Tarixdə bu gün: 11 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

Tarixdə bu gün: 11 fevral

***

  1725-ci ilin 11 fevral tarixində Rusiyanın Xarici İşlər Kollegiyası Türkiyə və İranda yaşayan ermənilərin Xəzəryanı bölgələrə yerləşdirilməsi haqqında fərman verib. Bununla da Qafqazın etnik həyatında elə bir rol oynamayan ermənilərin Rusiya hökumətinin köməyilə Qafqaza gəlişinin əsası qoyulub. 

***

  1809-cü ilin bu günü ingilis ixtiraçısı Robert Fulton buxarlı gəminin patentini alır. Gəncliyində rəssamlığa maraq göstərən Robert daha sonralar rəsm sənətini kənara qoyaraq mühəndisliyə yönəlir. O, mərmərkəsmə maşını, toxuma makinası kimi ixtiraların patentini aldıqdan sonra 1797-ci ildə Parisə gedir. Uzun zamandır hazırladığı buxarlı gəmi üzərində işlərini Fransada davam etdirən Fulton 1803-cü ildə ilk buxarlı gəmisini dənizə çıxarmağa nail olur. Amma bu gəmi Fransa hökuməti tərəfindən laqeydliklə qarşılanır. Bir neçə ildən sonra Robert Fulton Amerikaya gedir və eyni işi orada sınaqdan keçirir.

  Fultonun gəmisi yelkən və kürək istifadə edilmədən suda üzən ilk gəmi idi və bu, Amerika hökuməti tərəfindən böyük maraqla qarşılanır.

  R.Fulton 1815-ci ildə ABŞ hökumətinin təklifi ilə ilk buxarlı döyüş gəmisini də yaradır.  

***

  1929-cu ilin 11 fevralında İtaliya hökuməti ilə Roma Papası arasında Lateran sazişi imzalanıb. Baş nazir Benito Mussolini ilə Papa XI Piyin imzaladığı həmin sənədə görə, Vatikan suveren dövlət elan olunub. 

***

  1965-ci ilin 11 fevralında “Yeni Adana” qəzeti Dünya Mətbuat Uğur Mükafatını qazanır. Bunun qısa tarixçəsi belədir.

  1918-ci ilin 25 dekabrında Birinci Dünya Müharibəsi bitmiş, Osmanlı İmperiyası məğlub olmuş və müqavilələrə görə torpaqlar bölüşdürülməyə başlanmışdı. Türkiyənin cənubunda yerləşən Adana və ətrafı fransızlar tərəfindən işğal edilmişdi. Bu işğaldan 5 gün sonra vətən torpaqlarını qorumağı qarşısında məqsəd qoyan “Adana” adlı bir qəzet nəşr olunmağa başlayır. Təbii ki, qəzet fransızların diqqətindən yayınmır və 3 sayından sonra bağlanılır. Bu işğalı əsla qəbul etməyə niyyəti olmayan qəzet sahibləri Əhməd Rəmzi bəy Yüregir və yozqatlı, ehtiyatda olan zabit Mehmet Avni Doğan 5 gün sonra bu dəfə "Yeni Adana” adı ilə qəzetin nəşrini davam etdirirlər. Haqlarında həbs və mətbəələrinin bağlanılması qərarları çıxır. Amma onlar mətbəə ləvazimatlarını da götürərək başqa şəhərə qaçma imkanı tapır, qəzeti çıxarmağa davam edir və Qurtuluş Savaşı gedən Anadoluda baş verən hadisələri yerli əhaliyə çatdırır.

  Amerika Mətbuat Birliyi Fondu “Amerika və Kanada xaricində dərc olunan qəzetlər üçün” müəyyən etdikləri Dünya Mətbuat Uğur Mükafatını 1965-ci ilin bu günü Türkiyədən “Yeni Adana” qəzetinə verir. Qəzet bu mükafatı alan ilk və tək Türkiyə qəzeti olaraq tarixə düşür.

                                      ***

  1978-ci ilin 11 fevralında Təbriz avtovağzalının yerləşdiyi Rahahən meydanında nümayişçilər İran ordusu tərəfindən atəşə tutulur.

