Xocalı Faciǝsi

Xocalı qǝtliamı Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biridir.

435897
Xocalı Faciǝsi

Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. BMT-nin statistikasına görə, bütün sivilizasiya tarixini əhatə edən beş min illik zaman kəsiyində 150 milyondan artıq insan müharibələrdə həlak olub. Həlak olanların da 73 faizi yalnız XX əsrdə baş vermiş müharibələrin payına düşür. Elə yaşadığımız üçüncü minilliyin bircə günü də savaşsız ötüşməyib.

Amma bütün müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün deyil. 1992-ci ilin 26 fevralında Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qətliam da məhz həmin cinayət aktlarından biridir. Xocalı qǝtliamı Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biridir. Lakin bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın yerləşdiyi geopolitik məkan və onun Qafqaz regionunda oynadığı rol kontekstində yanaşmaq onun əsl mahiyyətini və səbəblərini üzə çıxarmağa kömək edir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək Xocalı soyqırımını törətdi. Soyuq fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Əsir və itkinlər haqqında bu günə qədər heç bir məlumat almaq mümkün olmamışdır. Öldürülən uşaqların, qocaların, qadınların cəsədləri tanınmaz hala salınmışdı. Bu soyqırımı aktı təkcə Azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi.

Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin Azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti olduğunu göstərir. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır. Faciənin törədilməsindən yalnız iki gün sonra hadisə yerinə çatmaq mümkün oldu. Şahidlərin qarşılaşdıqları tükürpərdici mənzərə sözlə ifadə edilə bilməyəcək qədər ağır və amansız idi.

Əslində, Xocalı qətliamı ondan bir il əvvəl Sovet imperiyası tərəfindən Azərbaycanın paytaxtı Bakıda törədilmiş Qanlı 20 Yanvar faciəsinin davamı idi. Qafqazın itirilməsini heç cür qəbul edə bilməyən rus imperiyası bir il sonra Xocalı qətliamının törədilməsinə və bütövlükdə Qarabağın işğalına göstərdiyi həm mənəvi, həm də hərbi –siyasi dəstəklə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirdi.

Hal-hazırda da erməni terrorizmi, Rusiyanın dəstəyi ilə ermənilərin Qafqazda həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti dünyada dayanıqlı sabitliyə və sülhə ən böyük təhdid mənbəyi kimi çıxış edir. Bununla, ermənilər təkcə Qafqaz regionunda deyil, bütün dünyada sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr vururlar. Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd olmayıb və bu gün də deyildir. Bu gün Ermənistanın bütün sahələrdə Rusiyadan asılı vəziyyətə düşməsi və həmişə olduğu kimi onun “vassalı" və “forpostu" rolunda çıxış etməsi bunu bir daha sübut edir.

Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində “Xocalıya ədalət" beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması, Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasəti haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Bu günə Xocalı faciəsinin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri və ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması “Xocalıya ədalət" kampaniyasının böyük uğurudur. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.

Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan işğal olunmuş torpaqlar üzərində öz suverenliyini bütün qanuni vasitələrlə bərpa etməkdə israrlıdır. Bu məsələdə Azərbaycanın ən güclü silahı – onun haqlı mövqeyə malik olmasıdır. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək hüququmuz dayanır. Lakin təəssüflər olsun ki, bu gün Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin şahidi oluruq. Bu isə onu göstərir ki, müasir dünya siyasətində hələ də qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və beynəlxalq hüquq normalarından üstün tutulur.

Lakin Azərbaycan beynəlxalq hüquq prinsipləri çərçivəsində Qarabağ probleminin həll olunması, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa olunması məqsədlərində israrlıdır. Bu yolda Azərbaycan dövlətinin və onun vətəndaşının yekdil fikrə malik olması torpaqlarımızın erməni işğalından azad ediləcəyinə böyük inam yaradır. Ədalətin bərpa olunması, ölkənin 20%-ə yaxın işğal olunmuş ərazilərinin azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün Azərbaycan dünya xalqlarının və dövlətlərinin, eləcə də beynəlxalq qurumların – BMT-nin, Avropa Birliyinin, ATƏT-in Minsk qrupunun ədalətli münasibətinə ümid bəsləyir.

Cavanşir Feyziyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Әlaqәli Xәbәrlәr