Milli Müdafiə və Peyklər

Türkiyə peyklər vasitəsilə kosmosda fəaliyyət təcrübəsi qazanıb.

Milli Müdafiə və Peyklər

Dövlətlər ölkələrini və vətəndaşlarını qorumaq üçün müdafiə sektoruna əhəmiyyətli sərmayələr qoyur. Müdafiə sahəsinə sərmayə qoyan mühüm ölkələrdən biri də Türkiyədir. Türkiyə 2014-ci ildə hərbi xərclərin məbləğinə görə ilk 15 ölkə arasında idi, 2017-ci ildə isə müdafiə sahəsinə 29 milyard lirə xərclədi. Bu hərbi xərclər mərkəzi büdcənin 4,62 faizini təşkil edir. Türkiyə əhəmiyyətli bir coğrafiyada yerləşdiyi üçün regional risklərdən təsirlənir. Ölkə, eyni zamanda, PKK, PYD/YPG, DEAŞ, DHKP-C və bir sıra silahlı terror təşkilatı ilə  mübarizə aparır. Bu vəziyyət isə  texnologiyanın tələb etdiyi müdafiə sistemlərindən istifadəni zəruriləşdirir. Son illərdə müdafiə sənayesi istiqamətində mühüm addımlar atan Türkiyə bu yöndə hər gün daha yaxşı bir mövqe əldə edir.

Müdafiə sənayesi  sahəsində 2004-ci ildə başlanılan milli və yerli istehsal modeli ilə sektordakı yerlilik nisbəti  bu gün 20 %-dən  65 %-in üzərinə çıxarıldı. Pilotsuz uçan aparatlar kimi strateji cəhətdən böyük əhəmiyyət kəsb edən məhsullarda bu nisbət 90 %-dən də çox oldu. Hazırda Türkiyə bir sıra müdafiə vasitələrində dünya üzrə istehsalçı olan neçə ölkədən biridir. Məsələn, kamikaze PUA-ları (Alpagu, Kargu) istehsal edə bilən  üç  dünya ölkəsindən biri mövqeyindədir. Türkiyə, Pilotsuz Hava Vasitəsi texnologiyalarında dünyada həm təyyarə qurğu və sistemləri, həm də ağıllı bombası ilə Silahlı Pilotsuz Hava Vasitəsi istehsal edən ilk 6 ölkə arasındadır. Türkiyə müdafiə sənayesində yalnız öz tələbatnı ödəməklə kifayətlənmir, eyni zamanda, məhsullarını dost və müttəfiq ölkələrə ixrac edir.

Bu gün xarici ölkələrə milli gəmilər, milli helikopterlər, zirehli vasitələr, patrul gəmiləri, pilotsuz uçan hava vasitələri, havadan müdafiə sistemləri, raketlər, hərbi rabitə və  nəzarət sistemləri satan bir ölkə mövqeyindədir Türkiyə.

Türkiyə 2002-ci ildə təxminən 5,5 milyard dollar büdcəli 66 müdafiə layihəsi həyata keçirdiyi halda, hazırda müdafiə layihələri büdcəsini təxminən 11 dəfə artıraraq 60 milyard dollara yüksəldən, müdafiə layihəsi sayını isə təxminən 9 dəfə artıraraq, 600-dən çox layihə icra edən ölkə olub. Məsələn, milli piyada tüfəngi artıq seriya  şəklində istehsal mərhələsinə keçib. Bu gün milli piyada tüfəngi Türkiyə Silahlı Qüvvələri, Jandarm və Polis Təşkilatı və yüksək səviyyəli dövlət rəsmilərinin qoruyucuları tərəfindən istifadə edilir. Təkcə son 4 il ərzində 46 ədəd Bayraqdar TB2 Silahlı Pilotsuz Hava Vasitəsi Sistemi terrorla mübarizədə və sərhədlərdən kənarda həyata keçirilən  əməliyyatlarda təxminən 60.000 saat göylərdəki vəzifəsini icra edib.

MİLLİ PEYKLƏR

 Türkiyə peyklər vasitəsilə kosmosda fəaliyyət təcrübəsi qazanıb. Türk mühəndisləri tərəfindən hazırlanaraq Türkiyədə istehsal olunan RASAT müşahidə peyki 2011-ci ildə, Göktürk-2 müşahidə peyki 2012-ci ildə, Göktürk-1 müşahidə peyki isə 2016-ci ildə kosmosa buraxılıb və hazırda vəzifələrini uğurla icra edirlər. Bu peyklərin əhəmiyyətli faydalarından biri də Türkiyə Silahlı Qüvvələrini və təhlükəsizlik qüvvələrini kosmosdan görüntülərlə təchiz edərək terrora qarşə əməliyyatlara dəstək olmalarıdır. Türkiyə bunlara əlavə olaraq, Peyk İnteqrasiya və Test Sistemi mərkəzini qurdu. 2020-ci ildə orbitə buraxılacaq Türkiyənin ilk milli rabitə peyki Türksat 6A burada inşa edilir. Göktürk-1 peykinin daha əvvəl orbitə buraxılması planlaşdırılırdı, lakin İsrailin Fransız şirkətinə təzyiqi nəticəsində bunun qarşısı alındı. Göktürk-1 peyki Göktürk-2 peykindən 4 il sonra kosmosa buraxıldı. İlkin məqsədi heç bir məhdudiyyət olmadan Yer kürəsinin hər hansı bölgəsindən hərbi kəşfiyyat məqsədilə yüksək keyfiyyətli görüntü əldə etmək olan Göktürk-1 peykinin kamera sistemini və elektro-optik hissələrindən bəzilərini İsrail təchiz edirdi.

İsrail Türkiyənin belə bir texnoloji imkana malik olmasını istəmədiyi üçün fransız şirkətinə təzyiq edərək peykin kosmosa göndərilməsininin qarşısını aldı. İsrail, eyni zamanda, Göktürk-1 peykinin İsrail üzərindən keçərkən görüntü almamasını tələb etdi. Türkiyə isə görüntüdə məhdudiyyət olmamasının zəmanətini istədi. Türkiyənin tələbi rədd edildiyi halda Türkiyə ödənişi dayandırdı. Türkiyə avadanlıqları və proqramları Türk mühəndislərinə aid olan Göktürk-2 peykini 2012-ci ildə Çindən kosmosa buraxınca şirkət geri addım atmaq məcburiyyətində qaldı.

 Sənaye və Texnologiya naziri Mustafa Varank bir il ərzində Türkiyə Kosmos Agentliyinin yaradılacağı barədə məlumat verdi. Türkiyə Kosmos Agentliyi ölkəmizdə aparılan kosmik layihələrin koordinasiyası, bu layihələrdə fəaliyyət göstərəcək insan resursunun hazırlanması, Türk astronavtikasının fəaliyyətə başlaması məsələləri ilə bağlı işlər görəcək. Sənaye və Texnologiya Nazirliyinin 100 Günlük İcra Proqramında agentliyin bu il ərzində qurulacağı və təşkilatlanma işlərinin başa çatacağı bildirilir. Sənaye və Texnologiya naziri Varank Türkiyə Kosmos Agentliyinin kosmik texnologiyalar sahəsində milli səviyyədə görülən işlərin koordinasiyanı təmin edəcəyini və beynəlxalq münasibətləri həyata keçirəcəyini bildirir. Agentliyin yaradılması bu sahədə görüləcək işlərin əlaqələndirilməsi üçün son dərəcə əhəmiyyətlidir.



Әlaqәli Xәbәrlәr