"İkitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir", İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla geniş tərkibdə görüşündə çıxış edib.

"İkitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir", İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla geniş tərkibdə görüşündə çıxış edib. 

Dövlət başçısı bildirib: "Mən sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq".

Azərbaycan Prezidenti qeyd edib ki, biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik, siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı nəticələr var: "Bu gün təkbətək görüşdə müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, bizim mövqeyimizdə eyni yanaşma var. Biz istəyirik ki, Türkmənistan ilə Azərbaycan həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlasınlar, bu əlaqələr daha da inkişaf etsin. Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir. Mən Sizi bir daha səmimiyyətlə Azərbaycanda salamlayıram, bir daha “Xoş gəlmisiniz” deyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır. Bir daha xoş gəlmisiniz".

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da öz növbəsində təşəkkür edib və rəsmi səfərin əsas məqsədinin iki dövlət və xalqları arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə yönəldiyini söyləyib. Bu gün əlaqələrin və əməkdaşlığın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlara sahib olduğunu qeyd edən qonaq prezident siyasi istiqamətə gəldikdə, iki dövlətin əsasən məhz beynəlxalq və regional təhlükəsizliyin qorunub saxlanılmasının tərəfdarı olduğunu vurğulayıb. O deyib ki, biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin. Bu, öz növbəsində Mərkəzi Asiyada və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir. Hazırkı şəraitdə ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməlidirlər.

Söhbət zamanı dost, qardaş, qonşu dövlətlər arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi, genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Siyasi, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanıb və bu istiqamətdə imzalanacaq sənədlərin əhəmiyyəti dilə gətirilib.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr