Suriya hara gedir?

Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün “Suriya hara gedir?” analiz-yazısını təqdim edirik. ("Qlobal perspektiv" verilişi_37 (12.09.2018)

Suriya hara gedir?

Qlobal perspektiv_37 (12.09.2018)

  Suriya müharibəsi 7 ildir davam edir, həm də bütün amansızlıqlarıyla birlikdə. Astana prosesində neytral bölgə elan edilən dörd bölgədən sonuncusu olan İdlibə qarşı Suriya hökuməti və Rusiyanın hücumları bu gün beynəlxalq aləmin gündəmindədir. Amma bütün dünya soyuqqanlılıqla kimyəvi silahdan istifadə olunub-olunmayacağı, sonra yenə neçə milyon insanın yer-yurdunu tərk edib-etməyəcəyini düşünür. Sanki bir serialın yeni bölümlərinin ssenarilərini müzakirə edirlərmiş kimi qayğısız və rahatdırlar. Ürəklər insanların gerçək problemlərinə qarşı buz bağlayıb sanki.

  Hörmətli dinləyicilər, bu gün Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün “Suriya hara gedir?” analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  Astana prosesi tərəfləri - Türkiyə, Rusiya və İran sentyabr ayının 7-si Tehranda bir araya gəldi, İdlib və ümumiyyətlə, Suriyanın gələcəyi haqqında danışıldı. Tehran sammiti Qərbin uzaqdan qəzəl oxuduğu, beynəlxalq ictimaiyyətin və təşkilatların susduğu bir dünyada Türkiyənin suriyalıların qırılmaması üçün necə tək qaldığının və təkbaşına dürüst mübarizə apardığının konkret sübutu oldu. İran tərəfindən görüşlərin canlı yayımlanması sayəsində bu çılpaq həqiqət bütün dünyaya bir daha aydın göründü. Təəssüf ki, görüşlərdə Türkiyədən başqa heç bir ölkənin başçısı Suriyada insan faciələrinə dair qayğılı cümlə söyləmədi. Yenə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə atəşkəsin vacibliyini dilə gətirdi, Türkiyənin əksəriyyəti Suriyadan olan 4,5 milyon köçkünə ev sahibliyi etdiyini xatırlatdı. Halbuki Türkiyə də bir çox ölkə kimi sərhədlərini qaçqınlara, ürəyini insanlığa bağlaya bilərdi.

  Bir neçə min qaçqın görən kimi Avropa İttifaqı dəyərləri, insan hüquqlarını, "azadlıq, bərabərlik, qardaşlıq" şüarını unutdu, üstəlik, qaçqın nifrəti üzərindən səs toplayaraq hakimiyyət qazandı. Türkiyəni isə fərqli edən bu ölkələr kimi etməməsi və edə bilməməsi oldu, tarixi, vicdani və insani məsuliyyət hissinə görə.

  Suriya müharibəsinin 7-ci ilində belə tərəflərin mövqeyində, təəssüf ki, elə bir dəyişiklik yoxdur. Rusiya Suriyadakı bazaları vasitəsilə Aralıq dənizində daha fəal olmaq və Krım, Ukrayna və Gürcüstandan başqa, Qərblə yeni bir məkanda qarşılaşmaq üçün yerli hökumətin yanında yer almağa davam edir.

  İran regional ekspansiya, yəni təsir dairəsini genişləndirmə siyasətini Suriyada da davam etdirir. Ölkənin dini lider Əli Xamaneyə yaxınlığı ilə tanınan Tehran üzrə millət vəkili Əlirza Zakainin sözlərinə görə, “Üç ərəb ölkəsi bu gün İranın əlindədir və İslam inqilabına sadiqdir. Yəmən isə İran inqilabına qoşulmaq yolunda dördüncü ərəb ölkəsidir”.

  Livan, İraq, Yəmən və Suriya, Ə.Zakainin iddia etdiyi kimi, "İranın əlində" isə, o zaman bu ölkələrdəki proseslər, axan insan qanları və baş verən faciələrə görə İran da məsuliyyət daşıyır. Görünür, bunlara görə idi ki, İraqın ikinci böyük və mühüm liman şəhəri Bəsrədə xalq İrana qarşı küçələrə çıxdı, ölkənin konsulluğunu yandırdı və sair və ilaxır. Yaxud İrana bir qaçqının belə getməməsi nəyi göstərir? – Ölkənin məzhəbçiliyi, yaxşı qonşu olmadığı və humanitar dəyərləri itirdiyini.

  Suriya müharibəsinin pərdəarxasında ən kilid ölkə isə İsraildir. Sanki İsrail bölgədəki rəqiblərinin hamısının birlikdə güc itirməsini gözləyir: müharibə başlanandan bəri səssiz və dərin bir siyasət yürüdür. Bu siyasətin əsasında İsrailin sərhədlərini Türkiyənin cənub-şərqini də nəzərdə tutan "vəd edilmiş topraqlar" xəyalları və "Böyük İsrail" strategiyası durur.

  ABŞ-ın Suriya siyasəti də İsraildən ayrı və fərqli deyil. DAEŞ təhdidi ortadan qaldırılmış olmasına baxmayaraq, ABŞ PKK-PYD terror təşkilatına hər cür silahla dəstək verməyə davam edir. Bu dəstək görüntüdə İranın da əleyhinədir. Türkiyə sərhədində bu başdan o başa PKK-PYD terror dövləti yaratmaq üçün verilən bu böyük dəstək nəinki İranı, birbaşa Türkiyənin özünü parçalamaq niyyəti daşıyır. Nəticədə bu terror dəhlizi İsrailin uzunmüddətli məqsədlərinə çatması üçün açılan bir yol olur.

  Bəs Avropa İttifaqı və ölkələrinin Suriya siyasəti nədir və nələrdir? İfrat sağın fəaliyyətinin getdikcə artdığı və qaçqınları əsir aldığı bir vəziyyətdə yeganə dərd suriyalı qaçqınlardırmı? ABŞ İsrail indeksli siyasətindən əl çəkməzsə, Avropa İttifaqı boş vədlərlə irəli keçsə də, tətbiq olunmayan qərarlarını işə salmazsa, Rusiya və İrandan Suriyada hakimiyyətin hücumlarını dayandırmasını gözləmək əbəsdir. Görünən odur ki, suriyalıların öz ölkəsində öldüyü və ya didərginlərinin Türkiyədə qaldığı müddət boyu Avropa İttifaqı və ABŞ üçün heç bir narahatlıq və müharibə qayğısı yoxdur.

  Bu gün bütün dünyanın gözü qarşısında Suriyada etnik təmizləmə aparılır, ölkənin əhali strukturu dəyişdirilir. Hökumət, havadarları, bəzən də Qərb ölkələri ələ keçirmək istədikləri şəhərləri “terrorçu yuvası” bəhanəsilə bombalayır, nəticədə milyonlarla insan ölkəsini tərk etmək məcburiyyətində qalır. Amma milyonlarla insan terrorçu ola bilərmi? Göründüyü kimi, məqsəd terror deyil, etnik təmizləmə aparmaq və şəhərlərin demoqrafik quruluşunu dəyişdirməkdir? Terror təşkilatları ilə mübarizə aparmaq şəhərləri yaşayanları ilə birlikdə məhv etmək demək deyil.

  Bədəlini vuruşanlar deyil, Türkiyə kimi insanlıq adına qayğı göstərənlərin ödədiyi Suriyadakı bu çirkli müharibə artıq bitməlidir. Bitməlidir ki, yaraları sarmaq üçün uzun illər sürəcək işlər başlasın. Axı, bu müharibədə bombalar altında diri-diri yandırılan uşaqların günahı nədir? Axı bombalardan dənizlərə qaçaraq sularda boğulan körpələrin, anaların, bütün insanların günahı nədir?

  Bir baxın, bəşəriyyət tarixində nə qədər zalımlar gəlib-keçib: səlibçilər, Mussoluni, Hitler, Stalin (Pol Pot, İvan Qroznı, Robespyer (Robespierre), Qraf Drakula (zərbəli Voevodina), Həccaci Zalim və b. Amma zülmləri başlarına çökmüş, sonda məzlumlar qazanmışlar. Bu gün bu zalımları hər kəs görür, tanıyır və bu quldurlar da dünyaya hökmran ola bilməz, adları ancaq etdikləri pisliklərlə yada düşər.



Әlaqәli Xәbәrlәr