaların əsas tərkibi Rusiyanın Krosnadar vilayətindən səfərbərliyə alınan erməni əsilli partizanlardan ibarət idi. Rəsmi Kreml isə Bakıya qoşun yeridilməsini müxtəlif məsələlərlə əsaslandırmağa və xüsusi qəddarlıqla törədilmiş qanlı hadisəyə haqq qazandırmağa çalışırdı.

  Çoxsaylı şahidlərin müsahibə və ifadələri, təkzibolunmaz faktlar, minlərlə fotoşəkillər, dəhşət saçan videomateriallar, jurnalist yazıları və sair sübutlar saxta kommunist ideologiyası və sovet ordusunun əməllərini ifşa edir.

- 20 Yanvar facisəi hansı ssenari üzrə və necə həyata keçirildi?

- İyirmi Yanvar faciəsinin törədilməsinin siyasi tərəflərinin təhlilinə keçməzdən əvvəl bu qanlı cinayətin xüsusi senari əsasında həyata keçirilməsinə dair bəzi məqamlara diqqət edək. Yanvarın 15-dən başlayaraq əhali arasında əsas müzakirə mövzusu Bakıya qoşun yeridilib-yeridilməyəcəyi ilə bağlı söhbətlər idi.  Sözsüz ki, hər kəs öz mülahizələri ilə danışırdı. Tiblis və Vilnusdakı qanlı cinayətlərdən sonra sovet ordusunun növbəti dəfə sovet damına qarşı cinayət törədəcəyinə inanmaq istəməyənlər də var idi. Lakin Bakıya qoşun yeridilidi və qan töküldü. Bakının işğalı üçün yazılmış senarinin baş tutması üçün zəruri tədbirlər həyata keçirildi:

* Bakıda ictimai asayişin qorunması istiqamətində zəruri tədbirlər görülməmişdir;

* teleradio şirkətinin enerji bloku partladılmış və əhali informasiya blokadasına alınmışdır;

* fövqəladə vəziyyətlə bağlı əhali əvvəlcədən məlumatlandırılmamışdır;

* yerli milis (polis) orqanlarının şəxsi heyəti tam şəkildə təksilah edilmişdir;

* xəstəxana və təcili tibbi yardım xidmətlərinə süni problemlər yaradılmışdır;

* təcili tibbi yardım maşınlarına atəş açılmışdır;

* bir sıra xəstəxanaların elektirik enerjisi kəsilmişdir.

  Beləliklə, Keçmiş SSRİ-nin sonuncu rəhbəri olan M.Qorbaçov və Kremlin digər sovet canişinləri Bakıya və Azərbaycanın digər bölgələrinə qoşun yeritməklə müəyyən  məkrli məqsədlər güdürdülər. Onlardan digər qismi də bunlar idi:

- Azərbaycanda fövqəladə vəziyyət elan etmək;

- xalqım mübarizə əzmini qırıb onu sarsıtmaq;

- ölkəni qanunsuz hərbi rejim altında saxlamaqla Azərbaycan əhalisinin erməni təcavüzündən özünümüdafiə tədbirləri həyat keçirməsinə mane olmaq:

- fövqəladə vəziyyət şəraitində  Ali Sovetə (parlamentə) seçkilər keçirməklə xəyanətkar oyuncaq parlament formalaşdırmaq;

- siyasi prosesləri siyasi qüvvələrin silahlanmasına yönəltməklə ölkədə anarxiya və xaosa rəvac vermək.

- 20 Yanvar hadisəsi, hər şeydən öncə, bütöv bir xalqa, günahsız və dinc insanlara qarşı törədilmiş hərbi cinayətdir. Lakin bununla belə, bu hadisə Azərbaycan xalqının milli-azadlıq mübarizəsi salnaməsinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir.

- Birmənalı olaraq qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu ərəfəsində ermənilər Azərbaycana qarşı növbəti ərazi iddiaları ilə çıxış etməsəydilər, sovet rəhbərliyi Dağlıq Qarabağ məsələsində ədalətsiz mövqe nümayiş etdirib erməniləri əsasız olaraq dəstəkləməsəydi, onda 20 Yanvar faciəsi baş verməyəcəkdi. Deməli, 20 Yanvar  faciəsi xalqın köləliyə, ədalətsizliyə, işğal təhlükəsinə qarşı etiraz aksiyasının nəticəsi idi.

  20 Yanvar faciəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəsində gəldikdə isə bu müqayisədə bir sıra tutarlı tarixi faktlar göstərmək mümkündür. Onlardan biri də 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Ermənistan tərəfinin bütün sərhəd boyu Azərbaycana qarşı hücuma keçməsi idi. Ermənilərin strateji işğalçılıq niyyətlərindən biri isə Naxçıvan Muxtar Respublikasını zəbt etməkdi. Rəsmi məlumata görə, 19 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək qəsəbəsi Ermənistanın Ararat rayonunun Yerarxs kəndi istiqamətindən toplardan atəşə tutulmuş, sonradan isə qəsəbəyə silahlı basqın edilmişdi. Nəticədə qəsəbədəki şərab zavodu, içərisi şərabla dolu 2 çən partladılmış, obyektlər yandırılmış, 5 yaşayış evi dağıdılmış, 6 nəfər azərbaycanlı qətlə yetirilmiş, 23 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı.

- Əslində 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə  sovet qoşunları əliyalın Azərbaycan xalqına təcavüz etdiyi bir vaxtda ermənilər bütün istiqamətlərdən hücuma keçməsində təəccüblü bir şey yoxdur.

- Bəli. Çünki təcavüzkar qonşularımız zaman-zaman öz məkrli niyyətlərini siyasi şəraitə uyğun olaraq gerçəkləşdirməyə çalışmış, əksər hallarda bəd niyyətlərinə nail olmuş və bu böyük özünəməxsus təcrübəni davam etdirməkdədirlər.

  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin ilk işartıları göründüyü bir vaxtda Azərbaycan Respublikasının Sumqayıt şəhərində törədilən təxribatı da sonda qeyd olunan fikrə misal göstərmək mümkündür. Sumqayıt hadisələri beynəlxalq aləmdə “məzlum erməni”, “zalım azərbaycanlı” obrazını yaratmağa xidmət edən təxribat idi. Daşnaklar Sumqayıtda erməni fondlarına yardım etməkdən imtina edən sıravi erməniləri qətlə yetirməklə bir tərəfdən bu qəbildən olan günahsız insanları cəzalandırdılar, digər tərəfdən isə Azərbaycan qarşı planlaşdırdıqları işğalılıq siyasətinin gerçəkləşməsi üçün növbəti bəd niyyətlərinə nail oldular.

  Çoxsaylı tarixi faktlar və siyasi mühakimələrlə əsaslandırmaq olar ki, çar Rusiyası və onun qırmızı boyanmış varisi olan bolşeviklər zaman-zaman Qafqazdakı, İrandakı və Osmanlı dövləti ərazilərində (indiki Türkiyə də daxil olmaqla) maraqlarını reallaşdırmaq, qorumaq və genişləndirmək üçün ermənilərdən məharətlə istifadə etmişlər ki, bədnam qonşularımızdan  yararlanmaq məsələsi sovetlərin süqutu ərəfəsində,  sonrakı məlum proseslərdə də mövcud olmuş və indi də davam etməkdədir. Qonşu Gücüstana qarşı da ermənilərdən ardıcıl olaraq istifadə edilmişdir. Təkcə son on ildə Cafaxetiya erməniləri bir necə dəfə Gürcüstanın ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatlar törətmişlər.

- Çar Rusiyasının işğalçılıq iddialarına, eləcə də İrana qarşı təcavüzkar niyyətlərinə gəldikdə isə I Pyotrun vəsiyyətindən bəhs etmək yetərlidir.

- Yeri gəlmişkən XIX əsrin əvvəllərində çar Rusiyası ordusunun indiki İran ərazisində və Türkiyənin şərqində törətdiyi vəhşiliklər, misli görünməmiş talançılıq və soyğunçuluq, kütləvi qarətlər və qətllər, dərəbəylik və özbaşınalıqlar I Pyotrun vəsiyyətlərindən qaynaqlanaraq bəhrələnən üsul-idarənin əməlləri sırasında olmuşdur. Adı çəkilən ordu hissələri bölgəni tərk etməyə məcbur olduqda daha böyük vəhşiliklər törətmiş, qoşun komandirləri böyük həcmdə silah və sursatı təmənnasız olaraq ermənilərə verilməsini təmin etmişdir. Bütün bu əməllər bölgədə sülhün və sabitliyin pozulmasına hesablanmış addımlar idi və sonrakı illərdə baş verən bütün qanlı proseslərin səbəbidir.

- 20 Yanvar faciəsi zaman baxımından bizdən uzaqlaşdıqca hadisənin səbəb və məqsədləri barədə yeni-yeni məqamlar üzə çıxır.

- Xüsusilə qeyd etmək lazımdır ki, SSRİ rəhbərliyinin Bakıya əsassız hüquqi zəmin olmadan qoşun yeritməsi dünya birliyi tərəfindən də sükutla qarşılandı. Halbuki Bakıdan əvvəl sovet qoşunlarının Vilnus və Tbilisidə qan tökməsi ABŞ və Qərb dövlətləri tərəfindən etirazla qarşılandı. Müasir Türkiyənin qarşılaşdığı terror kabusuna qarşı nümayiş olunan ikili standartlara bir nümunə də 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə beynəlxalq aləmin bu hadisəyə seyrçi münasibətidir.

- Əksinə, Moskvanın bütün təxribatçı ssenarilərinin həyata keçməsinə can-başla xidmət etdilər: 20 Yanvar faciəsini, hadisənin əsl mahiyyətini dünya birliyindən gizlətməyə çalışdılar. Bu barədə əsaslı fikir, ifadə  və mülahizələr hadisə baş verəndən bəri davamlı olaraq xarici mətbuatda da yazıldı.

  Ümummilli lider Heydər Əliyev ailə üzvləri, eləcə də hazırkı Prezident İlham Əliyevlə birlikdə 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi. Ulu Öndər cəsarətlə 20 Yanvar faciəsini törədən M.Qorbaçovu və onun Azərbaycandakı əlaltılarını kəskin ittiham etdi. Bakıya ağır hərbi texnika və peşəkar ordu yeridilməsini, insanlara divan tutulmasını, günahsız qanlar axıdılmasını bütün dünyaya bəyan etdi. 

Nəhayət, 1991-ci il dekabrın 8-də SSRİ adlı nəhəng  bir dövlət dünyanın siyasi xəritəsindən silindi. "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı həmin ilin son günlərində ümumxalq səsverməsinə çıxarıldı, xalq və hökumət tərəfindən qəbul edildi.

  Nəticə budur ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının sayseçmə övladlarını qətliama düçar etdi. Bir gecənin hərbi cinayəti uzun illər sülhsevərlikdən danışan saxta kommunizm ideyalarını heçə endirdi. Sovet imperiyasının süqutu prosesi sürətləndi. Qazanılan isə Azərbaycan xalqının  azadlığı, müstəqil dövləti və milyonların əbədi ziyarətgahına, and yerinə  çevrilmiş Şəhidlər Xiyabanı oldu.

 

P.S: Müsahibəni aldı Sevda Mirzə



Әlaqәli Xәbәrlәr