• Video Qalereya

Özbəkistanın Şəhrisəbz şəhərində beynəlxalq muğam sənəti forumunun açılışı olub

Özbəkistanın Şəhrisəbz şəhərindəki tarixi Aksaray meydanında UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq muğam (makom) sənəti forumunun açılışı olub.

Özbəkistanın Şəhrisəbz şəhərində beynəlxalq muğam sənəti forumunun açılışı olub

Forumda dünyanın 73 ölkəsindən 300-dən artıq musiqiçi - xanəndələr, alimlər, muğam sənətinin tədqiqatçıları, ölkənin tanınmış makom ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.

Bu böyük musiqi bayramına Azərbaycanın musiqiçilərdən ibarət nümayəndə heyəti də qatılıb. Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Əbülfəs Qarayev rəhbərlik edir. Nümayəndə heyətinə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev, Azərbaycanın Əməkdar artisti, bu il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxlq Musiqi Festivalının qalibi, “Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə, Əməkdar artist Nigar Şabanova və gənc xanəndə Abgül Mirzəliyev daxildir.

Forumun açılışında çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib ki, 2700 illik tarixi olan Şəhrisəbz şəhəri müxtəlif dövrlərdə bir sıra bəlalarla üzləşib. Lakin heç bir müharibə və təbii fəlakət bu şəhəri Yer üzündən silə bilməyib. Şəhrisəbz məşhur alimləri, musiqiçiləri, şairləri ilə tanınır. Bu qədim şəhər həm də böyük sərkərdə Əmir Teymurun böyüdüyü məkandır.

Sonra Prezident Şavkat Mirziyoyev nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ilə görüşüb.

Forum çərçivəsində “Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktiki konfrans da təşkil olunacaq.

Forum sentyabrın 10-da başa çatacaq.

 

 

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr