Təhsilin bəşəri prinsipləri (I hissə)

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_39 (26 sentyabr 2018)

Təhsilin bəşəri prinsipləri (I hissə)

  Biz - bəşər ailəsi Yer kürəsini birlikdə bölüşürük. Üzvü olduğumuz cəmiyyətlər çox fərqli həyat qəliblərinə malikdir. Lakin tarixin eyni dövründə dünyaya gəldiyimiz üçün bölüşməli olduğumuz bir çox ortaq nöqtəmiz var. Qlobal  fəlakətlə üzləşdiyimizdə aid olduğumuz dindən, dildən və irqdən asılı olmayaraq, hamımız birlikdə təsirlənirik. Eyni dövrün insanları olmağımız yaxın, və ya uzaq diyarlardakı insanlarla informasiya, mədəniyyət və həyat sahələrində qarşılıqlı təsirdə olmağımızı təmin edir. Bəzən bu qarşılıqlı təsir "Görəsən, daha çox əvvəlki əsrlərdə yaşamış əcdadlarımızın, yoxsa müasirlərimizin  təsiri altındayıq?"  sualını doğurur.

  Sözü təhsilə gətirməyə çalışıram. Yalnız öz ölkəmizdəki deyil, uzaq diyarlardakı yaxşı, ya da pis təhsilli insanlar həyatımızı çox yaxından dəyişdirmə potensialına sahibdirlər. Pis tərbiyə görmüş insanlar canlı bomba kimi sizi həyatdan, ya da sevdiklərinizi sizdən qopara bilirlər.

  Heç tanımadığınız, yaxşı yetişdirilmiş insanlar isə  həyatınızı çox asanlaşdırır, sizi həyata qaytararırlar. Bu səbəbdən təhsil qlobal bir hadisədir, bütün ölkələr üçün son dərəcə əhəmiyyətli və yoluxucudur. Bir ölkədə yaxşı təhsil də, pis təhsil də digər ölkələrə müsbət, və ya mənfi mənada birbaşa təsiretmə xüsusiyyəti daşıyır.

 Təhsil baxımından qlobal səviyyədə nə vəziyyətdəyik?

 Şübhəsiz ki, qlobal mənada təhsilin çox yaxşı tərəfləri var. Amma mən bu yazıda bir az mənfi cəhətlərə diqqət çəkmək istəyirəm.

 Qərbə nəzər saldığımızda, dünyanın yerdə qalanından iki qat daha çox məktəb cinayətlərinin törədildiyi Amerika Birləşmiş Ştatlarında məktəblər getdikcə kazarmaya çevrilir. Kiçik uşaqları, gəncləri öldürənlər əksərən sinif yoldaşlarıdır. Uşaq yaşda cinsəllik, çox kiçik yaşlarda qumar, içki, narkotika vərdişləri, qopan ailə bağları, küçə uşaqları, bayramlarda belə yada düşməyən böyüklər....

  Şərqdə də vəziyyət fərqli deyil. Cinayət hadisələrinin sayı Qərbdəki qədər çox olmasa da, şəxsiyyət formalaşdırmayan, həyata hazırlamayan, əksər hallarda azad düşüncə tərzini deyil, yalnız əzbərçiliyi sırıyan, həyatla əlaqəsi olmayan təhsil sistemləri...

  İslam dünyasında Aliya İzzət Begoviçin vurğuladığı kimi,  ən əsas digər problem təhsildir.

  Bir ölkədə yüksək səviyyəli təhsil, və ya savadsızlıq bütün ölkələrə yaxından təsiretmə xüsusiyyətinə malikdirsə,  din, dil, ideologiya, inanc, irq və rəng faktorlarından asılı olmayan insan profilinin formalaşdırılması ilə bağlı ümumi konsensus olmalıdır. Əks vəziyyət bizi bəşəri ailə olaraq təhlükəyə soxar. Yaşana bilən, dinc, firavan bir dünya üçün təhsilin universal prinsipləri olmalıdır. Bu prinsiplərin axtarışına "təhsilin məqsədi nədir?" sualına cavab taparaq başlaya bilərik.

 Təhsilin məqsədi insanı həyata hazırlamaq olmalıdır. Necə bir təhsil istədiyimiz, əslində, həyat baxışımızla, həyat fəlsəfəmizlə yaxından bağlıdır. Təhsil fəlsəfəmiz həyat fəlsəfəmizin davamıdır. Əgər haqsızlıqların daha az baş verdiyi, pisliklərin daha az olduğu, fərqliliklərə daha çox hörmət edildiyi, insanların daha kəramətli olduğu, daha da yaşana bilən bir dünya həsrətimiz varsa, təhsil də bu məqsədin əldə edilməsini təmin etməlidir. Təhsil yalnız məktəbdə təhsil,və ya müasir təhsil demək deyildir. Bu səbəbdən məktəb ifadə etdiyimiz məqsədi həyata keçirməyin yeganə yolu deyil, yalnız vasitələrindən biridir.

 Həyata aid ümumi bir qayğını daşıyaraq, yuxarıda göstərdiyimiz ümumi məqsədi bölüşsək, o zaman həqiqi mənada bəşəri ailə olarıq, müxtəlifliyimizi qoruyaraq, hər kəsin müsbət istiqamətdə inkişafını təmin edəcək təhsilin universal prinsiplərinə malik ola bilərik. Bəs bu əsas prinsiplər nədən ibarətdir?

1) Ədalət şüurunu formalaşdıran təhsil

Yaşadığımız zaman kəsimindən (ənənəvi, modern, postmodern, və ya gələcəkdə fərqli şəkildə adlandırılacaq bir zaman kəsimindən) və özünüidentifikasiyamızdan asılı olmayan təhsil insanlara ilk növbədə, ədalət hissini aşılamalıdır. Hz.Ömərin ifadəsi ilə desək: "Ədalət mülkün (yəni düzənin, sistemin, dövlətin) təməlidir". Alman mütəfəkkiri Kantın sözləri ilə desək: "ədalət aradan qalxsa, insan həyatına dəyər verəcək bir şey qalmaz". Əvvəl ədalət olmalıdır. Çünki ədalət anlayışı azadlıq və bərabərliyi ehtiva edir. Şübhəsiz ki, ədaləti,  haqqı və haqsızlığı fərqli izah edərək bəşər ailəsinin üzvləri kimi bu məqamlarda həmfikir olmaya bilirik. Amma ədalətin əsas sütunları az- çox məlumdur. Bütün dinlərdə, inanclarda, ideologiyalarda öldürməmək, oğurlamamaq, ruzini qanuni yollarla qazanmaq, pis münasibət göstərməmək məsələlərində ümumi cəhətlər az, və ya  çox dərəcədə mövcuddur. Bu çərçivədə ibtidai və orta məktəblərdə, lisey və universitet səviyyələrində, və ya hər növ təhsildə tələbələrə aşılanmalı olan birinci prinsip “zəhmət çəkərək, haqq edərək qazanmaq” olmalıdır. " Ədaləti ona zidd olan zülm vasitəsilə başa düşmək olar” deyilir. Bir an üçün hər kəsin, zəhmət çəkmədən, qaydalara riayət etmədən nəticə əldə etmək istədiyiniı düşünək. Yaranacaq xaosu gözünüzün önünə gətirə bilirsinizmi?

 Təhsildə yarım qalan bilik və təcrübə daha sonra qazanıla bilər. Lakin təhsil prosesində ortaya çıxan ədalət çatışmazlığının yeri  həyat boyu doldurula bilinməz.

  Ədalət hissi təhsil dövründə biliklərin ötürülməsi ilə deyil, daha çox təhsil sistemi və tərbiyəçilərin davranışları və əməlləri vasitəsilə yaranır və inkişaf edir. Bu çərçivədə ədalət bilik səviyyəsində deyil, hiss, düşüncə və inanc səviyyəsində mənimsənilməlidirr. Əddalətsizlikdən, zülmdən, haqsızlıqdan qəti və kəskin bir inancla qaçılmalıdır.

2) İnsanı gözəl düşüncə, pozitiv baxış sahibi edən təhsil

 Təhsil, gözəl ürəkli, gözəl ruhlu, həyata pozitiv baxan fərdiyyətlər yetişdirməlidir. Hələ həyatının baharında olmasına baxmayaraq, hər şeyi bədbin qavrayan, məsələnin həllinə köklənməyən, pessimist, ümidsiz , hər zaman başqalarına inamsız yanaşan gənclər görürəm. Belə bir həyatı necə yaşamaq olar? Belə bir mənfi nəzərlə hansı gözəllik yaradıla bilər? İnsan gözəl görməli, gözəl baxmalıdır ki, gözəl düşünsün. Əlbəttə, "yaxşı","gözəl", "yaxşı insan" anlayışları  mədəniyyətə və inanca  görə fərqlənir. Amma bədbin olmaq üçün artıqlaması ilə səbəbimiz olduğu bir dünyada yaxşı insan yetişdirməyi qarşısına məqsəd qoymaq özü-özlüyündə bir dəyərdir. Həyata müsbət baxışın, insanın özü-özlüyündə yaxşı olduğunun, yaxşı davranmağın vacibliyinin mənimsənilməsi insanın özü, ətraf mühiti  və digər insanlarla sülh içində yaşamasının ən əsas şərtidir.

 Həyata müsbət baxmaq, yaxşılığı düşünmək çox dəyərlidir. Lakin "ədalət" anlayışı "yaxşı" anlayışından əvvəl gəlir.



Әlaqәli Xәbәrlәr