• Video Qalereya

Vecihi Hürkuşdan Hürkuş təyyarələrinə qədər uzanan yol

"Türkiyə Milli Müdafiə Sənayesi Layihələri" silsiləsindən (07/2018)

Vecihi Hürkuşdan Hürkuş təyyarələrinə qədər uzanan yol

  20-23 sentyabr tarixlərində Türkiyədə ilk dəfə İstanbul Böyükşəhər Bələdiyyəsi və T3 Fondunun rəhbərliyi altında Aviasiya, Kosmos və Texnologoya Festivalı - "TEKNOFEST İSTANBUL" keçirildi. T3 Fondunun Himayədarlar Nümayəndə Heyətinin rəhbəri Səlcuq Bayraqdar festivalın təqdimat toplantısında çıxış edərək festivalın milli texnologiya həmləsi üçün çox əhəmiyyətli olduğunu dedi. Festival boyu keçirilən tədbirlər, müsabiqələr, seminarlar  bu sözü təsdiq etdi.

  Türk Hərb-İş Həmkarlar İttifaqının Təhsil Şöbəsinin müdiri Tarkan Zənginin mövzu ilə əlaqədar dəyərləndirməsini təqdim edirik.

  Festivalda sərgilənən HÜRKUŞ, eyni zamanda, səmada süzərək manevrlər etdi. Hürkuş təyyarəsini izləyərkən Türkiyənin aviasiya tarixində əhəmiyyətli yeri olan Vecihi Hürkuşun həyat hekayəsi yada düşür. Gənc yaşlarında vacib işlər görən Vecihi Hürkuşla eyni həyəcanı hiss edən gənclərin görüntüləri Türkiyənin gələcəyi üçün ümid verir.

  Vecihi  Hürkuşdan əsirgənən dövlət dəstəyi indi gənc ixtiraçıların önünü açır.

 Vecihi Hürkuş bu vəziyyəti belə izah edirdi: "Gəzdiyim xarici ölkələrdə aviasiya sənayesinə necə başladıqlarını, emalatxanaları necə qurduqlarını çox yaxşı bilirdim. Hər şeydən əvvəl, milli əqidə və təşviq bu yoldakı uğurun yeganə çarəsi idi. Mən də müvəffəq olmaq üçün buna möhtac idim. Əlimizdən alınmayacaq tək şey seçim azadlığıdır. Mən, Vecihi Hürkuş ölkəmi qanadlandıraraq soyadımı haqq etdim. Mənim azadlığım milli müstəqilliyə yeganə yolun milli istehsaldan keçdiyinə olan inamıma ömrümü həsr etmək idi. Çünki başqalarının qanadları ilə uçmağa çalışanlar "Hürkuş" ola bilməz". Bu gün Türkiyə müdafiə sahəsində öz qanadları ilə uçmaq üçün inamla gələcəyə addımlayır.

  Vecihi Hürkuş 1896-cı ildə  İstanbulda dünyaya gəlir. Kiçik yaşlarında ikən atasını itirir. Hürkuş Türkiyənin aviasiya tarixinin ən əhəmiyyətli simalarından biri olmaqla yanaşı, kədərli bir hekayənin qəhrəmanıdır. Onun adının aviasiya tarixinə həkk olmasını təmin edən çoxsaylı nailiyyəti var.  Məsələn, Qafqaz Cəbhəsində xidmət etdiyi dövrdə - 1917-ci ildə düşmən təyyarəsini vuran ilk Türk pilotudur, öz adını daşıyan təyyarələr istehsal edən ilk təyyarə konstruktordur, Türkiyədəki ilk uçuş məktəbini yaradıcısıdır, ilk qadın pilot yetişdirən müəllimdir, ilk mülki aviasiya məktəbinin banisidir, Türkiyənin ilk mülki hava yolu şirkəti "Hürkuş Hava Yolları"nın qurucusudur. Vecihi Hürkuş 102 fərqli model döyüş və mülki təyyarəni idarə edən ilk pilotdur. 1916-1967-ci illərdə həyata keçirdiyi 30 min saatlıq uçuşla ciddi rekordların sahibidir. Hürkuş Qurtuluş müharibəsində könüllü olaraq iştirak edib. Burada uğurlu kəşfiyyat uçuşları edərək bir yunan təyyarəsini vurub. Nailiyyətləri ilə Türkiyə Böyük Millət Məclisi tərəfindən  İstiqlal Ordeninə layiq görülüb.

 Vecihi Hürkuş ilk təyyarə “Vecihi K-6”nı yaradıb və ilk uçuşunu 1925-ci ildə həyata keçirib. Bəli, 29 yaşlı bir gənc məhdud imkanlarla Türkiyənin ilk təyyarəsini səmaya qaldırıb. Lakin Vecihi Hürkuşa uğuruna görə mükafat verilməli halda, cəza verilib. İcazəsiz uçduğu üçün əmək haqqının yarısı kəsilib və 10 gün ev həbsi yatıb. Hürkuş bu cəza səbəbindən ordudan ayrılıb. 1925-ci ildə dərc olunan yazısında bununla bağlı: "Biz əsgər olduğumuzu unudaraq əmrə qarşı gəlmişdik" deyərək gileylənirdi.

