Hulusi Akar Naxçıvanda görüşlər keçirib

Azərbaycanda səfərdə olan  milli müdafiə naziri Hulusi iyunun 10-da Naxçıvanda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov  ilə görüşüb.

Hulusi Akar Naxçıvanda görüşlər keçirib

Azərbaycanda səfərdə olan  milli müdafiə naziri Hulusi Akar iyunun 10-da Naxçıvanda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov  ilə görüşüb.

Hulusi Akar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi önünə əklil qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Akar daha  sonra Mustafa Kamal Atatürkün xatirəsini yad edib, büstü önünə əklil qoyub.

Nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların məzarlarını ziyarət edərək gül dəstələri qoyub.

Milli müdafiə naziri üçün Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargah binasının qarşısında rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Akarın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Hulusi Akar “Xatirə kitabı”nı da imzalayıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.

General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Hulusi Akar da öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərinin qarşılıqlı səfərlərinin, görüşlərinin əhəmiyyətindən danışıb.

Tərəflər Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində əldə olunan nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin vacibliyini vurğulayıblar.

Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr