Hindistan müsəlmanları

Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün “Hindistan müsəlmanları” analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_36 ( 5 sentyabr 2018)

Hindistan müsəlmanları

Qlobal perspektiv_36 (05.09.2018)

  Politoloq Devid Harvey (David Harvey) “Postmodernliyin vəziyyəti” əsərində yaşadığımız dövrü “zaman-məkan sıxışması” kimi təsvir edir, yazır: “Qloballaşma prosesləri çox uzaqları yaxın, yaxınları uzaq edir, ortaq tarixi, yaşananları unutdurur”. Məsələn, bu gün Hindistan ictimai mühiti bizə Meksika qədər uzaq olub. Amma bu, tarix boyu da belə idimi? Hörmətli dinləyicilər, bu gün Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün “Hindistan müsəlmanları” analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

    Hindistanın unudulan İslam tarixi.

  Hind bölgəsində yer alan Hindistan, Pakistan və Banqladeşin İslamla tanışlığı xəlifə Ömər zamanına gedib-çıxır.

  “New Dehli Mashreq Centre” Araşdırma Mərkəzinin direktoru, eyni zamanda, Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin (AYBÜ SBF) qonaq üzvü, Omair Anas Hindistana İslamın üç yolla gəldiyini söyləyir.

  1. Birincisi, İndoneziyada olduğu kimi, müsəlman tacirlər yolu ilə. İşini düzgün görən, alış-verişdə inam qazanan müsəlman tacirlər bölgədə İslamın yayılmasına səbəb olur.
  2. İkinci yol Orta Asiyadan gələn sufilərin Hindistanda çox təsirli olması ilə bağlıdır. Xüsusilə, Mövlana Cəlaləddin Rumi əsərlərinin əks-sədası bölgədə mühüm rol oynayıb. Hətta bu gün də hindli müsəlmanlar, əsasən sufilər Türkiyəyə gəldikləri zaman Konyaya gedib Mövlananın qəbrini ziyarət edirlər. Onun dini şeirləri Hindistana Əfqanıstandan, Xorasandan və Bəlx şəhərindən gəlmişdi. Mövlana ruhu həqiqətən bir ucu Orta Asiya, digər ucu Anadoluya qədər uzanan ədəbi-tarixi bir körpü idi. Bəli, hər dövrün məkan, ölkə və insanlarını birləşdirən körpü.
  3. Üçüncü yol isə əsrlərlə hökm sürən türk soylu müsəlman hökmdarlar və hakimiyyətlərilə bağlıdır. Onlar tolerant - müxtəlif din, məzhəb və təriqətlərə hörmət edən idarəçilik sistemi nümayiş etdiriblər: türk-müsəlman adət-ənənələri yerli xalqın mədəniyyətilə iç-içə yaşayıb.

  Hind bölgəsi çox müsəlman alimlər yetişdirib, məktub tərzi (mektubat) yazılarıyla məhşur İmam Rəbbani (1564-1624), İslam dini hekayələrilə tanınan (hüccetüllahil-baliğa) Şah Vəliyullah Dəhləvi (1602-1662) və “Müsəlmanların zəifləməsilə dünya nə itirdi?” kitabının müəllifi Əbül Həsən ən Nədvi (1914-1999).

  İngiltərənin işğalından sonra Hindistanın İslam keçmişi getdikcə azalır və unudulmağa gedir. Bunda işğal siyasəti qədər Hindistan, Pakistan və Banqladeşin öz dövlətlərini qurma prosesi də təsirini göstərir.

  Bu gün Hindistanın əhalisi 1,3 milyarddır, bunu 200 milyondan çoxu müsəlmandır. Bu hesabla Hindistan dünyada ən çox müsəlman əhalisi olan İndoneziyadan sonra ikinci dövlətdir. Ümumilikdə isə hind bölgəsində müsəlman əhalinin sayı 600 milyona yaxınlaşır. Amma Hindistan müsəlmanlarının bugünkü vəziyyəti, təəssüf ki, heç də ürəkaçan deyil. Son zamanlar Assam bölgəsində müsəlmanlara qarşı təzyiqlər getdikcə artmaqdadır.

  Hind bölgəsində Qəznəvilərdən başlayaraq və 1857-ci ilə qədər yüz illər boyu hakimiyyəti türk mənşəli hökmdarlar idarə edib. Cağatay türklərindən Babur şah və oğlu Cahangir şah zamanlarında Babur imperiyası Hindistanın ən möhtəşəm dövrlərindən biri idi. Son Babur Bahadur şahın 1857-ci ildə ingilislərə yenilməsilə hind bölgəsində türk hömdarlığı dövrü də bitir.

  Osmanlı sultanları ilə Hindistandakı türksoylu şahlar arasında yaxşı münasibət olub. Hətta Türkiyədən Osmanlı ailəsi sürgün olunanda hind şahzadələri Osmanlı şahzadə qızları ilə evləniblər.

  İngilislər Hindistanı daha erkən işğal etsəydi və ya Amerikanı müsəlmanlar kəşf etsəydi, necə olardı?

  Bu gün Hindistanda 18 rəsmi dil, 22 əyalət, 400-ə qədər dil və ləhcə mövcuddur. Dünyanın din, dil, mədəniyyət və inanc baxımından bəlkə də ən zəngin ölkəsidir. Bu zənginliyin bu günə qədər bu ölkəyə daşınmasında uzun əsrlər sürən müsəlman idarəçiliyinin də böyük təsiri var. Çünki bu hakimiyyətlər yerli adət-ənənə, dil və dinləri ortadan qaldırmadan, assimilyasiya etmədən, onları öz inacları ilə qəbul edərək ölkə mədəniyyətinin bir parçası saymışlar. Osmanlıların öz məkanında, ərəblərin də Əndəlusdə etdikləri kimi. Bu səbəbdən müsəlman hökmdarlar hakimiyyətlərini itirsələr də bölgələrdəki bütün din, dil və mədəniyyətlər olduğu kimi varlıqlarını davam etdirir.

  Ən uzun sürən müsəlman idarəçiliyi Balkanlarda olsa da, bu gün ölkələrində nə türkcə yayğındır, nə də Əndəlüsdə ərəbcə. Amma Hindistan, Pakistan və Banqladeşin rəsmi dillərindən biri ingiliscədir. ABŞ-da isə nəinki yerli xalqın bu gün dil, din və mədəniyyəti yaşamır, üstəlik sanki nəsli kəsilməkdə olan “qırmızı kitab quşları” kimi qoruqdadırlar. Bu vəziyyət insanda istər-istəməz bu sualı doğurur: ingilislər 1800-cü illərdə deyil, Amerikaya olduğu kimi Hindistana da 1400-cü illərdə gəlsəydi, nəticəsi necə olardı? O zaman yəqin ki, Hindistan da ABŞ kimi ağ adamın dilini, dinini daha çox təlqin edən, yerli mədəniyyət, dil və inancların məhv edildiyi bir ölkə olardı.

  İndi isə tərsini düşünək. Amerika qərblilər tərəfindən deyil, müsəlmanlar tərəfindən kəşf edilsəydi, yerlilərin vəziyyəti necə olardı? Astek, İnka, Maya və digərlərinin mədəniyyəti yoxolma astanasında olardı, yoxsa onlar bu gün ABŞ-ı idarə edərdi?

  İngilis işğalından sonra Hindistanda sadəcə Qərb mədəniyyəti hakim deyil, ölkə həm də Hindistan, Pakistan və Banqladeş adları ilə üç yerə bölünüb. Bu ayrılma ingilis imperializminin "böl, parçala, hökm sür" siyasətinin bir nəticəsi, ya da sıxışdırılan müsəlmanların çarəsizliyidir. Üstəlik bölgədə eyni millətin üç ölkəsi bir-birinə qarşı ziddiyyətli mövqedədir.

  Qurtuluş Müharibəsi və hind müsəlmanları.

  Birinci Dünya Müharibəsi zamanı ingilislər Osmanlı torpaqlarına hücum edərkən hind müsəlmanları böyük reaksiya göstərdilər, özləri ingilis işğalı altında olmalarına baxmayaraq. Osmanlı dövlətinin də işğal altına düşməsi ümidlərin tam qırılmasına səbəb olacaqdı. Osmanlıya yardım üçün Cinnah və Qandinin də dəstək verdiyi Xilafət hərəkatı başlanır, ardıcıl mitinqlər təşkil edilir. Hərəkat başçıları o dövrün ingilis baş nazirilə görüşür və Qurtuluş Müharibəsinə dəstək vermək üçün aralarında pul yığıb Türkiyəyə göndərirlər.

  Bəli, qloballaşma dünya ölkələri və xalqlarını həm bir-birinə yaxınlaşdırır, həm uzaqlaşdırır. Amma biz müştərək tariximizi, xalqlarımız arasındakı münasibətləri heç zaman unutmamalı və unutdurmamalıyıq. Bu yaxınlıqlar 21-ci əsrin qabaqcıl dövlətlərindən biri olmağa namizəd Hindistanla əlaqələrimizi hərtərəfli gücləndirməyə vəsilə olmalıdır.



Әlaqәli Xәbәrlәr