• Video Qalereya

Bəzən gözlənilməz tanışlıqlar gözəl dostluqların təməlini qoyur

TRT “Türkiyənin səsi” radiosunun qonağı Azərbaycanın tanınmış jurnalisti, Bakı Slavyan Universitetinin professoru, ATV kanalı Bədii Şurasının rəhbəri Etibar Babayevdir, Türkiyəni Azərbaycanda tanıdan insan. (Audio-müsahibə)

Bəzən gözlənilməz tanışlıqlar gözəl dostluqların təməlini qoyur

Etibar Babayevlə müsahibə

  Sevda Mirzə (aparıcı): TRT “Türkiyənin səsi” radiosu ilə İctimai Radionun ortaq “Qorqud Ata” proqramının qonağı Azərbaycanın tanınmış jurnalisti, Bakı Slavyan Universitetinin professoru, ATV kanalı Bədii Şurasının rəhbəri Etibar Babayevdir, Türkiyəni Azərbaycanda tanıdan insan.

  Etibar müəllim, bu mədəni əlaqələri yaratmaqla, siz haradasa bir diplomat rolunu oynamısınız. Sizin verilişlərinizi səbirsizliklə gözləyirdik hər zaman. İllər keçdi, amma Etibar Babayevin bu fəaliyyəti dayanmadı. Nədir sizdə Türkiyəyə bu qədər məhəbbət ki, bu gün belə oranın tanınmış sənətkarları ilə bağlı işlərinizi davam etdirir, kitablar yazır, araşdırmalar aparırsınız?

Etibar Babayev (ATV Bədii Şurasının rəhbəri, professor): Bilirsinizmi, məhəbbət ya var, ya da yoxdur. İnsanda məhəbbət olur: bu, bəzən bir ömür boyu davam edir, bəzənsə çox tez qırılır. Demək, bu, məhəbbət deyilmiş, bir məhəbbət oyunu imiş.

  Mənim Türkiyəyə məhəbbətim bizim ailədən, bizim xalqın ənənələrindən gəlir. Böyük bir həvəsim, istəyim var idi Türkiyəni görməyə. Allah bunu mənə nəsib etdi: getdim, gördüm, daha çox sevdim, sevəndən sonra da yaxından tanımağa cəhd göstərdim. Təkcə təbiəti, sənəti, adət-ənənəsi deyil, ayrı-ayrı insanlarının da içində bir Türkiyə, bir tükçülük var ki, onları da görüb tanıdıqca istəmişəm Azərbaycanda tanıdam. Azərbaycanda da yaxşı nə varsa, Türkiyədə imkanım daxilində tanıtmışam, çıxış etdiyim telekanallarda, yazdığım mətbuat səhifələrində. Ən önəmlisi bu işlərdə canlı əlaqələrimi uzun illər qoruyub saxlamağımdır. İnsanlar görüşdükcə yaxınlaşır, yaxınlaşdıqca bir-birini daha yaxşı tanıyır. Hər insanın tanışlığı bir körpüdür xalqlar arasında. Balaca körpü də ola bilər, böyük körpü də. Əsas odur ki, birləşdirən, birlik yaradan amillər olsun şəxsi dostluqlar.

  O vaxt mən bu işi başlayanda Azərbaycan dövlət müstəqilliyini yeni qazanmış, bərpa etmişdi. 90-cı illərdən başlayaraq Türkiyə haqqında təxminən 300-dən çox proqram hazırlamışam. O cümlədən, Azərbaycanla bağlı başda TRT olmaqla Türkiyə telekanallarında mənim verilişlərim olub. Azərbaycanın bir çox mətbuat orqanı və telekanalının Türkiyədə təmsilçisi də olmuşam. Bütün bunlar mənə təcrübə və məktəb olub: öyrənə-öyrənə həm də öyrətmişəm, universitetin jurnalistika fakültəsində dərs deyirəm. Təkcə kitablar yox, həyatda gördüklərimi də gənclərə çatdırmağı sevirəm.                 

Sevda Mirzə (aparıcı): Jurnalistin əsas işi müsahibələr almaq, bunları efirlərə vermək, qəzetlərdə işıqlandırmaq, insanları tanıtmaq, fəaliyyətlərini göstərməkdir. Sizdə isə bu işlər bir nöqtədə dayanmadı, davam etdi: üzərindən 20-30 il keçsə də, siz bu əlaqələri, şəxsi dostluqları kitablara daşıdınız. Bunların arasında Barış Manco xüsusi yer tutur, Allah rəhmət etsin. Adı kimi özü də Azərbaycan, Türkiyə və başqa ölkələr arasında barış yaratmağa çalışan bir insan idi. Mən sizin son çıxan “Barış körpüsü” kitabını vərəqlədikcə gördüm ki, bu, sadə bir kitab deyil, ensiklopedik xarakter daşıyır. Siz Türkiyəyə də hazır bir film ssenarisi təqdim etmisiniz ki, buna əsasən kino və ya serial belə çəkilə bilər.