  1954-ci ildə qurduğu Türkiyənin ilk mülki hava yolu şirkəti - Hürkuş Hava Yollarının başına da bənzər şeylər gəlmişdi. Türk Hava Yollarının istifadədən çıxardığı təyyarələri təmir edərək  hava flotu qurmuşdu. Uçuşları səbəb göstərilmədən ləğv edilmiş, təyyarələrinə təxribatlar təşkil olunmuş, müvəffəqiyyət qazanmasına maneçilik törədilmişdi. Vecihi Hürkuş Kadıköydə icarəyə götürdüyü bir odunçu dükanında üç ay ərzində "Vecihi 14" təyyarəsini ərsəyə gətirir. Bu təyyarə ilk uçuşunu 1930cu ildə tarixində həyata keçirir. Təyyarələrinə uçuş  sertifikatı almaq üçün o dövrün İqtisadiyyat Nazirliyinə müraciət edir. Nazirlikdən: "Təyyarənin texniki xüsusiyyətlərini müəyyən edəcək ekspert olmadığına görə müvafiq arayış verilmədi" cavabı gəlir. Bu cavab əslində, milli istehsalın qarşısının hansı səbəblərdən kəsildiyini göstərir.

 İLK MİLLİ AVUASİYA VASİTƏSİ: HÜRKUŞ

 HÜRKUŞ Türk Aviasiya və Kosmos Sənayesi (TUSAS) tərəfindən orijinal olaraq istehsal edilən Türkiyənin ilk milli aviasiya vasitəsidir.

Yeni Nəsil Əsas Təlim Təyyarəsi - HÜRKUŞ layihəsi 2006-cı ilin martında Müdafiə Sənayesi Müstəşarlığı ilə Türk Aviasiya və Kosmos Sənayesi Qurumu (TAI) arasında imzalanan müqavilə ilə başlamışdı. Layihə Hərbi Hava Qüvvələri Komandanlığının ehtiyacına cavab verəcək və dünya bazarına girə biləcək bir təhlim təyyarəsinin yaradılması məqsədilə başladılmışdı.

 26 Sentyabr 2013-cü ildə bağlanan müqavilə ilə HÜRKUŞ təyyarələrinin seriya istehsalına keçilməsi qərarlaşdırıldı. 26 dekabr 2013-cü ildə isə HÜRKUŞ-B müqaviləsi imzalandı. HÜRKUŞ A, Avropa Mülki Aviasiya İdarəsi (EASA) ilə CS-23 tələbatlarına görə sertifikalandırılan əsas konfiqurasiyadır. HÜRKUŞ B inteqrasiya aviyonikləri ilə tərtib olunmuş konfiqurasiyadır. HÜRKUŞ-C isə pilotların təlimi, yüngül hücum və silahlı kəşfiyyat üçün nəzərdə tutulmuş, az xərc tələb edən və yüksək həssaslıq qabiliyyətli təyyarədir.

 Daha əvvəl test uçuşları uğurla həyata keçirilən HÜRKUŞ-un noyabr ayında Hərbi Hava Qüvvələrinin inventarına verilməsi gözlənilir. İlk təyyarə təslim edildikdən sonra Hərbi Hava Qüvvələrinin pilotları tərəfindən istifadə edilərək, 3 ay müddətinə müxtəlif sınaqlardan keçiriləcək. Bu prosesdə tələblər nəzərə alınaraq təyyarə təkmilləşdiriləcək.  2019-cu ilin ilk yarısına qədər 15 təyyarənin Hərbi Hava Qüvvələrinə təslim edilməsi hədəflənir.

EASA-dan TİP SERTİFİKATI ALAN İLK TÜRK TƏYYARƏSİ

 Təyyarələrlə bağlı Türk Aviasiya və Kosmos Sənayesi qurumunun (TAI) verdiyi məlumatlar bunlardır: Uçuş testləri ilə yanaşı, istehsal olunan 2 ayrı təyyarə müqavimət, istifadə müddəti və zədəyə tolerantlıq testlərindən uğurla keçmişdir. Layihə çərçivəsində Avropa Mülki Aviasiya İdarəsi (EASA) və Mülki Aviasiya Baş İdarəsinə (SHGM) göndərilmək üçün 545 ədəd sənəd hazırlanmışdır. Eyni zamanda, təmir və xidmətə aid bütün sənədlər da hazırlanmışdır. Görülən işlər nəticəsində 11 iyul 2016-ci il tarixində HÜRKUŞ Yeni Nəsil Əsas Təlim Təyyarəsi üçün "TT32 Təyyarə Tipi Sertifikatı" Mülki Aviasiya Baş İdarəsindən (SHGM) alınmışdır. Həmin gün ərzində Avropa Mülki Aviasiya İdarəsi (EASA) "EASA Etibarlı Tip Sertifikatı" və Mülki Aviasiya Baş İdarəsinin (SHGM)  sertifikatları bütün Avropa ölkələri üçün etibarlı sayılmışdır. Beləliklə, HÜRKUŞ Avropa Mülki Aviasiya İdarəsindən tip sertifikatı alan ilk Türk təyyarəsi olub.

HÜRKUŞ  təyyarələrinin uğurlu olması Türkiyə üçün əlbəttə, vacibdir. Lakin bu təyyarələrin 1925-ci illərin şərtlərində və 29 yaşında maneələrə baxmayaraq təyyarə istehsalında uğurlar əldə etmiş Vecihi Hürkuşa vəfanın göstəricisi kimi səmada qanadlanması da çox əhəmiyyətlidir.

 Türk Hərb-İş Həmkarlar İttifaqı Təhsil Şöbəsinin Müdiri Tarkan Zənginin mövzu ilə bağlı dəyərləndirməsini təqdim etdik.



Әlaqәli Xәbәrlәr