Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü

Martın 14-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

691505
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü

Martın 14-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

Yelisey Sarayının qarşısında Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb, daha sonra dövlət başçıları birgə foto çəkdiriblər.

Görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Azərbaycan və Fransa arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpaolunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsinin aparıldığı da bildirilib.

İki ölkə prezidentlərinin birgə mətbuat konfransı keçirilib.

Fransua Olland birgə mətbuat konfransında Azərbaycan-Fransa əlaqələrinə toxunub, Dağlıq Qarabağ məsələsinə öz münasibətini bildirib.Daha sonra Avropada Türkiyədən nazirlərin girməsinə icazə verilməməsindən sonra ortaya çıxan diplomatik qalmaqala da toxunub.

Olland deyib ki, Türkiyə və Avropa ölkələri arasında hal-hazırda gərginlik var. Bizim Avropaya və Türkiyəyə əhtiyacımız var. Türkiyənin də Avropaya. Hər mövzuda olduğu kimi bu barədə də dialoqu təşviq etməliyik.

Azərbaycan Prezidenti İlham Əliyev Fransada olmaqdan məmnunyuğunu ifadə edərək deyib ki, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk. Xüsusilə mən 2014-cü ilin sonlarında Sizin təşəbbüsünüzlə bu Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyim görüşü qeyd etmək istəyirəm. Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu. Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulubdur. Orada bütün infrastruktur və binalar dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu ifadə ediblər. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilmişdir. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab Prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər.

Prezident qeyd etdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri böyük əhəmiyyət daşıyır. Keçən ay Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə əlaqədar danışıqlara start verildi. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur. Biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir.

Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün apardığımız danışıqlar belə deməyə əsas verir. Biz çox istəyirik ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın, beləliklə, Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın olsunlar.



Әlaqәli Xәbәrlәr