Suriyada Soçi müddəti və S-300-lərin yerləşdirilməsi

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun yazısını təqdim edirik. (Gündəm analizi_42 / 19.10.2018)

Suriyada Soçi müddəti və S-300-lərin yerləşdirilməsi

  Son zamanlar Suriya ilə bağlı bir çox mühüm addımlar atıldı. Suriya hökumətinin Rusiya və İranın dəstəyilə İdlibə qarşı mümkün hücumu Türkiyənin qərarlı duruşu ilə əngəlləndi və Soçi sammitində Türkiyə və Rusiya arasında anlaşma imzalandı.

  Soçi müqaviləsi bir tərəfdən 3 milyondan çox vətəndaşın yaşadığı İdlibi ehtimal olunan hücum və humanitar böhrandan qorudu, digər tərəfdən Rusiya və Türkiyənin üzərinə müəyyən vəzifələr qoydu. Anlaşmada bildirildiyi kimi, 15-20 km. enində silahsız neytral zona yaradılacaq, M4 və M5 avtomobil magistralları azad ticarətə açılacaq, Türkiyə və Rusiya əsgəri cəbhə xəttinin hər iki tərəfində keşik tutacaq, hər iki ölkə Pilotsuz Uçan Aparatlarla (PUA) İdlib üzərində nəzarət fəaliyyəti həyata keçirəcək.

  Son günlərin digər mühüm hadisəsi isə Rusiyanın İL-20 təyyarəsinin İsrailin hava hücumları zamanı səhvən Suriya hava müdafiə sistemləri tərəfindən salınması oldu. Rusiya təyyarənin düşməsinə görə İsraili qınadı, İsrail isə Əsəd rejimini iş bilməməkdə təqsirləndirdi. Baş verən hadisəyə cavab olaraq Rusiya Suriya hökumətinə S-300 Hava Müdafiə Sistemlərini təslim etdi.

  Bəli, Türkiyə və Rusiya arasında varılan Soçi anlaşması İdlib bölgəsində hər iki ölkənin üzərinə böyük vəzifələr qoydu. Eyni zamanda, müqavilənin həyata keçirilməsi bəzi risk və çətinliklər yaradır, xüsusən Türkiyə üçün.

  İdlib bölgəsində hələ də terror və ayrı-ayrı qrupların radikallığı hökm sürür. Heyət Tahrir uş-Şam (HTŞ) kimi radikal təşkilatlar, Soçi müqaviləsində yazıldığı kimi, tərksilah edilib fəaliyyətləri sona çatdırılmalıdır. Bunu təmin etmək üçün Türkiyə bir tərəfdən lazımi həmlələri edir, digər tərəfdən ona yardım edən Suriya müxalifəti vasitəsilə lazımi təzyiq göstərməkdədir.

  Soçi anlaşmasına görə, tərksilah edilmiş bölgədən Suriya müxalifəti də ağır silahlarını İdlibdən geri çəkməli idi. Türkiyə rəsmilərinin səyi ilə Suriya müxalifəti cəbhə xəttindən tank, raketatar, minaatan və toplarını İdlibin içərilərinə doğru geri çəkdi. Amma hökumətin ehtimal olunan hücumuna qarşı qurulan müdafiə xətlərindəki hərbi varlıqları - müşahidəçi anti-tank raketlər, yüngül və orta mənzilli, 23 və 57 millimetrlik silahlar neytral zonadadır. Bu baxımdan tərksilah edilmiş ərazi üçün əslində “ağır silahlardan təmizləndi” demək olar.

  Rusiya və Türkiyə arasında imzalanan Soçi müqaviləsindən sonra İdlibə qarşı hava hücumlarına son qoyulub və vətəndaşın gündəlik həyatı yenidən canlanıb. Xüsusən, Şimali Xama kəndindən köçən 60 minə yaxın mülki əhali yeni evlərinə geri dönməyə başlayıb. Türkiyə diplomatiyasının böyük uğuru 3 milyondan çox insanın can və malını qoruyur. Bu da o deməkdir ki, Türkiyə böyük bir hümanizm qələbəsi çalıb.

  İndi digər məsələyə keçək. Rusiya İL-20 təyyarəsinin düşməsində İsraili günahlandıran sərt bəyanatlar verdi və maraqlı addım atdı: İsrail və Rusiya arasındakı gərginlik böhrana çevrilməmiş Suriya hökumətinə S-300 Hava Müdafiə Sistemlərini təslim edərək İsrailin Suriya hava sahəsindəki dairəsini azaltdı. İsrail uzun zamandır Suriya hava məkanından istifadə edərək Suriyadakı İran və Hizbullah qruplarına qarşı hava hücumları edirdi. Çünki bura qədər Rusiyanın İsrail təyyarələrinə qarşı dövriyyəyə girməməsi və Suriya hökumətinin Hava Müdafiə Sistemlərinin yetərsiz qalması İsrailə qol-qanad açmağa, əməliyyatlarını asanlıqla həyata keçirməyə şərait yaratmışdı.

  Rusiyanın Suriya hökumətinə S-300 Hava Müdafiə Sistemlərini təslim etməsi ilk baxışda İsrailə qarşı görünsə də, bundan sonra bu sistem başqa işlərə də yaraya bilər. Məsələn, mümkün vəziyyətdə Əsəd rejimi S-300 Hava Müdafiə Sistemlərini ABŞ rəhbərliyi altındakı beynəlxalq koalisiyaya, həm də Türkiyə Hava Qüvvələrinə qarşı istifadə edərək güclü mövqe tutar. Bu vəziyyət nəinki İsrail, Suriya hava məkanını istifadə edən bütün oyunculara da təsir etmək potensialına malikdir.



Әlaqәli Xәbәrlәr