Avropa Müsəlman Ziyalılar Konqresi

Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün Müsəlman Ziyalılar Konqresilə bağlı analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_46 (14 noyabr 2018)

Avropa Müsəlman Ziyalılar Konqresi

Qlobal perspektiv_46 (14.11.2018)

  Avropa İslamı kontekstində Qərbin bəzi yazarları və dövlətləri mövzuya daha çox özlərinə uyğun şəkildə yanaşır, yaratdıqları İslam Şurası təşkilatları ilə onlara problem görünən məsələləri gündəmə gətirir və ictimailəşdirirlər. Bu və bənzər komissiyaların strukturu, üzvləri və ortaya qoyulan fikirlər çox zaman müsəlmanlar tərəfindən mənimsənilməməyə və ya problem kimi görünə bilir. Ona görə müsəlmanlar öz kimliklərinə daha çox hakim olmalı, daha yüksək səslə özlərini ifadə etməlidir. Xüsusən, Qərbdə yaşayan müsəlmanların öz kimliklərinə hakim olmaq üçün etdikləri və edəcəkləri çox iş var.

  Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün Müsəlman Ziyalılar Konqresilə bağlı analiz-yazısını təqdim edirik. (Mətni oxuyur Sevda Mirzə.)

  İllik konqreslər. Qloballaşma prosesləri və Suriyada olduğu kimi, imperialist məqsədlərin yaratdığı ədalətsizliklər hesabına böyük köçlər baş verir. Qədimdə uzaq diyarlarda keçən ömür-günü əks etdirən folklor artıq bu günkü həyatın içindədir. Bu da qeyri-müəyyənlik, narahatlıq, qorxu və təlaş yaratmaqdadır. Belə şəraitlərdə köçlə gələnlərin özlərini daha yaxşı ifadə etmələri həm istəmədikləri gündəlik həyat tərzilə qarşılaşmamaq, həm də duyduqları narahatlığı azaltmaq baxımından son dərəcə faydalıdır.

  Bu çərçivədə Avropada yaşayan müsəlman ziyalılar platforma yaradaraq hər il konqreslər təşkil edə bilər. Bu tədbirlər Paris, London, Berlin, Brüssel kimi hər dəfə bir Avropa paytaxtında keçirilə bilər. Konqreslərdə müsəlmanların özlərini daha yaxşı ifadə etmələrinə yarayacaq fikirlərlə yanaşı, Avropa və ümumilikdə bəşəriyyətin intensiv müzakirə etdiyi mövzular da, məsələn, terrorizm, irqçilik, islam ziddiyyəti, söz azadlığı, təhsil, ailə, gənclər, birlikdə yaşamaq, narkotika, məktəb cinayətləri, uşaqların ailələrindən zorla alınması kimi məsələlər də ola bilər.

  Konqreslərdə müsəlman ziyalılarla yanaşı, dövrün qabaqcıl adamları, tədbirin keçirildiyi şəhərin vali və bələdiyyə sədrləri, o ölkənin müvafiq qurumlarının nümayəndələri və dövlət rəsmilərinin də iştirakı son dərəcə vacibdir. Beləliklə, konqreslər müslümanlararası qapalı bir konqres olmaqdan çıxar. Problemlər eyni isə onlara coğrafiyaların müxtəlif təbəqələrilə birlikdə həll axtarışı tapmaq daha sağlam nəticələr verə bilər.

  Konqresin hər il bir bəyanat verməsi, həm də nələri problem olaraq gördüyünü ortaya qoyması həllin nə olduğunu ifadə edərək yol göstərməsi baxımından son dərəcə əhəmiyyətlidir.

  Niyə müsəlman ziyalılar? Əvvəla, ziyalılar yaşadıqları cəmiyyətdəki müxtəlif zümrələrlə birgə məkanlarda görüşə, onlarla daha rahat dialoq qura bilən təbəqədir.

  Konqreslərdə danışılacaq məsələlər dini, sosioloji, psixoloji, siyasi, iqtisadi, mədəni və başqa ölçülərdə olur. Buna görə də konqreslər ziyalı konqresi olmalı, amma din xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, biznes, mədəniyyət və siyasət adamlarına da yer verilməlidir.

