Azərbaycanda 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi mərasimlər

Azərbaycanda 28 May 1918-ci ildə elan edilən Cümhuriyyətin 101-ci ildönümü qeyd olunur.

1208959
Azərbaycanda 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi mərasimlər

Azərbaycanda 28 May 1918-ci ildə elan edilən Cümhuriyyətin 101-ci ildönümü qeyd olunur.

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Respublika Günü münasibətilə ABŞ, Yaponiya, Böyük Britaniya, Çin, San Marino, Bolqaristan, İtaliya, Türkmənistan, Misir, Qazaxıstan, Əlcəzair, Qırğızıstan, Tacikistan, Kuba, Belçika, Səudiyyə Ərəbistanı, İraq, Hindistan, Əfqanıstan, Avstriya, Özbəkistan, İsveç, Cənubi Koreya kimi xeyli sayda ölkənin lideri yaxud yüksək səviyyəli rəhbərləri prezident İlham Əliyəvə təbrik məktubu ünvanladı.

Prezident Rəcəb Tayyib Ərdoğan da Əliyəvə təbrik məktubu ünvanladı.

Yüz bir il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkənin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix Azərbaycan xalqının müstəqillik hisslərini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Azərbaycan dövlətini tanıyan ilk ölkə isə Osmanlı dövləti oldu. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.



Әlaqәli Xәbәrlәr