Silah kimyəvi olsa da, olmasa da, Suriya ölür

Türkiyə Prezident Aparatının sözçüsü cənab  İbrahim Kalının  ingilis dilində nəşr olunan "Daily Sabah" qəzetinin 11 Aprel 2017-ci il tarixli sayında çıxan məqaləsi

Silah kimyəvi olsa da, olmasa da, Suriya ölür

Sabiq ABŞ prezidenti Barack Obama 2012-ci il dekabr ayının 4-də Washingtonda Milli Müdafiə Universitetində  çıxış edərkən bunları söyləmişdi:"Əsəd və onun əmrində olanlara bunu aydın bir şəkildə demək istəyirəm:”Dünya sizi izləyir". Bu, Əsəd rejiminin kimyəvi silahdan istifadəsi ehtimalına qarşı edilmiş bir xəbərdarlıq idi. Hücum 2013-ci ilin avqust ayının 21-də oldu. Dəməşq yaxınlığındakı Ghoutayı hədəf alan hücumda qadın və uşaqlar daxil olmaqla, ən azı 1,500 nəfər həlak oldu. Beş ildən sonra isə, Əsəd yaxın tarixdəki hər hansı bir cinayətkardan daha çox insan öldürmüş bir vəziyyətə düşdü. Əsəd bunu həm kimyəvi, həm də adi silahlardan istifadə edərək "dünya olan bitəni seyr edərkən" törətdi.

  2017-ci il aprelin 4-də Xan–Şeyxuna edilən kimyəvi hücum isə Əsəd rejiminin yürütdüyü soyqırım siyasətinin son təzahürü idi. Birləşmiş Millətlər Təşkilatı rəqəmlər təsdiqlənmədiyi üçün Suriyadakı cəsədləri saymaqdan vaz keçdi. Həqiqətdə olan isə budur: BMT 21-ci yüz ilin ən qanlı müharibəsini dayandırmaq məsələsində bir-birinin ardına uğursuzluqlara düçar oldu.

 “Amnesty İnternational”ın 22 fevral 2017-ci il tarixli hesabatına görə, Suriyadakı qarşıdurma 2016-cı ilin sonundan etibarən 300.000-dən artıq insanın həyatını əlindən almışdır. Əsl rəqəmlər isə, bundan çox  yüksəkdir, yəqin ki, 600.000-dən çoxdur. Nə Cenevrə, nə də Astana danışıqları Suriyadakı rejimi öz insanlarına qarşı kimyəvi, və ya adi silahlar tətbiq etməkdən yayındırmadı. Dünyanın bu qətliama "seyrçi" qaldığını və guya “DEAŞ-a qarşı mübarizə edir” ssenarisini qəbul etdiyini görən Rejimin barbar yoluna davam edəcəyi  ehtimalı çox böyükdür.

Kimyəvi silahlara, “çəllək bombalar”ına, minomyot atəşlərinə məruz qalaraq  sağ qala bilən milyonlarla insan isə qaçqın və köçkün vəziyyətinə düşdülər. Amnesty hesabatı BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının məlumatına əsaslanaraq, 2011-2016-cı illərdə  4,8 milyon insanın Suriyadan qaçdığını, təkcə 2016-ci ildə isə 200.000 qaçqının olduğunu bildirir. Hesabatda, eyni zamanda, BMT-nin Humanitar Yardım Koordinasiya Bürosunun  altı il ərzində yarısı uşaqlardan ibarət olan təxminən 6,6 milyon suriyalının ölkə daxilində köçkün vəziyyətinə düşməsi barəsindəki məlumatları da vardır.

Bütövlükdə bu rəqəm Suriya xalqının təxminən yarısıdır. Bundan başqa minlərlə suriyalı Aralıq və Egey dənizlərinin soyuq sularında boğulmuşdur. UNİCEF-ə görə 2 milyondan çox qaçqın uşaqla birlikdə, 8 milyondan çox suriyalı uşağın təcili yardıma ehtiyacı vardır.

 Xan-Şeyxuna olan  kimyəvi silah hücumuna ABŞ-ın reaksiyası doğru istiqamətdə atılmış bir addım və yalnız sözdə qalmayan bir xəbərdarlıq oldu. Adi silahlarla davam etdirdikləri ölümcül aksiyalar və artan humanitar böhranı düşünsək, ABŞ-ın bu reaksiyası nə müharibəni dayandırmaq, nə də Suriya xalqını qorumaq üçün kifayətdir. Əsəd rejiminin ABŞ-ın verdiyi cavabdan sonra təkrar kimyəvi silah tətbiq etməyəcəyi mübahisə ediləcək bir doğrudur. Lakin kimyəvi silahlar üzərində mərkəzləşmək, əslində, bu rejim üçün gizli bir lütfdür. Çünki rejim bu vəziyyəti belə anlayacaq: adi silahlarla törətdiyi hərbi cinayətlərə və insanlığa qarşı törətdiyi cinayətlərə davam edə bilər, çünki dünya yalnız kimyəvi silahlardan istifadə edildikdə hərəkətə keçir!

 Bənzəri olmayan bu humanitar vəziyyət siyasət və təhlükəsizlik sahələrində böyük bir itkiyə səbəb olmuşdur. Suriyada yaxın keçmişdə baş verən heç bir qarşıdurma bu dərəcədə qeyri-sabitliyə sabəb olmamışdı. Suriya böhranının Suriya daxilində qalacağını, və ya yaxın qonşuları ilə məhdudlaşacağını düşünənlər tamamilə yanılırlar. Bu, regional siyasəti zəhərləyən və qlobal güc balansının pozan bir müharibədir. Eyni zamanda, yaxın yaddaşımıza həkk etdirilən, başqasının əli ilə aparılan ən böyük müharibədir. Bu, qeyri-dövlət aktyorlarının təşkil etdiyi müharibə şəbəkələrinin özbaşınalığına imkan verərək, onsuz da zəif və uğursuz olan dövlətlərin daha da zəifləməsinə səbəb olan bir müharibədir. Bu müharibə İraqda, Livanda və başqa yerlərdə rməzhəb gərginliklərini dərinləşdirməyə, qlobal miqyasda qaçqın böhranını qızışdırmağa davam edir və qarşılığında da Avropada ksenofobiya və irqçilik dalğasının qalxmasına yol açır. Bu müharibə Əl-Qaidə və DEAŞ kimi ifrat səfiyyədə zorakılıq tətbiq edən terrorçular üçün cücərmə və böyümə sahəsidir. Hələ üç il əvvələ qədər Suriyada DEAŞ deyə bir şeyin olmadığını yada salaq. Suriya müharibəsi və İraqdakı daimi qeyri-sabitlik bu gün DEAŞ-ı ağzından od püskürən əjdahaya çevirmişdir.

 Bundan başqa, Suriya müharibəsi müasir dünya sisteminin insan ləyaqətini qorumaq və insan haqlarının pozulması hallarının qarşısını almaq iddiasının da altına dinamit qoymuşdur. “Demokratiya, azadlıqlar və plüralizm” ritorikası Suriyada işləmir. Obama rəhbərliyinin PKK-nın Suriya qolu olan Demokratik Birlik Partiyası (PYD) və Xalqların Qorunması Birliklərini (YPG) dəstəkləyici siyasətindən sonra NATO-nun iki müttəfiq ölkəsi Türkiyə və ABŞ arasında gərginlik yaranmışdır. Suriya müharibəsinin yol açdığı bu regional və geosiyasi problemlərin siyahısı çox uzundur.

Suriya məsələsinin asan bir həlli olmadığı məlumdur. "ABŞ rejimə aid bir hava bazasını bombaladı" deyə rejimə arxa çıxanlar ona dəstək verməyə davam edəcəklər. Nə də Əsəd, Mukteda əs-Sədrin ötən həftə İraqda sürpriz bir şəkildə etdiyi kimi, istefa çağırışlarına qulaq asacaqdır. Əsədin hesablamalarına görə, müharibədə qələbə qazanır. Bunun səbəbi təkcə Rusiya, İran və Hizbullahdan dəstək alması deyil, eyni zamanda, qarşısında qətiyyətsiz və zəif bir beynəlxalq koalisiya görməsidir. Üstəlik, DEAŞ-ı özünü  "pisin yaxşısı" kimi təqdim etmək üçün bir vasitə kimi istifadə edə bilər.

Türkiyənin Suriya daxilində suriyalılar üçün etibarlı bölgələrin yaradılması təklifi minlərlə həyatı xilas edə bilər və son üç il ərzində aparılan kimyəvi hücumların qarşısını ala bilərdi. Lakin bu təklif  Atlantik okeanının hər iki sahilində də eşidilmədi. Ərazisində hazırda təxminən 3 milyon qaçqın olan Türkiyə  Suriya daxilində də on minlərlə insana humanitar yardım göndərməyə davam edir.

  Şübhəsiz ki, DEAŞ-a qarşı mübarizə aparılmalı və təşkilat məhv edilməlidir.  Digər tərəfdən, Suriya müharibəsinin digər əjdahası- Əsəd rejiminə və zülmünə göz yummaq əxlaqi bir qalmaqal və siyasi bir fəlakətdir. Aprelin 10-da  İtaliyada keçirilən G7 sammitində Rusiyanın Suriya münaqişəsinə olan münasibətinin dəyişməsi və Əsəd rejiminə dəstək verməyi dayandırması ilə əlaqədar yola gətirilməsi məsələsində birgə yanaşma sərgiləndi.

 Suriya dünya ona seyirci qaldığı bir zamanda ölür. Əsəd rejiminin istifadə etdiyi kimyəvi və adi silahlarla yalnız suriyalı qadın və uşaqlar deyil, bizim insanlığımız da ölür.

 

 

 



Әlaqәli Xәbәrlәr