  Konqresin mümkün töhfələri. Müsəlman ziyalılar, müvafiq dövlət rəsmiləri və marağı olan tərəflərin iştirak etdiyi belə bir konqres çox cəhətdən müsbət nəticələr hasil edə bilər. Birincisi, müsəlman icmalar üçün. Avropada yaşayan müsəlman ziyalılar, təəssüf ki, beynəlxalq mövzularda tez-tez bir araya gəlmir, daha çox regional, ölkələrinin və dini platformalarda özlərini ifadə edirlər.

  Avropada müsəlmanların problemləri ortaq olsa da, çözümlər daha çox ölkə təcrübələri, müxtəlif adət-ənənələr və yerli təşkilatlar içərisində axtarılır. Bu baxımdan da konqreslər müsəlman ziyalılara öz problemlərini ətraflı şəkildə müzakirə imkanı verər.

  Müsəlmanlar ölkə, ideologiya, etnik, məzhəbi, dünyəvi mənsubluqlara bölünərək çox parçalı şəkildə yaşayır. Bəziləri gəldikləri Avropa, ABŞ, Avrstraliya kimi ölkələrə bütün adət-ənənələrini olduğu kimi daşımaq üçün əlləşir. Amma konqreslər məsələlərə ortaq üst baxış və yanaşma gətirərək nəticələr hasil edə bilər.

  Digər tərəfdən, belə bir konqres və ya platforma müsəlmanlar adından danışmaq səlahiyyəti olan adların önə çıxmasına təkan olacaq. Konqres, başqalarının deyil, məhz müsəlman ziyalıların özlərinə nəyi problem hesab etdiklərini və həll olaraq nə təklif etdiklərini müəyyənləşdirmək imkanı verəcəyi üçün başqalarının həll axtarışını da zəiflədəcək.

  Marağı olan dövlətlər üçün də bu müsəlman konqreslərinin əhəmiyyəti var. Ölkələrində daha çox müsəlman olan dövlətlərdən bəziləri anlama, həlletmə niyyəti, bəziləri isə assimilyasiya və manipulyasiya etmək məqsədilə müsəlmanları maraqlandıran məsələləri gündəmə salır. Belə bir konqres birlikdə yaşamanın gətirdiyi imkan və problemləri yaxından görərək yaxşı niyyətlə həll etmək istəyən dövlətlərə də yardımçı olacaq. Bununla da bilərəkdən və ya bilməyərəkdən müsəlmanlar adına problem təyinetmə və onların qəbul etmədiyini həlletmə, daha doğrusu, təkid reaksiyalarına kilid vuracaq.

  Bəs bu konqreslərin içərisində yaşadığı cəmiyyət üçün faydası nədir? Tarixlərində müxtəlif millətlərlə yaşama təcrübəsi az olduğundan Qərb ölkələrində dövlətdən kənar aktorlar, qeyri-hökumət təşkilatları, ziyalılar, ayrı-ayrı fərdlər müsəlman icmalara qarşı təbii bir maraq, eyni zamanda narahatlıq içindədir. Müsəlman ziyalıların konqres vasitəsilə özlərini, fikirlərini, aktual hadisələrə dair baxışlarını daha açıq etmələri bu narahatlıq və marağa da müəyyən mənada cavab olacaq. Onların narahatlığına müsəlman ziyalılar tərəfindən birbaşa münasibət bildirilməzsə, bu boşluğu başqaları mütləq və çox vaxt yanlış cavabla dolduracaq. Ona görə bu cür konqreslər nəinki Avropa kontekstində, müsəlmanların azlıqda olduğu bütün məkanlarda yaxşı təcrübələr və anlayışlar yarada bilər. Yəni Afrika, Balkanlar, Avstraliya və başqa yerlərdə də Müsəlman Ziyalılar Konqresi təşkil etmək olar. ABŞ-da isə tam olmasa da, bu mənada təşkil edələn bəzi konqreslər söylədiyimiz funksiyaları görür və töhfə verir.



Әlaqәli Xәbәrlәr