Etibar Babayev (ATV Bədii Şurasının rəhbəri, professor): Barış Manco, doğrudan da bir əfsanəydi. Təkcə səsinə, yaratdığı mahnılara, hazırladığı proqramlara görə deyil, ümumiyyətlə, bütövlükdə varlığıyla çox zəngin adam idi. Elə buna görə də televiziya verilişləri də, ayrı-ayrı mahnıları da, ifaları da, yəni nədən yapışsa, o sahədə uğur qazanır və unudulmaz iz buraxırdı. Bu insan təkcə istedadla kifayətlənmirdi, onu zəhmətlə yoğurduğu üçün hamıdan fərqli bir əsər yaradırdı.

  Xoşbəxtlikdən mənim Türkiyədə 1988-1989-cu illərdə Türkiyədə tanıdığım insanlardan biri Barış Manco oldu. O vaxta qədər onun bir neçə mahnısını dinləmişdim, amma pərəstişkarı deyildim. Barışla şəxsi tanışlığım oldu TRT-də, “7-dən 77-yə” uşaq proqramının çəkilişlərində. Mən Türkiyədən bir proqram hazırlayırdım “Türkiyə televiziyasında bir gün” adlı, bir saat yarımlıq. Hələ sovet hökuməti var ikən o veriliş Azərbaycan Dövlət Televiziyasında axşam saat 9-un yarısında efirə getdi və çox böyük əks-səda doğurdu. Çünki Azərbaycan xalqı təkcə TRT - Türkiyə Radio Televiziya Qurumu ilə deyil, həm də Türkiyə həyat tərzi ilə bu qədər geniş tanış olurdu. Biz “TRT necə çalışır?” adı altında səhərdən axşama qədər - “Gün başlayır”dan “Axşama doğru” proqramına və televiziya qapananacan TRT-ni əks etdirdik. (O zaman 24 saatlıq TRT yox idi.) Mən o vaxt TRT-nin rəhbəri Kerem Aydın Erdemlə də görüşdüm, sağ olsun, mənə dəstək oldu, arxiv materiallarından istifadə etməyə imkan yaratdı. Beləcə, o zaman bu sənədli verilişləri, proqramları göstərə-göstərə Türkiyənin tarixi, İstiqlal Savaşı ilə tanış edirdik bizim insanları. TRT Anıtkabirin göstəilməsi və İstiqlal Marşı ilə başlayırdı. İlk dəfə Azərbaycanda Anıtkabiri də o zaman gördü bizimkilər, İstiqlal Marşını o vaxt eşitdilər, Türkiyə bayrağının dalğalandığını onda gördülər. O “TRT-də bir gün” başlığı altında mən Türkiyənin həyatını, tursitik yerlərini, musiqisini, hər sahəsini göstərməyə çalışdım, bu fürsətdən gözəl istifadə etdim.

  Bəli, Barış Manco ilə TRT studiyalarının birində tanış oldum. Mən onu rejissor otağından izlədim, fasilədə Dairə Başkanı, dostum Yılmaz bəy bizi tanış etdi. Barış da çox şad oldu bu tanışlığa. Bu gözlənilməz tanışlıq gözəl bir dostluğun təməlinin qoyulduğu gün oldu. Sonra biz çox görüşdük İstanbulda. Get-gedə görüşlərimiz artdı. Bir gün Bakıya dəvət etdim. 1992-ci ilin aprel ayında ilk dəfə Bakıya gəlməyi nəsib oldu. Bura qədər gələ bilməməsi şıltaqlığı ilə bağlı deyildi, o dövrün mürəkkəbliyi, imkansızlıqları ilə əlaqədar idi. 1992-ci ilin apreli də elə rahat vaxt deyildi. Azərbaycan 1991-ci ildə müstəqilliyini yeni əldə etmişdi: müharibə, çətinlik, bir siyasi qarmaqarışıqlıq var idi məmləkətdə.Buna baxmayaraq, Barış dörd proqram etdi may ayında, TRT-də hər bazar günü yayımlandı. Və bu proqramlar hər biri Azərbaycanla bağlı idi: bu, o vaxt informasiya blokadasında olan Azərbaycan üçün çox böyük bir pəncərə idi. Türkiyə televiziyasını – TRT-ni izləyən dünyanın bir çox ölkəsi üçün, Azərbaycanla maraqlanan insanlar üçün bu, böyük imkan idi və biz bunu heç zaman unutmamalıyıq. Bundan sonra Barış dəfələrlə gəldi Bakıya, çəkilişlər apardı. Ən qəribədir ki, onun axırıncı çəkilişi də Azərbaycanla bağlı oldu, 1998-ci ilin noyabr-dekabr aylarında. Bu çəkilişlərdə də yenə bərabər olduq. Çox təəssüf ki, 1999-cu il fevral ayının 1-də dünya Barışla vidalaşmalı oldu. Bu vidalaşma cismən oldu. Baxın, təxminən 20 il keçib, Barışın əsərləri, yaratdığı musiqi lövhələrini biz sevə-sevə dinləyir, bu gün dünənkindən daha yaxşı başa düşürük. Bəzən zamanında o qədər dəyər verilməyən insanların dəyəri belə tarixi keşməkeşlərdən sonra daha çox anlaşılır.

  Bu kitab niyə yarandı? Türkiyədə də kitablar yazıblar onun haqqında. Baxdım, amma heyifsləndim. Barışın bütün dünya səyahətini, hətta həyatındakı bəzi mənzərələri də qələmə alıblar. Biz deyirik “Bir millət, iki dövlət”, amma bu adamın Azərbaycana gəlişilə bağlı heç yanda bir cümləyə belə rast gəlmədim. Fikrimdə olsa da, bu cür kitabları görüncə daha da hissim gücləndi ki, Barışın Azərbaycanda olması, ölkəmizi necə tanıtdığı, azərbaycanlı dostları və ümumiyyətlə, şahidi olduğum bütün bunları bir araya toplamaq istədim. Bu kitabda həm Barışla bir tanışlıq var bizim oxucular üçün, həm də Azərbaycana bağlılığının A-dan Z-yə bir mənzərəsi var. Bir də, Barışı mən Azərbaycanda kimlərlə tanış etmişəm, kimlərlə görüşdürmüşəm, onlarla da ayrı-ayrılıqda danışıb, görüşüb xatirələrini vermişəm kitabda. Hamısının da sənədi, yəni şəkilləri üzərindədir. Yəni heç kim havadan danışmır, olduğunu söyləyir, göründüyü kimi, bunu əkst etdirən fotolar da çox geniş şəkildə öz yerində.

 “Barış körpüsü” kitabını hazırlayarkən Barış Manconun iş otağında dəfələrlə oldum, uzun illər bərabər çalışdığı Ekmen Sağlamdan məsləhət aldım, ömür-gün yoldaşı Lalə xanımla görüşdüm. Onun da övladları Batıhan və Doğuhanla birlikdə bu kitabda xüsusi əməyi olub, öz məsləhətlərilə, fikirlərilə, mənə göndərdiyi şəkillərlə. Ona görə də mən kitabın ilk nüsxəsini Lalə xanıma, ailəsinə, Ekmen Sağlama, o cümlədən, indi muzeyə dönən Barış Manconun İstanbulda Modadakı evinə, müdiriyyətinə təqdim etdim.                

Sevda Mirzə (aparıcı): Kitab Azərbaycan dilindədir, yəqin ki, bunun Türkiyə türkcəsində də variantını düşünürsünüz.

Etibar Babayev (ATV Bədii Şurasının rəhbəri, professor): Bəli, düşünürəm. Mənim Türkiyədə Anadolu türkcəsində iki kitabım çıxıb. Bunlar tarixi araşdırmalardır, biri “Yalana heykel”, biri də “Devrimin kölgesinde”. Çox istərdim ki, “Barış körpüsü” kitabı da Anadolu türkcəsində çap olunsun. 2019-cu il Barışın dünyadan köçməsinin 20 ilidir. O vaxta qədər olsa, çox sevinərəm.

  Söylədiyim kimi, Barış Manco ilə bağlı televiziya verilişlərim çox olub. Və xoşbəxtlikdən bütün bu xronika ki məndə var, ara-sıra istifadə edirəm. Məsələn, yaxınlarda “Yada düşər xatirələr” silsiləsindən bir saatlıq böyük bir proqram hazırladım. Burada həm Barışla olan müsahibəm, həm də onun aldığı reportajlar var idi. Barışın ümumilli lider Heydər Əliyevlə də gözəl bir söhbət-verilişi varıydı. Onun Azərbaycanın çox böyük ictimai-siyasi xadimləri, iş adamları və incəsənət nümayəndələrilə görüşləri, müsahibələri var idi, eyni zamanda, ən sadə insanları ilə belə.

 Barış Manco hər şeyi ağlına, zəkasına, özündə olan hər şeyə tabe edəcək qədər güclü idi. Bir o qədər də sentimental və duyğulu idi. Onu kövrəltmək, özündən çıxartmaq çox asan idi, sevindirmək isə çətin. Bəzən çox sadə bir şeydən sevinirdi ki, bunun adı səmimiyyət və məhəbbət idi. Qısası, Barış hər şeyin yerini bilən mükəmməl adam olaraq qldı xatirələrdə.

  Onunla Türkiyədə görüşəndə Azərbaycandan hər kəsi soruşurdu “filankəs necədir” deyə. Onun bağlılığı birdəfəlik istifadə üçün deyildi, sadiqliyi var idi. Mən də fəxr edirəm ki, həyatımda bir Barış səhifəsi var. O səhifədən də, bildiklərimin hamısını olmasa da, yaymaq istədiklərimi bu kitabda vermişəm.               

Sevda Mirzə (aparıcı): Etibar müəllim, sizin radio və televiziyada uzun illik təcrübəniz, eyni zamanda, sovet dövründən bəri çox qaynar bir ictimai fəaliyyətiniz var. Görünür, o qaynar fəaliyyət özünü həm də jurnalistikada göstərib. Bugünkü gəncliyə nə məsləhətiniz var?

Etibar Babayev (ATV Bədii Şurasının rəhbəri, professor): Mən təkcə radio və televiziya sahəsində deyil, millətimizin bütün gənc nəslinə üz tutmaq istəyirəm. Birincisi, gəncliklərinin qədrini bilsinlər. Bu, ömrün bir fəslidir. Bütün fəsillər kimi onun da bir ömrü var, amma o, daha tez keçir. Sonradan heyifslənməmək üçün gənclik zamanını boş-boşuna xərcləməsinlər. Ömrün ən çalışqan dövrü gənclik olmalıdır ki, sonrakı illərdə, fəsillərdə onun bəhrəsini görəsən, heyifslənməyəsən itirdiklərinə görə. Qazandığın bilik, təcrübə, elm təməli üzərində ucalacaq hər şey. O sağlam təməl üzərində nə ucalacaqsa, davam edər. Deyə bilərsiniz ki, sağda, solda, televiziyada elə adamları göstərirlər, elələrinin zənginliklərindən bəhs edirlər ki, təhsil və mədəniyyətlə əlaqələri zəifdir. Bəs o necə olur? Bəli, o cür təsadüflər olur. Amma çox zaman təsadüflə gələn təsadüflə də göyə sovrulub gedir. Halal əmək, zəhmət, namus və qeyrətlə qazanılan nə var isə o, qalır bir ömür: insan dünyadan köçəndə gözəl ad qoyur. Gənclər istədikləri sahəni seçə və çalışa bilər, o cümlədən, televiziya və radio sahəsini. Bu yollar hamar deyil. Hər dövrün öz şərtləri var. Bu, başqa məsələdir. Amma böyük şairimizin dediyi kimi, “Qızılı udsa da, qara buludlar, yenə qızıl adlı bir dəyəri var”. Bu misal hər dövr üçün keçərlidir. Tövsiyyəm odur ki, gəncliyimiz öz gəncliyinin qədrini bilsin, gününü, zamanını boşa xərcləməsin, oxusun, çalışsın, kitabdan qaçmasın, təcrübəli insanlardan uzaq qalmasın. Təcrübəlilərdən bəhrələnmək mütləq vacibdir. Bu, yalnız ona görə deyil ki, o təcrübəni təkrar edəsən. Velosiped kəşf edilib, artıq icad etmək lazım deyil, təkmilləşdirmək gərəkdir.           

Sevda Mirzə (aparıcı): Eyni zamanda, dünyanın harasına getsələr və qayıtsalar, öz fəaliyyətlərilə sizin kimi Azərbaycanı layiqincə təmsil etsinlər, Azərbaycanın gözəl tərəflərini ortaya qoysunlar.

Etibar Babayev (ATV Bədii Şurasının rəhbəri, professor): Düzdür. Bilirsiniz ki, 2018-ci il bizim Azərbaycanın cümhuriyyət quruluşunun 100 ilidir. Hörmətli prezidentimiz İlham Əliyevin sərəncamı ilə il boyu tədbirlərimiz davam edir. Biz bu layihələrdən birini Türkiyədə “TRT Müzik” televiziya kalanında həyata keçirdik: tanınan müğənni Müşərrəf Akayın aparıcılığı ilə “Əziz dostum” proqramını yayımladıq, hər bazar günü olmaqla 100 gün. Azərbaycandan gedən tanınan müğənnilər də o proqramın qonağı oldu. Proqramda azərbaycanlıların ifasında Türkiyə və türkiyəlilərin ifasında Azərbaycan mahnıları səsləndi. Bu, həm də çox gözəl bir nümunə idi televiziyalar arasındakı iş birliyinə, eyni zamanda, mədəniyyət körpüsünün növbəti qolu oldu. Ona görə mən fürsətdən istifadə edib TRT-nin rəhbərliyinə bir daha təşəkkür edirəm.   



Әlaqәli Xәbәrlәr