Yerliləşən şərqşünaslıq (II hissə)

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Kürüsel perspektif_48 (28.11.2018)

Yerliləşən şərqşünaslıq (II hissə)

  Şərqşünaslıq get-gedə formasını dəyişir: əvvəllər Qərb tədqiqatçıları özləri araşdırma aparmaq üçün Şərqi gəzirdisə, son illər Qərb Qərbə gedən şərqlilərdən Şərqi öyrənmə yolunu tutub. Bununla xaricilərin həm təcrübələri, həm də pullarını öz ölkələrinə daşıyırlar. Məmləkəti üçün Qərbə təcrübə qazanmağa gedən mütəxəssis bu səfər öz deyil, demək olar ki, qonağı olduğu ölkənin aliminə çevrilir.

  Cəmiyyətinə yadlaşan ziyalılar. Ölkəsinə yaramayacaq işlərlə geri dönmək 200 ildir ki, Şərqə problemlər yaradır. Üstəlik, bir çox çətinliklərə baxmayaraq, ümidlə xaricə göndərilənlərə ayrılan xərclər, qıt qaynaqlar da boşa gedir. Qərbdə qazanılan bu elm ümidləri doğrultmur və o qədər faydasız olur ki, Şərq ölkələrinin inkişafına kilid vurur, ümidlər başqa bahara qalır. Qərb üçün görülən işlərlə ölkələrinə dönən ən tanınan adamlar belə sanki “Avropa yığması” olur.

  Türkiyə prizmasından 200 ildir qarşılaşılan “ziyalı yadlaşması” probleminin nələrdən ibarət olduğuna diqqət edək.

  İnkişaf etməkdə olan ölkələrdən xaricə getmək böyük bir üstünlük sayılır. Ona görə də gedənlərə daha çox ümid bəslənilir. Amma onlar öz cəmiyyətinə yadlaşmış şəkildə qayıdanda yaratdıqları mənfi təsir çox ağır olur. Təxminən bir əsr əvvəl Osmanlı dövlətinin baş vəziri (sədrəzəm) Səid Həlim Paşanın sözlərindən bu vəziyyətin yeni olmadığını anlayırıq. O, yaşadığı dövrdə Qərbi və öz cəmiyyətini tanımayan iki cür ziyalıdan bəhs edir və hansının daha zərərli olduğunu soruşunca belə cavab verir: “İkisi də zərərlidir. Lakin Qərbi öyrənib özünü tanımayan ziyalılar daha betərdir.”

  Uzun zaman xaricdə qalanlardan bir qismi nəinki öz cəmiyyətinə laqeydləşir, bəzən bir nifrət, bir yuxarıdan aşağı baxma havasında olur. Halbuki xaricdən qayıdanlardan gözlənilən, cəmiyyətinin əksəriyyətinin bildiyi çatışmazlıqlara lağ etmək, yüksək pərdədən, sərt, bazar alverçiləri kimi bağıraraq, alçaldıcı şəkildə təhqirlə deyil, bu problemlərin həlli üçün ölkəsinə qayıdarkən nə gətirdiyi, hansı potensialla qayıtmasıdır. Yəni getdiyi ölkənin ədəbiyyatını heyranlıqla deyil, analiz edərək öz cəmiyyətinə uyğunlaşdırmaq lazımdır.

  Öz-özünü şərqliləşdirmək. Dövlət qurumları və akademik institutlar tərəfindən xaricdə oxuyan və tədqiqat aparanlar öz cəmiyyətlərinə yadlaşdıqları zaman onlara gələcək nəsilləri də tapşırmaq da zərərli olur. Qərbdə sosial elmlər sahəsində öyrədilən bilik, nəzəriyyə və üsullar, şübhəsiz, o ölkələr üçün daha keçərlidir. Bu bilgilərin hamısı deyil, müəyyən hissəsi digər ölkələrə faydalı ola bilər. Amma siyasət, sosiologiya, iqtisadiyyat kimi ictimai elmləri tamamilə Qərbdəki kimi öyrətməyə çalışanda öz ölkələrinə köksüzlük və tarixsizlik daşımış olurlar. Çünki Avropa elmi ədəbiyyatında Qərbdən kənar cəmiyyətlərə dair məlumat və Şərq alimlərinin yanaşmalarına çox zaman yer verilmir. Səbəbi Qərb alimlərinin fikirləri və öz təcrübələrini Şərqə ötürməkdir. Beləliklə, Qərbin tarix və təcrübəsi avropalılar tərəfindən birbaşa deyil, orada təlim keçmiş Şərq alimləri tərəfindən Şərqə dolayısıyla məhkum edilmiş olur.

