İtmiş mədəniyyətin izində bir səyyah: Fuad Sezgin

Fuad Sezgin haqqında Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün yazısını təqdim edirik. ("Qlobal Pespektiv" verilişi 27 (04.07.2018)

İtmiş mədəniyyətin izində bir səyyah: Fuad Sezgin

Qlobal perspektiv_27 (04.07.2018)

  Həyatını müsəlmanların müasir elmlərə töhfəsinə həsr etmiş alimi – 94 yaşlı professor Fuad Sezgini itirdik. Bir əsrə yaxın ömrə sığdırdığı uğurlar və qoyduğu irs o qədərdir ki, bunlar bir neçə insan ömründə görülə biləcəkdən daha çoxdur. Fuad Sezgin heç dayanmadan işləyən, bir saat yaşayacaqmış kimi durmadan çalışan insan olub.

  Nədir bu böyük alimi fərqləndirən? Fuad Sezgin haqqında Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  Türkiyədən dünyaya səyahət. Fuad Sesgin 1924-cü ildə Bitlis rayonunda dünyaya gəlib. Əsas dini bilik və ərəbcə təhsilini rayon müftülüyündə çalışan atasından alıb. Ali təhsil həyatına isə 1943-cü ildən İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Şərqşünaslıq bölümü ilə davam edib. Burada alman şərqşünas alimi Helmutt Ritterlə tanış olur.  

  Bəzən pislikdən də xeyir çıxır, yəni, necə deyərlər, hər işdə bir xeyir var.

  Türkiyədə 1960-cı il çevrilişi baş verir. Hadisədən sonra bir çox alim və tələbə universitetdən qovulur. Fuad Sezginin də tək günahı qardaşının Demokrat Partiyanın rayon sədri olması idi. 36 yaşında ikən gənc alim Türkiyədə işsiz və çarəsiz qalır. Amma hər zaman olduğu kimi, işgüzar insanlara ölkələrində bütün qapılar bağlananda dünyanın başqa yerlərində mütləq yeni qapılar açılır. Fuad Sezgin də bu mənada onu universitetdən atan zabitlərə minnətdardır. Bu barədə deyib: "Etdiklərini və siyasətlərini bəyənmirəm. Amma onlara təşəkkür edirəm. Çünki məni universitetdən atmasaydılar, Almaniyada elmi fəaliyyətim də ola bilməzdi.”

    Bəli, Türkiyədə bütün qapılar üzünə bağlananda Amerika və Almaniyadan çağırılır. Türkiyəyə yaxınlığına və rahat gəlib-gedə biləcəyinə görə o, Almaniyanı üstün tutur. Burada gördüyü işlərlə İslam elmi tarixi sahəsində dünyanın ən mötəbər alimlərindən biri olaraq yetişir.

  Müsəlmanlar tarixdə yox idimi?

  Fuad Sezginin həyatına baxdıqda görürük ki, o, elm sahəsində bütün dünyanı fəthə qalxan səfərbər daimi əsgər kimidir. O kitabxanadan bu kitabxanaya dayanmadan qaçır, yalnız elmi işlərlə məşğul olurdu. Öz sözlərilə desək, “Günorta yeməyi əksərən çörəkarası pendir və ya mürəbbə idi”.

  Onu bütün qüvvəsi ilə ciddi-cəhdlə, dayanmadan çalışmağa sövq edən nə idi? - Müsəlmanların müasir elmlərə töhfəsinin olmadığı, bugünkü elm və texnologiyanın antik yunan və daha sonra Avropadakı proseslərə dayanması inancına qarşı durması. Fuad Serzgin bu barədə özü belə deyirdi: “Bu yanlış inamla ilk dəfə ibtidai sinfin ilk həftəsi qarşılaşdım. İkinci və üçüncü həftələrdə bizə Yerin kürə şəklində olduğunu anladan müəllimə müsəlman alimlərin hələ dünyanın bir öküzün buynuzunda daşındığına inandıqlarını öyrədirdi. Mən yazıq uşaq isə müsəlmanların ekvatorun uzunluğunu hələ 9-cu əsrdə bir neçə metodla 40 min km. olduğunu ölçdüklərini necə biləcəkdim ki?”

  Fuad Sezgin təbiət elmləri və bir çox texnoloji tərəqqiyə pay vermiş müsəlman alimlərin işlərini apardığı araştırmalarla ortaya qoyur. Hətta qədim yunan elm və fəlsəfənin də yenə müsəlman alimlər sayəsində müasir dövrlərə köçürüldüyünü sübut edir.

  Həyat tarixdə qalmır. Fuad Sezgin bu gün İslam elmlər tarixi sahəsində görülən işlər baxımından nəinki bir çox qərb, müsəlman ölkələrinin özündən belə çox irəlidədir. (http://fazlioglu.blogspot.com/2018/06/prof-dr-ihsan-fazlioglu-prof-dr-fuat-sezgin-ilebilim-tarihi-uzerine-soylesi-pdf.htm)

  Fuad Sezgin şəxsiyyəti və töhfələri. O, İstanbul Universitetində tanış olduğu alman şərqşünas alimi Helmutt Ritterin dünyagörüşü və əmək intizamından çox bəhrələnmişdi. H.Ritterin saydığı böyük İslam alimlərinin bəzilərini heç eşitməmişdi. Araşdırmalar apardığı zaman bir gün Ritter ondan gündə neçə saat işlədiyini soruşur, Fuad "13-14 saat” cavabını verir. Ritter isə: "Bu qədər çalışmaqla səndən alim olmaz", - deyir. Bundan sonra qocalana qədər Fuad Sezgin gündəlik iş vaxtını 17-18 saatdan aşağı salmır və bu, onda vərdişə çevrilir. Dolayısı ilə Fuad Sezginin şəxsiyyəti ilə bağlı ilk söylənəcək şey onun yorulmaq və dayanmaq bilmədən çalışması, işgüzarlığı idi. Bu alimdə gözə çarpan başqa cəhət, son əsrlər tez-tez edilənin əksinə olaraq elmlər və İslam mədəniyyətinə ziddiyyət üzərindən yanaşmaması idi. Fuad Sezgin müsəlman alimlərinin daha fəal olduğu dövrlərdə sahib olduqları özünəinam hissinə malik idi. Bu səbəbdən hansı dil, din və etnosdan olursa olsun, insanlarla çalışarkən, elmi məlumatları toplayarkən, ortaya çıxararkən son dərəcə özünə inamlı davranışı ilə seçilirdi.

  Fuad Sezginin müsəlman alimlərin elm və texnologiyaya töhfələrinə dair cildlərlə əsərləri son dərəcə qiymətlidir. Bununla yanaşı, o, sadəcə bir alim deyildi. Eyni zamanda, Qərbdə sahənin akademik inşası üçün cəmiyyət yaradan və Frankfurtda Ərəb-İslam Elmləri Tarixi İnstitutu yaradan, bütün maddi qazancını bu yolda sərf edən təəssübkeş idi. Bu da yetmirmiş kimi, müsəlmanların elm və texnologiyaya töhfələrini daha yaxşı görmək üçün Frankfurt və İstanbulda İslam Elm və Texnologiya Tarixi Muzeylərini qurub.

  İki Almaniya. Fuad Sezginin həyatında Almaniyanın yeri böyükdür. Türkiyədə 1960 çevrilişi ilə qapılar üzünə bağlandığı zaman ona imkan yaradan Almaniyaya elm tarixi borcludur. Fuad Sezgin də tez-tez bu minnətdarlığı dilə gətirirdi. Almaniya o illərdə bu işlərə özünəinamla və hər hansı bir kompleksə girmədən dəstək verib. Bu səbəbdən o günkü Almaniya təqdir olunmalıdır. Amma Almaniyanın bugünkü mövqeyi dünənkindən çox uzaqdır. Fuad Sezgin tamamilə öz imkanları ilə yaratdığı kitabxanasını Türkiyəyə daşımaq qərarı verdikdən sonra haqqında "kitabların mənimsəndiyi" ittihamıyla cinayət işi açılıb. Ömrünün sonlarına yaxın kitabxanasının qapısına qıfıl vurularaq ona öz yaratdığı kitabxanasına girməyə qadağa qoyulub. Fuad Sezgin isə siyasiləşməsin deyə mövzunu gündəmə gətirməyib, ictimailəşdirməyib. Sadəcə bu hadisəyə görə Almaniyanın keçmişdə və bu gün Fuad Sezginə münasibəti timsalında ölkədəki bugünkü mənfi dəyişiklik, getdikcə özünü içinə doğru bağlayan bir ölkə görünür.

  Yaxın zamanlara qədər türk və İslam dünyası Fuad Sezgini kifayət qədər tanımadı. Bu dünya, istisnalar xaricində, neçə əsrdir ki, nələr itirdiyini anlamadığı üçün Fuad Sezginin də kim olduğunu bilmirdi. Fuad Sezgin isə apardığı araşdırmalar, yazdığı elmi işlərlə alimlər üçün böyük məşəl yandıraraq dünyadan köçdü.



Әlaqәli Xәbәrlәr