“Məndəki bu Azərbaycan sevdası nədir, haradandır?” deyə soruşsanız...

Ümumtürk dünyasının tanınmış aşıqlarından olan mərhum İslam Erdenerin oğlu aşıq və şair Musa Erdenerlə audio-müsahibəni dinləyə və oxuya bilərsiniz (14 avqust 2018).

“Məndəki bu Azərbaycan sevdası nədir, haradandır?” deyə soruşsanız...

Musa Erdenerlə Sevda Mirzənin müsahibəsi

Söhbətin əvvəlində: İslam Erdenerin ifasında saz havası (2 dəq. 30 san)

Müəllif Sevda Mirzə: Tanınmış türk aşıqlarından olan mərhum İslam Erdenerdən bir aşıq havası dinlədik. Bu gün İslam bəyi təsadüfən yada salmadıq. Onun oğlu Musa Erdener studiyamızda qonaqdır. TRT “Türkiyənin səsi” radiosu ilə İctimai Radionun ortaq “Qorqud Ata” proqramı və TRT Azərbaycan saytının qonağı ilə söhbətimizi sizə təqdim edirik.

  Musa bəy, siz Türkiyədə dünyaya gəlmisiniz. Bir azərbaycanlı ailəsisiniz, əsil, göy türklər olan Qarapapaq türklərindənsiniz. Türk aşıq sənəti, folklorunda ailənizin özünəməxsus xidməti var. Sizin öz dilinizdən eşitmək istəyərdik: Musa Erdener kimdir?

Musa Erdener (aşıq): Musa Erdener 14 avqust 1954-cü ildə anadan olub. Rəhmətlik atam, aşıq İslam xəngəl sinisinin içinə dəqiq yazıb doğum tariximi. Mən də Qarsda doğulmuşam, atam da. O, 1921-ci ildə dünyaya gəlib. Əslimiz-kökümüz gəncəlidir. Dədələrimiz Gəncədən Kür üstündən Keşəliyə gediblər. Mal-qara çox olduğu üçün yaylağa ehtiyacları olub. Ona görə Borçalı dağlarına, Soyuq Bulaq kəndinə yollanıblar. Ta 1917-ci ilə qədər orada olublar, o il baş verən Sovet inqilabına qədər. Atamın atası bir az burdulu-qırdılı, nimli bir adam olduğu üçün atası ona: “Ay oğul, sən Osmanlıya keç, bir müddət sonra – ara sabitləşsin, geri gələrsən”, - deyib. İki qardaş gəliblər, elə burada da qalıblar. O gələn bu gələn olmuşuq.

  Bizim sülaləmiz Azərbaycandadır. Dağ Borçalıdaydıq, oradakılar pərən-pərən oldu, çoxu Bakıya getdi. Borçalının (Marneuli) Keşəli kəndində hələ də qohumlarımız var. Rəhmətlik atam 1972-ci ildə bacısının oğlu Qəmbər Yusifov Ömər oğlunun köməyilə, Allah onu da rəhmət eləsin, o zaman “dəmir pərdə ölkəsi” sovetlərə getdi, 61 gün orada qaldı. Atamın ürəyi Həccə getmiş kimi oldu, sevinərək getdi ora. Ürəyi ora ilə döyünürdü. Borçalıda aşıq Kamandar, Hüseyn Saraclı, Mikayıl Azaflı, Allah hamısına qəni-qəni rəhmət eləsin, onlarla görüşüb, bədahətən deyib, deyişmələr söyləyib, vətən həsrətilə hamısı qarışıb bir-birinə. Əli Şamil bəy o zaman tələbə idi, Osman qağa ilə birlikdə. Əli Şamil yazır: “Bir söhbəti o biri məclisdə etməzdi. Hər gün bir yerdə, hər gün bir söhbət”.

  Hər gün qonaq ediblər, el-oba başına yığılıb. Çox dastan bilirdi, hekayə ustasıydı mənim atam. Aşıq İslam Borçalıdan gəldikdən sonra çox kövrəlmişdi, deyirdi:

Ay ellər, mən sizə vəsf edim, gəlin,

Mən orda söhbətə, sözə mat qaldım.

Şairə, şeirə, dastan deyənə,

Aşığın çaldığı saza mat qaldım.

Gəzdim o Aranı, gəzdim göy dağı.

Bərəkətdən coşub Kürün qırağı.

Gözəl bar veribdir bağçası, bağı.

Ordakı bahara, yaza mat qaldım.

Yazsam yazdığımı, yazardım nələr,

Həsrəti ox kimi sinəmi dələr.

Mənlə yaşayacaq bu xatirələr.

Ürəkdən deyirəm sizə: mat qaldım.

Aşıq İslam keçdi eli, dolandı.

Bəzən çox dolandı, bəzən duruldu.

Həsrətin, hicranın oduna yandı.

Sinəm üstə yanan közə mat qaldım.

Əbədi elimin okeanında

Bir səfinə kimi üzdüm mən orda.

Şairin, şeirin, sazın, sənətin

Zirvə imiş yeri, sezdim mən orda.

Aşıq İslam hərdən fikrə dalanda,

Gəzdiyi yerləri yada salanda,

Aşıqlar sədəfli sazı çalanda

Sinə dəftərimə yazdım mən orda.

