Türkiyәnin iqtisadi Perspektivlәri 44/2018

Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə qurulmuş STAR Neftayırma Zavodu ötən həftə fəaliyyətə başladı.

Türkiyәnin iqtisadi Perspektivlәri 44/2018

Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə qurulmuş STAR Neftayırma Zavodu ötən həftə fəaliyyətə başladı. Dünya bazarlarına əlavə dəyəri yüksək olan məhsullar çıxarmaq istiqamətində  son dərəcə əhəmiyyətli bir təşəbbüs olan bu zavod Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının diqqətəlayiq nümunələrindən biridir.

Regional enerji ticarətinə istiqamət verən, strateji dəyəri yüksək olan TANAP layihəsinin iki aktyoru - Türkiyə və Azərbaycan energetika sahəsində qurduqları güclü əlaqələri təbii qazdan sonra neft sahəsində də davam etdirərək, bu sahədə birgə təşəbbüslərini hər gün daha da genişləndirirlər. Türkiyənin dizel yanacağı idxalında əhəmiyyətli azalmanı təmin edəcək və cari açığa töhfə verəcək Star Zavodu Türkiyənin enerji bazarlarındakı mövqeyini gücləndirəcək. Bu səbəbdən zavodun fəaliyyətini yeni bir dövrün başlanğıcı kimi xarakterizə edə bilərik.

Türkiyənin enerji idxalının böyük bir hissəsini xam neft və neft məhsullarının idxalı təşkil edir. Ölkə ildə 25 milyon ton xam neft, 18 milyon tona yaxın neft məhsulları idxal edir.

STAR Neftayırma Zavodu Türkiyənin neft məhsulları tələbatının 25%-ə qədərini ödəyə biləcək gücə malikdir. Bu isə qarşıdakı dövrdə bu zavod sayəsində neft məhsullarının müəyyən hissəsinin Türkiyədə istehsal ediləcəyi və idxalın əhəmiyyətli dərəcədə azalacağı deməkdir.

Məlumdur ki, enerji idxalı cari kəsirin ən vacib ünsürlərindən biridir. Buna görə də neft məhsullarında xaricdən asılılığı azaltma istiqamətində atılacaq hər bir addım strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, Star Neftayırma Zavodunun Türkiyə iqtisadiyyatına töhfəsinin son dərəcə əhəmiyyətli olduğunu vurğulamaq lazımdır.

Bu təşəbbüs sayəsində xarici ticarət kəsirinin illik 1,5 milyard dollara düşməsi cari kəsirin azaldılmasında strateji sektorların yerini və əhəmiyyətini ön plana çıxarır. Eyni zamanda, iqtisadi siyasətdə bunun kimi konkret addımların hər  gün daha da artdığını qeyd etmək yerinə düşər.

Neftə hər bir mərhələdə əlavə dəyər qazandıracaq bu addım Türkiyənin əlavə dəyərli məhsul istehsalını artıraraq cari kəsirini azaldacaq, ölkənin qlobal enerji bazarlarındakı rəqabət gücünü artıracaq.

Əhalini  yeni iş yerləri ilə təmin edəcək bu zavod Türkiyədə enerji iqtisadiyyatı sahəsindəki dinamikalara hərəkətverici təsir göstərəcək.

Bu gün Xəzərdəki zəngin ehtiyatları Avropa bazarına çıxarmaq istəyən Azərbaycan istər coğrafi mövqeyi, istərsə də marşrut və maliyyə məsələsində təmin etdiyi imkanlarla region üçün olduqca həlledici əhəmiyyətə malik olan Türkiyə ilə ortaq pay məsləsində də razılığa gəlib, münasibətləri  sabit kapital sərmayələri ilə də dəstəkləyərək, daha da inkişaf etdirib.

Türkiyə-Azərbaycan əməkdaşlığının məhsulu olan Star Neftayırma Zavodu iki ölkənin həm qaz, həm də neft sahəsindəki ortaqlığını daha yüksək səviyyəyə çatdırma cəhdinin açıq göstəricisidir.

İki ölkənin bu sahədə nümayiş etdirdiyi birgə mövqe və siyasətin  məhsulu olan layihə və sərmayələr bir tərəfdən regional enerji bazarlarını istiqamətləndirir, digər tərəfdən də regionun enerji təhlükəsizliyi məsələsində iki aktyorun fəal rolunu nümayiş etdirir.

Türkiyə enerji ticarətində mərkəzi ölkə olma və bölgənin mövcud enerji potensialının səmərəli şəkildə istifadə edilməsi məqsədiylə  Azərbaycana olduğu kimi, bölgənin digər enerji ehtiyatlarına malik ölkələrinə də eyni imkanları təqdim etməyə hazırdır.

Beləliklə, günümüzün atılan addımların davamlılığı və yeni sərmayələrlə daha  yüksək səviyyəyə keçilməsi üçün son dərəcə əlverişli bir zaman kəsimi olduğunu vurğulaya bilərik.

 

        



Әlaqәli Xәbәrlәr