“Kim təsəvvür edərdi belə olacağını?” R.Məcid

Ankarada Azərbaycan yazıçı və şairlərinin kitablarının təqdimatı və imzalama mərasimi oldu.

“Kim təsəvvür edərdi belə olacağını?” R.Məcid

  Yaxınlarda Türkiyənin paytaxtı Ankarada Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) arasındakı razılaşma əsasında şair və nasir, AYB-nin katibi Rəşad Məcidin “Delicesine” və İLESAM-ın Azərbaycan təmsilçisi, şair, AYB-nin mətbuat katibi Xəyal Rzanın “Aşk olsun” kitablarının geniş təqdimat mərasimi oldu. Kitabların tərcüməçisi Məhəmməd Rza Qocidir.

  Türk Tarix Qurumunun salonunda baş tutan təqdimat mərasimində yazıcılar, şairlər, mədəniyyət, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediridi.

  Tədbiri açılış nitqi ilə açan İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız qonaqları salamladı, AYB - İLESAM əməkdaşlığından danışdı, bildirdi ki, “Bu işbirliyi əsasında yenə iki kitab AYB tərəfindən nəşr olunacaq. Bizim Azərbaycanla dostluq və işbirliyimiz davam edəcək. İyun ayının əvvəlində İLESAM-la Azərbaycandakı 6 önəmli qurum arasında işbirliyi haqqında sənəd də imzalanmış olacaq”.

  Sonra Rəşad Məcidin yeni kitabı haqqında professor Nurullah Çetin, Xəyal Rzanın yeni kitabı haqqında isə İLESAM icracı qurumunun üzvü, dosent Ayfer Yılmaz danışdılar.  

  Nurullah Çetin Rəşad Məcidin kitaba “Dəlicəsinə” adını verməsiylə bağlı bu sözləri dedi:

  “İnsan hansı işi görürsə görsün, bunu sevirsə, bütün  səmimiyyəti ilə mənimsəyirsə, o işin tələblərini yerinə yetirmiş olursa, uğur əldə edir. Hər insan gördüyü işin həyəcanını bütün varlığı ilə hiss etməlidir. Elə belə insanlar bir az dəli, bir az çılğın olur. Bu səbəbdən kitabın adı çox maraqlıdır.

  Professor kitabdakı mətnlərə də toxunaraq bildirdi: “Rəşad Məcid jurnalistdir, ona görə kitabda müxtəlif illərdə qələmə aldığı esselər, publisistik yazıları da var. Bu yazılarda onun jurnalist kimliyini görürük. Ötən əsrin 80-ci illərindən sonra Türkiyədə qeyri-peşəkar, yalan informasiya yayan jurnalistlər ortaya çıxdı və çoxaldı. Mən Azərbaycanda Rəşad Məcid kimi jurnalistləri görüncə çox sevindim və ümidlənməyə başladım ki, bizim ölkəmizdə də belə jurnalistlərin sayı artar. Kitabı oxuyarkən görürəm ki, Azərbaycan mədəniyyətinin - türk dilinin, himnin, ana dəyərlərin qorunması ön plana çəkilib. Yəni Rəşad Məcid üçün birinci mərkələdə Azərbaycan, ikinci mərhələdə bütöv Azərbaycan, üçüncü - sonuncu üçüncü mərhələdə isə bütün türk dünyasının birliyi həssaslıq var. Şimali Kipr Türk Respublikasından tutmuş Krım tatarlarına qədər çox geniş bir sahədə türk dünyasını problemlərini müzakirə edir və onu çözməyə çalışır. Kitabı təhlil edərkən bir məqam da ortaya çıxdı: Rəşad Məcid türk dilni, ədəbiyyatını və siyasətini bizdən yaxşı bilir”.

  Xəyal Rzanın “Aşk olsun” kitabını oxuyub təhlil edən Ayfer Yılmaz isə bildirdi ki, “Ədəbiyyatın bir özəlliyi də onun duyğu və düşüncələrdən qaynaqlanmış olmasıdır. X.Rza kitabda eşqdən bəhs edir. Bəli, yaşadığımız dünyada baş verən bütün gərginliklər, pisliklər elə sevgisizlikdən yaranır. Bizə gözəl duyğuları özünəməxsu dillə anlatdığı üçün şairə təşəkkür edirəm. Kitabda 45 şeir var, hamısı da eşqi tərənnüm edir, birində həsrət, birində ümid və s. var”.

  Tədbirdə səbəbkarlara da söz verildi.  

  Rəşad Məcid hələ gənc yaşlarından Türkiyə böyük sevgisindən, qovuşma xəyalının bir gün gerçəkləşəcəyi inamından bəhs etdi: “Sovet İttifaqı tərkibində yaşayırdıq. 24-25 yaşlı bir gənc ikən kim təsəvvür edərdi ki, yaşımın üzərinə bir bu qədər də yaş gəldikdən sonra kitablarım Türkiyədə çıxacaq, dostlar onun haqqında belə sözlər deyəcək? Sovetlərdən qurtulmaq istəyərkən - 80-90-cı illərdə Azərbaycan öz Qarabağ torpağında müharibə ilə üzləşdi. Xocalı soyqırımı törədildi. O illərdə yaşadığım hiss və duyğularımı bu kitabda əks etdirmişəm. Həm jurnalist, həm yazıcı kimi 25-30 illik yaradıcılığım danışır burada. Eyni zamanda, Türkiyə ilə bağlı düşüncələrim yer alır bu kitabımda. Məsələn, 90-cı illərdə Türkiyəyə gələndə bu ölkəyə dəlicəsinə bir sevgim var idi, çox insanlarla tanış oldum, amma məni incidirdi ki, bizim Türkiyəni tanıdığımız kimi Türkiyə Azərbaycanı tanımır. Lakin zaman keçdikcə vəziyyət dəyişdi. Üstəlik elə dostlar qazandım ki burada, onlardan biri - yazıçı, şair və ədəbiyyatşünas İrfan Çiftçi bu kitabıma ön söz yazacaq şərəfi bəxş etdi mənə. İrfan bəyi tanıyan onun simasında Türkiyəni daha çox Sevir. Hal-hazırda İrfan Çiftçi Türkiyənin Azərbaycandakı səfirliyində Mədəniyyət müşavirdir. Sonrakı illərdə Yaqub Öməroğlu, Əli Akbaş, İmdat Avşar, Mehmet Nuri Parmaksız və başqa dəyərli Türkiyə ziyalılarını tanıdım. Bu adamların dostluğu mənim üçün xəzinədir.

  Dünyanın ən böyük zövqlərindən biri öz kitabını əlinə almaq, onu vərəqləmək və qoxusunu almaqmış. Bu hissi təkrar mənə yaşatdığına görə İLESAM-a təşəkkürümü bildirirəm. Türkiyənin hər zaman güclü olmasını arzu edirəm. Çünki Türkiyənin gücü Azərbaycanın gücü deməkdir”.

  Xəyal Rza isə çıxışında İLESAM-ın Azərbaycandakı fəaliyyətinə toxundu: “Əlaqələr getdkcə genişlənir. Yeni-yeni layihələr həyata keçiririk. Yazıçılar Birliyinin üzvləri artmaqdadır. Hazırda İLESAM Azərbaycanda da dəyərli bir qurumdur… Rəşad Məcidin sözlərini mən də təsdiq edirəm ki, “dünyanın ən böyük zövqlərindən biri öz kitabını əlinə almaq, ona qovuşmaq və qoxusunu almaqdıq”.

  Səbəbkarlardan sonra söz tədbir iştirakçılarına verildi.

  Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu: “Türk dünyasının yaxınlaşması üçün böyük səylər göstəririk. Bu baxımdan böyük imtahandan uğurla keçdik. Təyyarə vuruldu, səhəri gün Azərbaycan dedi ki, “Biz Türkiyənin yanındayıq”. Bu bir araya gəlmələr, dostluqlar, yayınlanan kitabların çox böyük əhəmiyyəti var. Biz qardaşıq. Bu qardaşlığı əməkdaşlığa çeviririk ki, bərabərliyimizin faydası daha çox olsun. Rəşad Məcid çox yaxşı dostdur. Azərbaycanda bir problemimiz olunca ona deyirik. Rəşad Məcid bir fenomendir. Onun düşüncələrinin Türkiyə gənclərinin oxuması çox vacibdir. Bu bağları möhkəmləndirmək üçün çox işlər görməliyik. Müəlliflərə öz təşəkkürümü bildirirəm”.

İLESAM-ın üzvü Hayati İnanc: “İki dəyərli yazıçımızla bir arada olduğumuz üçün qürur duyuruq. Biri dəlilikdən, o biri eşqdən bəhs edir. Bu adamılarla yaxından tanış olduğum, çox sevindim.”

Yazıçı-tərcüməçi İmdat Avşar: “Bu gün mənim üçün də çox özəl bir gün oldu: iki gözəl dostla Ankarada bir araya gəldik. Buna görə İLESAM-a təşəkkür edirəm. Rəşad Məcid isə çoxtərəfli bir qələm ustasıdır. Yaxşı da dostdur. Kitabını böyük zövqlə oxudum… Mən uzun müddətdir tərcümə ilə məşğul olduğum üçün bunu da əminliklə deyə bilərəm ki, son dövrlər Azərbaycanda güclü gənc nəsil şairləri yetişir. Bunlardan biri Xəyal Rzadır. Həm milli ruhda, həm də könül dərdlərini dilə gətirən gözəl şeirləri var”.

Şair, nasir, tərcüməçi Seyran Səxavət: “Türkiyəyə ilk dəfədir gəlirəm. Çox xoşbəxtəm ki, burada bizim yazıçı və şairlərin kitablarının təqdimatı keçirilir. Mənim üçün yazıçı bir xarakterdir və o, öz yazılarında öz xarakterini ortaya qoyur. Hər ikisini yaxş tanıyıram: həm istedadlı, həm də gözəl insanlardır”.

  Çıxışlardan sonra müəlliflərin kitab imzalama mərasimi oldu.

  Qeyd edək ki, yazını TRT Azerbaycan saytına tədbirin iştirakçısı Mehparə Sultanova göndərdi.  

 



Әlaqәli Xәbәrlәr