Məhəmməd Əmin Rəsulzadənin məktubları muzeyə təqdim edildi

Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə yazdığı və muzeyə hədiyyə edilmiş 29 məktubunun təqdimatı olub.

Məhəmməd Əmin Rəsulzadənin məktubları muzeyə təqdim edildi

  Məhəmməd Əmin Rəsulzadənin Tarix Muzeyinə hədiyyə edilmiş məktublarının təqdimatı olub.

  Mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə yazdığı və muzeyə hədiyyə edilmiş 29 məktubunun təqdimatı olub.

  Azərtac İnformasiya Agentliyinin yazdığı xəbərə görə, təqdimat mərasimində muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov S.Təkinər haqqında məlumat verib. Qeyd edilib ki, o, Türkiyədə tanınan azərbaycanlı mühacirlərdən biridir. S.Təkinər həm ədəbiyyatçı, jurnalist, həm də publisist kimi fəaliyyət göstərib.

  S.Təkinərin Bakıda yaşayan varisləri tərəfindən muzeyə hədiyyə edilmiş məktublar 1950-1955-ci illərdə yazılıb. Bildirilib ki, bu məktublarda M.Ə.Rəsulzadə Azərbaycan mühacirətinin qarşısında duran vəzifələr barədə fikirlərini S.Təkinər ilə bölüşür. Həmin məktublar uzun müddət S.Təkinərin ailəsində qorunub saxlanılıb.

  Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb. Cümhuriyyətin tarixi barədə danışan akademik muzeyə təqdim edilən məktubların elmi araşdırmaların aparılmasında önəmli tarixi mənbələr olduğunu vurğulayıb.

  Tədbirdə “Əzablı yollarla” filmindən S.Təkinərin M.Rəsulzadə ilə görüşünü əks etdirən fraqmentlər göstərilib.

  Məktubları muzeyə hədiyyə edən Rauf Həsənov və S.Təkinərin Almaniyada yaşayan qızı Leyla Deqner tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildiriblər.



Әlaqәli Xәbәrlәr