İçinə qapanan Qərb və qloballaşan dünya

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_38 (19.09.2018)

1052042
İçinə qapanan Qərb və qloballaşan dünya

  Qloballaşan dünya. Bu ifadə ötən əsrin 90-cı illərindən daha çox yayılmağa başladı. Bəs bu qloballaşma Türkiyə kimi inkişaf etməkdə olan ölkələrə necə təsir edəcəkdi? Türkiyə qloballaşma qarşısında necə bir mövqe almalı idi? Nə qədər dəstəkləməli, nə qədər qarşı çıxmalı idi?

  Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Mətni oxuyur Sevda Mirzə.)

  Elmi işi qloballaşma mövzusu ilə bağlı olan müəllif Qüdrət Bülbül “Çətin və razı salan qloballaşmalar arasında Türkiyə” (“Zor ve Rıza, Küreselleşmeler Arasında Türkiye” (Küre Yayınları) kitabında yazır. Qloballaşma, ilk baxışda, azadlıqsevər və bəşəriyyətin faydasına olacaq hərəkat kimi görünürdü.

Amma olanlar göstərir ki, qloballaşma bir deyil, çoxölçülü, tək deyil, çoxtərəfli, çətin və basqılı ölçüsü olsa da, fürsət verən və uyğun ola bilən iç-içə proseslər sırasıdır.

  Qloballaşmaya dünənki baxış.

  90-cı illərdə Qərb qloballaşmanın zivəsində cövlan edirdi. Mallar və sərmayənin sərbəst hərəkəti siyasi sərhədlərin mənasını itirməyə başlayırdı. Rəqabət, əməkdaşlıq, gömrük və kvotaların qaldırılması ən çox danışılan mövzular idi. Beynəlxalq təşkilatlar da qorumağa ehtiyacın olmadığı, açıq, rəqabətə davamlı və şəffaf dünya yaratmaq səyi içindəydi. Bunlarla yanaşı, az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdən qloballaşmaya qarşı iradlar yüksəlirdi. O zaman bu proses Qərb ölkələrinin mənfəətinə idi. Avropa qorumaçılıq və gömrüklərin qaldırılmasının, açıq, sərbəst və rəqabətə davamlı iş birliyinin Qərb ölkələri və firmalarına yarayacağı fikri üzərində dayanırdı. İdeoloji səviyyədə isə qloballaşmanın kapitalizmin yeni bir versiyası olduğu, istismarı daha da artıracağı və milli dövlətləri zəiflədəcəyi fikirləri səslənirdi. Buna görə imperialist qloballaşmaya qarşı milli dövlətləri müdafiə etmək zərurəti dilə gətirilirdi. Reaksiyalar irəliyə deyil, geriyə baxır, müdafiə xarakteri daşıyırdı. Qloballaşma kapitalizmin yeni bir versiyası idisə, ona “kapitalizmin köhnə versiyası olan milli dövlət”in etiraz şəkli məlum deyil.

  Real vəziyyət nədən xəbər verir?

  Aradan təxminən 30 il keçəndən sonra, illər 2020-yə yaxınlaşarkən 90-cı illərin narahatlıq və qorxuları nələrin baş verdiyini ortaya çıxardı.

  Artıq bu gün Qərb qloballaşmanın çempionu deyil. Qloballaşmadan ən çox qazanan ölkələr də Avropa deyil. Başda ABŞ olmaqla Qərb ölkələri bu gün 90-cı illərin inkişaf etməkdə olan ölkələrinin dissertasiyalarını vərəqləməyə başlayıb. Onlar daha siyasi sərhədlərin qalxması, sərbəst hərəkət, azad rəqabət və şəffaflıqdan danışmaq istəmirlər. ABŞ-ın xarici sərmayədarlarını geri çağırması, demək olar ki, bütün ölkələrə qarşı gömrük divarlarını yüksəltməsi, kvota qoyması qloballaşma əleyhinə siyasətin konkret göstəricisidir.

  90-cı illərdə Avropa İttifaqı ölkələrinin artan köçlərə qarşı siyasi sərhədlərini qorumaq üçün 10 min nəfərlik ordu toplamaq istəyəcəyini kim təsəvvür edə bilərdi? ABŞ və Qərb bu gün sanki milli siyasətlərinə geri qayıdır. Amma maraqlı olan odur ki, qloballaşma prosesindən daha çox qazanan 90-ların inkişaf etməkdə olan ölkələri oldular, xüsusən, Çin, Hindistan, Braziliya və Türkiyə.

  Bu gün Çin Qərbə qarşı qloballaşma siyasətini müdafiə edir. 2000-ci ildən bu yana prosesdə yaxşı oyuncu olan Türkiyə də nəticədə dünyaya inteqrasiya olundu, demokratikləşmə və azadlıq barını qazandı, ölkəni asılı edən “himayə vesayet rejimi”ni dəf etdi, azad ticarət sahələrini genişləndirərək ölkə iqtisadiyyatını irəli apardı, milli gəliri bir neçə dəfə artırdı. Türkiyənin Qərblə əlaqələrinin gərginləşməsinin bir səbəbi də inkişaf edən iqtisadi səviyyə və özünənam duruşu ilə “yox” deyə bilən bir Türkiyəni qəbul edə bilməməkdir.

  Əsl ziyalı əzbərləri pozandır. Amma Türkiyədə və dünyada bəzi ziyalılar 30 ildir qloballaşma prosesinin Qərb və Qərbdən uzaq cəmiyyətlərdə artıq başa çatmaqda olduğunu anlaya bilmir, 90-cı illərdə əzbərlədiklərini təkrar edirlər.

  Qərb qloballaşmadan kifayət qədər qazana bilmədiyi üçün getdikcə əsəbiləşir və get-gedə içinə qapanmağa, proteksionist siyasət (milli iqtisadiyyatın stimullaşdırılması, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasəti) yürüdür, siyasi sərhədlərə məna yükləyir, amma bütün baş verənlərin nəyə getdiyini ya görmür, ya da görmək istəmir. Amma görünən budur ki, bu gün sərhədlərin açılması, aşkarlıq siyasəti və kapitalın dövriyyəsi Qərbə deyil, Şərqə yarayıb. Düzdür, qloballaşma prosesindən heç də bütün inkişaf etməkdə olan ölkələr eyni dərəcədə bəhrələnə bilməyib, zərərli çıxanlar da az deyil. Çünki qloballaşma hər kəsə bərabər imkan verən proses deyil. Fürsətdən zamanında yararlanıb-yararlanmaqla əlaqədar bu proseslər, Qərb ölkələri də daxil olmaqla, hansısa ölkəyə qazandırır, hansına isə yox. Ona görə qloballaşma kimi hər hansı prosesə kütləvi baxışla deyil, analitik, ağıllı, əzbərpozan və sualedici məntiqlə yanaşmaq lazımdır.

  "Dünənin günəşi ilə bu günün paltarı qurudulmaz" misalı var. Artıq Qərbdən uzaq cəmiyyətlərdə ziyalılar, intellekt sahibləri və dövlət adamları son 30 ilki prosesləri yaxından izləməli, köhnə dövrün təkrarları ilə yeni günü açıqlamağa səy etməməlidir. "Genişlənmə, hərəkətlilik, sürət və təsir" anlayışları ilə tanınan və anbaan dəyişən qloballaşma dövründə durğun münasibətlər, sabah deyil, bu günü belə dərk etməyə yetməz.



Әlaqәli Xәbәrlәr