• Video Qalereya

Güneyin Çağdaş Ozanları

Güney Azәrbaycanın әdәbiyyat dünyasının gәnc şairi Qәdir Cәfәri...

Güneyin Çağdaş Ozanları

Güneyin Çağdaş Ozanları

Qәdir Bәyin “İnandırırsan Mәni” adlı şeiri:

İnandırırsan Mәni

İnandırırsan mәni

Yaşıl bağçamızın erkәn saralmasına

İnandırırsan mәni

Yatağından, yaşıl xәyanәtin qoxusu gәlir

Vә Şopenin ölüm nәğmәsini çalan "piyanist"

"Beş mәrtәbәli evin altıncı mәrtәbәsindә"ki  gözәllә sevişir

İnan qırırsan mәni

Sözcüklәrin yuyulmasına

Çoxdandır ki, bağçamızda yağış әkmişәm.

Qәdir Cәfәri 1986. ildә Güney Azәrbaycanın Muğan düzlüyünün, eyni adlı şәhәrindә, yәni Muğanda ortabab bir ailәdә dünyaya gözlәrini açıb. Uşaqlığının әn gözәl çağlarını Muğanın küçәlәrindә yola salıb, gün gәlib mәktәbә getmәk vaxtı çatanda ana dilini evdә qoyub özgә bir dildә tәdrisat aparan iptidai mәktәbdә tәhsilә başlayıb. Şair ruhlu doğulan Qәdir Cәfәri hәlә iptidai mәktәbdә ikәn şeirә qarşı xüsusi mәhәbbәt bәslәyib. İranda hardasa atalar sözü halına gәlәn bir ifadә vardır; “Torki hünәr әst, Farsi şәkәr әst”. Qәdir dә diyәsәn bu sözün sehrinә tutulub vә әbәdiyyata Farsca kitablardan başlayıb. Ordan başlayan yola düşüb getsә dә, gedә-gedә öz ana dilimizin füsunkar mәnzilinә çatıb. Hәmişә belә olmur mu, her bir şey öz әslinә qayıdır.

Qәdir Cәfәri hәlә yeniyetmәlikdә, Muğanda dilimizin pәrәstişkarları tәrәfindәn yaradılan  "Şәhriyar" adlı әdәbi dәrnәkdә iştirak etmәyә başlayıb. Onun yaradıcılığında birbaşa tәsir edәn amil isә ana dilimizdәki musiqilәr olub. Xalq mahnılarımızın, aşıqlarımızın tәsir etmәdiyi bir dәnә dә şairimiz vardır mı görәn?! Gәnc şairimiz deyir ki, "atam rәhmәtlik Hacıbaba Hüseynovun vurğunuydu. Köhnә bir kaset oxudanımız vardı, atam hәmişә onun sәsinә qulaq asardı. Hacıbabanın oxuduğu muğamlar ruhuma hopurdu”. Muğam yurdu Qarabağ, tәәssüflәr olsun ki, iyirmi ildir işğal altındadır, mәdәni dünya, azad dünya isә bu işğal qarşısında lala vә kâra dönüb, neylәsin bәs, onlar bizim bu hala düşmәyimizin yuxusunu min illәr boyu görüblәr, indi dә fürsәt әllәrinә keçib, çırtıq çalıb oynayırlar.

Qәdir Cәfәrinin “Külәk Mahnısı” adlı şeiri:

Külәk Mahnısı

Dünәn bir mahnı söylәyirdi külәk

Yol ayrıcından

Danyeri sökülәndә ötürdük biz.

Dünәn bir mahnı söylәyirdi külәk

Şaolin qılıncına doğranan Uyğur kişisinә dә

Vә Nuy Yorkun azadlıq heykәlinә qurbanlıq,

Qızıldәriliyә dә,

Dünәn bir mahnı söylәyirdi külәk.

Avrupa göydәlәnlәrindә qara Afrikalılar

Baxıb dinlәdilәr

La la la la

La la lam

Qafqaz tarından qopan muğam nәğmәlәrini.

Dünәn bir mahnı söylәyirdi külәk

Lap çılğın

Dәliqanlı bir "mәnsuriyyә" havası

Yol sürürdük

Eşidәmmәdik.

Vә külәk nә yollara baxdı nә yolçulara

Mahnısını söylәyib

Ötdü yer kürәsini

Hopdu düz gәzәyәnlәrin bağrına.

Sәn

Külәyimi dinlәdin?!

Tarın әski tellәrinә mi alışdın?!

Yoxsa sonrasızlığa varan sonsuzluq gәdiyinin girәcәyindә

Quşqulanıb mı düşündün?!

Düşünüb mü quşqulandın?!

Getdin

Yarınları gözlәmәdәn

Vә Qarabağların qış yuxusunu silkәlәmәdәn

Ardınca baş qaldıran qasırğalar

Yollar

Ayağını saxlaca basanadәk uzanırlar

Söylәyirdilәr...

Ustad Şәhriyar Güney elimizin iyirminci әsrdәki klassik şairidir, Türk millәtinin, Türk әdәbiyyatının fәxridir, baş ucalığıdır. O birçox şairә öz güclü tәsirini bağışlayıb. “Türkün dili tәk sevgili, istәkli dil olmaz” deyәn şair kimlәrә tәsir bağışlamaz ki...! Qәdir Cәfәri dә ilk Türkcә әsәr kimi Ustadın Türkcә şeir divanını vә Heydәr Babaya Salam poemasını oxuyub. Muğan dәrnәyindә ozanlarımızın telli sazlarıyla sәslәndirdiklәri qoşmalar, bayatılar, gәraylılarla tanış olub, әruz vәznini orda öyrәnib.

Qәdir Bәy ali tәhsilinә Hәmәdan vilayәtinin Mәlayir şәhәrindәki biliyurdda başlayıb vә önlisansı burda bitirib. Yaxşı bilirsiniz ki, Güneyli qardaş-bacılarımız universitetә biliyurd adını qoyublar. Nә gözәl addır, onu tapanları radiomuz adından ürәkdәn alqışlayırıq.

Qәdir Cәfәri tәhsil aldığı illәrdә biliyurdda Saray Türk dәrnәyinә bir il rәhbәrlik edib, orda Azәrbaycan mәdәniyyәtini tanıtmaq yolunda uğurlu işlәr görüb. Önlisansı qurtardıqdan sonra Urmu şәhәrindәki biliyurda daxil olub vә orda görkәmli әdәbiyyatçılarla tanış olub, şәhәrdәki әdәbi dәrnәklәrdә fәal iştirak edib. Bu cür fәaliyyәtlәr dә Qәdir Cәfәrinin düşüncәsini formalaşdırıb. O Urumiyәdә Mәhәmmәd Sübhdel ilә tanış olandan sonra nәsrә dә yönәlib. Yazıb-yaratdığı şeirlәri vә yazıları tәlәbә dәrgilәrindә çap olunub. Urumiyәdә dә әsgәrlik xidmәtini başa vurub. Boş vaxtlarında Orhan Pamukun "Mәnim Adım Qırmızı", yazıçı Kamal Abdullanın "Yarımçıq Әlyazma" romanlarını әrәb әlifbasına köçürüb, ancaq onların çap olunmasına icazә alabilmәyib. Әdәbi әsәrlәrin çapına icazә verilmәmәsi insanı dәhşәtә gәtirir, әdәbiyyat vә ona qoyulan yasaq. Bunlar bir-birinә nә cür uyğun gәlir, başa düşmәk olmur ki, olmur..!

Qәdir Cәfәri әdәbî yarışlarda iştirak edәrәk uğurlar qazanıb. Bunlardan biri dә Muğanda keçirilәn Şәhriyar festivalıdır. O hәmin festivalda “Şәhriyarın Yaradıcılığı” ilә bağlı mәqalәsiylә birinci yeri tutub. Әrdәbildә keçirilәn  "Anamın yaylığı" şeir festivalında da uğur qazanıb. Qәdir Cәfәri indi bir roman üstündә işlәyir, ona uğurlar dilәyirik.

“Urmu” adlı şeirini tәqdim edәrәk sizinlә sağollaşmaq istәyirik.

Urmu

Sevgi duzlağında

Addımlarım doğma şәhәrin pıçıltısında

İlanların sevişmәsi kimi sәssizdir

Yaşamları qәdәr qorxunc.

Alışdım,

Tanış yolların küçәlәrindәki öpüş izinә

Sәmai şәmsdә dalğalanan boğulmuş zil sәsә

Dәnizin zil dalğası

Bir bardaq dәniziymiş balığın payı

Darısqal dözüm

Bir bardaq sevgi

Sevgi duzlağından.

Getdim,

Qayçılanmış şәklinin qırıqlarını axtarmağa

Novruz gülünü qoxulamağa

Sәninlә özümü bütünlәtmәyә.

Tanrının gözәlçәsi,

Sәn

Tanrısız dünyanı dadızdırdın mәnә

Tanrısız sevişmә

Payızlamış ağaca sarmaşığın sarındığıdır

Çürümә sevgilim

İtirәrәm gözәlliyimi.



Әlaqәli Xәbәrlәr