                                              ***

  Bir il sonra - 1979-cu ilin 11 fevralında İranda İslam inqilabı baş verib. Nəticədə Pəhləvi sülaləsinin monarxiya rejimi devrilib, İran şahı başqa ölkəyə qaçıb və İran İslam Respublikası elan olunub. 

***

  2006-ci ilin 11 fevralında alman arxeoloqlar Şanlıurfa Göbəkli təpəsində bəşəriyyətin ən qədim xəbər sistemi olaraq xarakterizə etdikləri və bu gün də istifadə edilən yazının ibtidai forması olan işarələr tapıblar.

***

   11 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Qərb fəlsəfəsinin görkəmli şəxsiyyəti, fransız filosof, fizik, riyaziyyatçı Rene Dekartın (René Descartes) xatirə günüdür. (O, 1596-cı ildə anadan olub.)

  Dekart hələ gənc ikən Cizvit təriqəti əsasında fəlsəfədə yeni düşüncə tərzinin təməllərini atır. 16 il boyu etdiyi səfərlərin sonunda o, dövrün geniş ifadə azadlığına malik ölkəsi Hollandiyada qalır. 1637-ci ildə "Üsul üzərində söhbətlər", 1641-ci ildə "Dalğınlıq" əsərlərini nəşr etdirir. Onun fəlsəfəsi “şübhə və düşüncə” üzərində qurulmuşdu.

  Ölümündən 13 il sonra Dekartın əsərləri Papanın “Qadağan edilmiş kitablar” siyahısına daxil edilib. Səbəbi Dekartın fəlsəfəsinin bütün Avropada azad fikirlilik ovqatını yaratmasıydı.

  Dekart öz elmi nailiyyətləri ilə həm də riyaziyyat, mexanika və bilologiyanı zənginləşdirib.                                                          

  Rene Dekart 1650-ci ilin 11 fevralında 54 yaşında Stokholmda dünyasını dəyişib. О, İsveç paytaxtına 19 yaşlı kraliça Kristinanın dəvətilə gəlmişdi. (1596-1650)

***

  1784-cü ilin 11 fevralında Azərbaycanın maarifçi və böyük satirik şairi Qasım bəy Zakir dünyaya gəlib. Qarabağın mərkəzi Şuşada mollaxanada təhsil alıb, ərəb və fars dillərini öyrənib, klassik Şərq ədəbiyyatını mənimsəyib.  

  Qasım bəy Zakir 19-cu əsrin I yarısında yaranmağa başlayan realist ədəbiyyatın görkəmli nümayəndəsi, Vaqif ənənələrinin davamçısı sayılır. Onun lirik şeirlərində xalq poeziyasının təsiri güclüdür. Mənzum hekayələr və təmsilləri ilə Q.Zakir Azərbaycan satirik ədəbiyyatının gözəl nümunələrini yaradıb. (1784-1857)

***

  Rus diplomatı və yazıçısı Aleksandr Qriboyedov 1829-cu ilin bu günü Tehranda qətlə yetirilib. Rusiya ədəbiyyatında “Ağıldan bəla” pyesinin müəllifi kimi tanınan A.Qriboyedov Azərbaycan torpaqlarının ikiyə bölünməsi ilə nəticələnən Türkmənçay müqaviləsinin imzalanmasında iştirak edib. Dövrün Qacar (İran) şahı qətlə görə üzrxahlıq üçün dünyanın ən böyük qiymətli daşlarından sayılan “Şah” almazını rus çarına (Romanovlar) hədiyyə göndərib. (1795-1829)

***

  11 fevral 1847-ci ildə ABŞ-ın Ohayo ştatında məhşur Amerika ixtiraçısı Tomas Alva Edison anadan olub. Dünyanın bir çox akademiyalarının fəxri üzvü seçilən Edison, nə qədər qəribə olsa da, heç orta məktəb təhsili də almayıb. Amma öz fitri istedadı sayəsində elektrotexniki qurğular - tədqiqat xarakterli ilk sənaye laboratoriyası, fonoqraf, közərmə elektrik lampası, güclü generator konstruksiyaları, o cümlədən, dünyada ilk dəfə ictimai istifadə üçün elektrik stansiyası yaradıb. (1847-1931)



Әlaqәli Xәbәrlәr