Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib

Türkiyənin Los-Ancelesdəki Baş Konsulluğunda Azərbaycan, Pakistan, Türkiyə dövlətləri və xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinə həsr olunmuş ikinci illik tədbir keçirilib.

1305827
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib

Türkiyənin Los-Ancelesdəki Baş Konsulluğunda Azərbaycan, Pakistan, Türkiyə dövlətləri və xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinə həsr olunmuş ikinci illik tədbir keçirilib.

Tədbir hər üç ölkənin Los- Ancelesdəki baş konsulluqlarının birgə təşkilatçılığı ilə keçirilib. 

Hazırda Los-Ancelesdə səfərdə olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyətinin, o cümlədən icmanın sədri Tural Gəncəliyevin də qatıldığı tədbirdə bu üç ölkənin baş konsulları, Kaliforniyadakı Azərbaycan, Türkiyə və Pakistan icmalarının rəhbərləri və üzvləri, tanınmış ictimai xadimlər, jurnalistlər iştirak ediblər.

Hər üç ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın baş konsulu Nəsimi Ağayev ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Pakistan və Türkiyənin xüsusilə Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycana göstərdikləri hərtərəfli dəstəyin ölkə hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Diplomat Pakistanın işğalçı Ermənistanı dövlət kimi tanımamasının, Türkiyənin Ermənistanla sərhədlərinin bağlı saxlanılmasının hər iki qardaş ölkənin Azərbaycan ilə həmrəyliyinin bariz göstəriciləri olduğunu qeyd edib.

Türkiyənin Los-Ancelesdəki baş konsulu Can Oğuz üç ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın vacibliyindən danışıb və hər üç icmanın öz güclərini birləşdirməsinin önəmini vurğulayıb.

Pakistanın Los-Ancelesdəki baş konsulu Abdul Cabbar Memon çıxış edərək üç ölkə arasında sıx münasibətlərin Los- Ancelesdəki baş konsulluqlar və buradakı icmalar arasındakı münasibətlərə çox önəmli təsir göstərdiyini bildirib. Bu kimi birgə tədbirlərin davamlı olacağına əminliyini ifadə edən baş konsul 2020-ci ildəki 3-cü illik tədbirə Pakistan Baş Konsulluğu olaraq ev sahibliyi edəcəklərini elan edib. Hər iki baş konsul Azərbaycan torpaqlarının işğalının davam etməsinin yolverilməz olduğunu bildirərək, təmsil etdikləri dövlətlərin Azərbaycanın haqq səsini daim dəstəklədiklərini vurğulayıblar.

Tədbirin əsas natiqi qismində çıxış edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, bu işğal nəticəsində yüz minlərlə azərbaycanlının didərgin salındığını və bu gün də məcburi köçkün kimi yaşadıqlarını diqqətə çatdırıb. T.Gəncəliyev bildirib ki, bu qədər insanın əsrlərboyu yaşadıqları öz ana yurdlarından məhrum edilmələri böyük bir hüquq pozuntusu, cinayət və ədalətsizlikdir. Bu, tezliklə aradan qaldırılmalı, işğala son qoyulmalı və azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar. T.Gəncəliyev Türkiyə və Pakistan icmalarına Azərbaycanın haqlı mövqeyinə Los-Ancelesdə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Tədbirdə, həmçinin Pakistan mənşəli yerli siyasətçilər, o cümlədən Örvayn Şəhər Şurasının üzvü Fərəh Xan və Los- Anceles şəhərinin insan haqları üzrə müvəkkili Amna Qazi çıxış ediblər.

Sonra Kaliforniya Azərbaycan Dostluq Assosiasıyasının icraçı direktoru Kimiya Məmmədova, Pakistan Şurasının sədri Adnan Xan və Türkiyə icmasının liderlərindən Mətin Məngir çıxış edərək Azərbaycan, Pakistan və Türkiyə icmalarını bir araya gətirmək təşəbbüsünü alqışladıqlarını və bu tədbirin hər üç icmanı bir-birilərinə daha da yaxınlaşdıracağına ümidvar olduqlarını bildiriblər.

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr