• Video Qalereya

Ya məhvolma, ya da qlobal ədalət

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_44 (31 oktyabr 2018)

Ya məhvolma, ya da qlobal ədalət

Qlobal perspektiv_44 (31.10.2018)

  Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün "Ya məhvolma, ya da qlobal ədalət" analiz-yazısını təqdim edirik. 

  XX əsr bəşəriyyətin ən çox vəhşiliklə qarşılaşdığı bir əsrdir. İçərisində tarixin ən qanlı iki müharibəsini daşıyan bu əsr təkcə insanları deyil, atıldığı yerlərdəki bütün canlı növlərini də yox edən atom bombalarının izini daşıyır.

  İkinci Dünya Müharibəsindən sonra qurulan sistem baş verənlərdən dərslər çıxaracaq, müharibələri lazımsız edəcək sülh, əmin-amanlıq nizamı deyil, malik olduğu mövqeləri qoruyacaq qaliblər şəbəkəsidir. Beynəlxalq valyuta sisteminin ifadəsi olan və Amerika dollarını dünyanın əsas valyutası edən “Bretton Woods” sistemi BMT qaliblərinin qurduğu hakimiyyəti bərkidən tədbirlərdəndir. 

  Soyuq müharibə dövründə işə yarayan, yaxşı çalışan “Bretton Woods” sistemi artıq bu gün elə BMT-nin özü kimi çatlayır, yəni BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin arasında qlobal güc bölgüsü dəyişir.

  İkiqütblü dünyanın sona çatması ilə qlobal aktyorlar müxtəlif kombinasiyalarla, ya da koalisiyalarla mövcud rejimi davam etdirməyə çalışır. Ədalətə söykənməyən qlobal koalisiyaların İraq, Əfqanıstan, Bosniya, Krım, Suriya və Arakana laqeyd münasibətini və acı nəticələrini hələ də görürük.

  Soyuq müharibə dövrünün davamı olan qlobal sistemdə proseslər açıq-aşkar görünür və gün-gündən tənqidlər artır. Ona görə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan hər fürsətdə dünyanın beşdən böyük olduğunu vurğulayır.

  Qlobal rabitələr qapalı cəmiyyətləri və hər cür ədalətsizliyi davametdirmə səyi və maliyyəsini artırmaqdadır. Amma bu gün hər cür informasiyaya asanlıqla nail olunduğu, ədalətsizliklərin aydın müşahidə edildiyi qlobal dünyada soyuq müharibə rejimi uzun sürə bilməz.

  Bu gün "əvvəlki vəziyyət"in qeyri mümkün və qeyri-müəyyən olduğu bir dövrdə yaşayırıq. Nəticə budur ki, köhnə sistemlə davam qeyri-mümkün, yeni durum isə yıxılmış vəziyyətdədir.

  Bəli, əvvəlki vəziyyəti davam etdirmənin maliyyəti getdikcə artmaqdadır. Amma qlobal aktorlar, tarixlərində olmadığı qədər, sadəcə insan nəslini deyil, bütün canlı növlərini məhv edəcək kimyəvi silah və hidrogen bombalara malikdirlər.

  Bu əlamətlər də o deməkdir ki, balanssız bir siyasi liderlik bütün dünyanın gələcəyini təhlükə altına atır. Soyuq müharibə rejiminin sorğulandığı, amma hazırki vəziyyətin əvvəlkindən çox da fərqli olmadığı şəraitdə yeni bir yoxolma təhdidi ilə qarşılaşmamaq üçün bütün bəşəriyyəti təhlükə altında saxlayan silahlardan qurtulmaq və soyuq müharibədən sonra dünyaya sülh və əmin-amanlıq gətirmək məqsədilə

hər sahədə qlobal ədalət koalisiyaları yaratmaq lazımdır. Çünki ədalət də, ədalətsizlik də yoluxucudur.

  Akademiklər, ziyalılar, iş dünyası, peşə qrupları, həmkarlar ittifaqları, hüquq qurumları, düşüncə mərkəzləri, qeyri-hökumət təşkilatları, ədəbiyyat, incəsənət, idman dairələri, tələbə birlikləri öz aralarında qlobal ədalət koalisiyalarının bir parçası ola bilər. Bu istiqamətdə ilk növbədə bir-birini tanıma və əməkdaşlığa yönəlik fəaliyyətləri artırıb səsləri birlikdə yüksəltmək lazımdır.

  Keçmiş soyuq müharibə dövründə plüralizm olmadığı üçün media qarşısında da fərqli axtarışlar ola bilmirdi. İndi inkişaf edən rabitə və informasiya texnologiyaları, artan insan vərdişləri hər sahədə müxtəlif ölkələrdən olan adamlar arasında əməkdaşlığı mümkün edir. Məsələn, tələbəsənsə, bu, hər tərəfdə nə qədər xarici tələbə, iş adamısansa, bu, qlobal səviyyədə nə qədər əlaqə deməkdir. Hər sahədə belə bir axtarış içində olmalıyıq.

  Təhdid çox yaxında, yandırıcı və qlobal ikən, yerli olaraq qlobal nəticələr əldə edilə bilməz. Müsəlman, xristian, yəhudi, ateist, bütpərəst, hansı əqidə, ideologiya və dünya görüşündən olursaq olaq, qarşı-qarşıya qaldığımız riskin miqyasını düşünərək qlobal ədalət koalisiyaları içərisində hamımız birlikdə gələcəyimizə sahib çıxmalı, məhşəri-vicdanı önə çəkməliyik.

  Əslində zamanla bu vəziyyətə nail olunur. Məsələn, ABŞ-ın təktərəfli Qüds qərarına qarşı BMT Təhlükəsizlik Şurasına bütün ölkələrin göstərdiyi birgə səy, davranış, yaxud vəhşicəsinə qətlə yetirilən Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqci cinayətinə dünyanın reaksiyası bəşəriyyətin ortaq duyğu və duruşunun mümkün olduğunu göstərir və ümid verir.

  Ümumiyyətlə, qlobal ədalət koalisiyaları qurulsa, Qüds, Arakan, Suriya, İnsan haqları, islamofobiya, ayrı-seçkilik, neonasizm, faşizm, kimyəvi silahlanma və inhisarçılığa qarşı birgə davranış nümayiş etdirilə bilər.

  Hər səviyyədə qlobal ədalətsizlikləri ifşa etməli, buna qarşı qlobal ədalət tələb etməliyik. Hansı dindən, dildən, irqdən, inancdan, ideologiyadan olmasına baxmayaraq, kimdən gəlirsə gəlsin, zülmü ifşa etməsək, məhvolma labüddür. Çünki tək bir dövlətin, qrupun, cəmiyyətin təkbaşına qlobal hücumları dayandırması mümkün deyil.

  Yeni qlobal sistemin hələ yaradılmadığı bir dövrdəyik. Dünya sanki ərafda yaşayır, yəni cənnət və cəhənnəm arasında. Amma bizim ədalətli dünya düzəltmək üçün imkanımız var. Bunun üçün maksimum səy göstərməliyik. Yoxsa sabah ədalətə söykənməyən yeni dünya sistemi əvvəlki kimi yanlışlarla qurularsa, ya da qlobal aktyorlardan biri bəşəriyyəti məhv edəcək bombaları atəşləyib qiyaməti gətirincə, çox gec olacaq.



Әlaqәli Xәbәrlәr