  Problemin səbəbləri. Şübhəsiz, getdikləri ölkələrdə öz dövlətlərinə son dərəcə dəyərli işlər görən tədqiqatçılar da var. Bunları söylədiyimiz problemlərdən uzaq tutaraq səbəbləri aydınlaşdırmağa çalışaq.

  Göndərən ölkənin çalışılacaq mövzuya dair istiqamətverici bir tənzimləmə etməməsi. İstər hökumət, istər universitetlər tərəfindən xaricə göndərilənlərə qarşı bir məhdudiyyət yoxdur, gediləcək ölkə belə seçənə buraxılır.

  Gedənlərin işin asanına qaçması. Xaricə gedənlər daha çalışqan və həmin ölkə dilini daha yaxşı bilməlidir. Çünki elmi iş götürdükləri akademik dairələr öz ölkələrinə dair mükəmməl bilgi sahibidir. Bu da o ölkəyə dair məsələləri araşdırmaq üçün daha çox araşdırma, zəhmət və bilik istəyir. Amma asana qaçma və ya səhv istiqamətləndirmə üzündən xaricə gedən öz ölkəsi üçün çox da mənası olmayan elmi işlərlə məşğul olur. Məsələn, bir aspirant Avstriyada “Türkiyənin Avropa İttifaqı siyasəti”, başqa bir aspirant isə Almaniyada “AK Partiya” mövzusunda çalışaraq Türkiyəyə dönüb. Halbuki Türkiyədə bu mövzularda küçədəki adamlar belə mütəxəssis olub. Xaricdə bu məsələləri çalışmaq Türkiyəyə nə töhfələr verə bilər ki? Bunlar yalnız avropalılar üçün dəyərlidir.

  Və ya 2017-ci ildə ABŞ-da iki türkiyəli aspirantın elmi işlərinin mövzuları bunlar olub: "Türkiyədə İslamçı Hərəkatlar" və "Sufiliyin Kürd Hərəkatına Təsiri". Görəsən, onlar Türkiyəyə qayıtdıqda bunlarla ölkəyə nə verməyi gözləyir? Türkiyədə daha çox ABŞ-dakı din-dövlət münasibətləri və ya evangelizm mövzularını bilməyə ehtiyac duyulur.

  Gedilən ölkələrdə imperialist düşüncəli alimlərin yönəltməsi. İstiqamətləndirmə çox önəmlidir. Amma gedənlərin israrlı olmaları görmək istədiklərini öyrənmələrinə əngəl olmur, əksinə, qapı açır.

  Şübhəsiz ki, Türkiyəyə dair elmi işlər də lazımdır, hətta bəzən təşviq edilməlidir. Məsələn, bir çox ölkəni maraqlandıran Osmanlı tarixi, irsi bizim alimlər tərəfindən xaricdə müdafiə olunarsa, son dərəcə qiymətli sayılar.

  Türkiyədən qayıtmaq şərtilə göndərilənlər qurumların icazəsinə bağlı olduğu üçün onların ölkəyə faydalı elmi iş və təcrübə gətirib-gətirməyəcəyinə nəzarət edilə və bununla 200 ildir qarşı-qarşıya qaldığımız problemlər müəyyən nisbətdə çözülə bilər, üstəlik vətəninə böyük xeyirlər verər. Əks təqdirdə, göndərdiyimiz tədqiqatçıları Qərb üçün görülən işlər içərisində itirməyə davam edəcəyik.

  Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim etdik.



Әlaqәli Xәbәrlәr