Müəllif Sevda Mirzə: Musa bəy, atanızdan başlayaraq saz sənətinin vurğunu olmusunuz, ondan Azərbaycan söhbətlərini dinləmisiniz. Eyni zamanda, həm Azərbaycandan gələn, həm də Türkiyənin aşıqları ilə birlikdəsiniz. Bir aşığın adı altında hər zaman o biri aşıqlar da xatırlanır, yada salınır. 

Musa Erdener (aşıq): Salam olsun publisist Həmin Ormanlıya, Ehtiram İlhama, İbrahim İlyaslıya və adını saya bilmədiyim dərya, ümman olan şairlərimizə, ziyalılarımıza, hamısına hörmət edirəm, hamısına minnətdaram.

  Akif Səmədi də bu gün yada salmaq istəyirəm. O, bir türk şairi idi. Cavan yaşında – 45 yaşında dünyasını dəyişdi. Ən çox sevdiyi kəlmələrdən biri “Nə mutlu türküm deyənə” idi. Yazırdı:

Yarpaqlarım yavaş-yavaş tökülür,

Öz-özümdən aralanıb gedirəm.

Bir bostanam tağlarımı çor vurur,

Payızım buralanıb, gedirəm.

Sona qalxmaz buz bağlamış gölümdən,

Qız asılmaz bəyaz çalan telimdən.

Aman fələk, sənin qanlı əlindən

Dərd sinəmdə sıralanıb, gedirəm.

Ölüm odur oğlun, qızın qalmaya,

Səndən sonra sazın, sözün qalmaya,

Dünya silə, izin, tozun qalmaya,

Ölmürəm ha, yaralanıb gedirəm.

Sayan sənsən, salan sənsən fellərə,

Nə yaşımdır, belə çəkir il nərə?

Muzey yoxdur qoruyalar illərə,

Əlyazmayam, qaralanıb gedirəm.

Hamısını tökmə, buludunda qar saxla,

Mənə vermə, qalanlara nar saxla,

Parəm qalır, nə divanın var, saxla,

Mən Akifəm, paralanıb gedirəm.

  Sevda xanım, “Məndəki bu Azərbaycan sevdası nədir?” deyə soruşsanız, bunu deyərdim. Orta məktəbin 4-cü sinfinə gedirdim. O vaxt Bakı radiosu vardı (indiki Az.Tv radiosu), Qarsda da dinləyirdik onu. Çərşənbə axşamı, cümə günləri aşıq verilişləri olurdu. Rəhmətlik atam deyərdi: “A bala, sən yaxşı yazersən, qələmi al, aşıqlarının dediklərini yaz, əskik qalanını adla, mən düzəldərəm”. Belə-belə rəhmətlik atam Azərbaycan sevdasını bizə aşıladı. 44 ildir Ankarada yaşayıram, heç dəyişmədim, həmişə Azərbaycanın qara sazını çaldım. Özüm hələ şeir yazıram, bir kitabım da çap olundu.

  Bunu da deyim. Atam rəhmət gedəli 3 gün olmuşdu. Vaxt var idi atamın olduğu yerdə, yığnaqda - camaat içində söz-söhbət əskik olmazdı. Elə bir adam idi ki, hər kəs ona hörmət edərdi. Biz bərabər gedərdik xeyrə, yasa. O danışardı, camaat dinləyərdi. Atam ki rəhmətə getmişdi, camaat yığılmışdı bizim yekə otağa, mən də ayaqlıqda otururdum. Quran oxundu, dualar edildi, hörmət əlaməti olaraq çaylar gəldi, belə baxdım heç danışan yoxdu, heç kimsədən səs çıxmır.

(Bu arada Musa Erdenein ifasında aşıq havası səslənir.)

  Bu zaman ürəyimdən keçdi ki, rəhmətliyin olduğu məclis belə səssizmi olardı? Keçdim o biri otağa, bir çay qutusu kağızı tapdım, yazdım, o anda əlimdə başqa şey yox idi. Belə yazdım:

Ellər yaraşığı, ey tarix yazan,

Get, səyahət et, bir az gəzin, gəl,

İndidən yoxluğun bağrımı dəlir,

Ürəyimi yıxır həsrət közün, gəl.

Başımıza qıydın bu qalmaqalı,

Demirsən uşağın necoldu halı?

Kim dinlətsin indi eli, mahalı?

Ya söhbət, söz göndər, ya da özün gəl.

Böyük Qayıb deyir, el batıb yasa.

Ay Allah, dünyada ölüm olmasa.

Nə qədər cəhd edib çalışsam,

Satamam, olmaz, yarın qaldı, yazın gəl.

Rəhmətlik çox müşfiq bir ataydı. Nə deyirdiksə, hər kəlməsinin başı, sonu “yaxşı, ağren alem” idi.

Borçalıdan gəldikdən az sonra 1976-cı ildə aşıq İslam İrana getdi, Cənubi Azərbaycanımıza. Orada güneyli aşıqlardan aşıq Qəşəm, Həsən Qaffari və başqaları ilə görüşdü, bədahətən çıxışlar etdilər, dastanlar söylədilər. Yaxşı gəzdi. Ürəyi Azərbaycanla döyünürdü. Oradan da Gəncəyə qədər - ata torpaqlarına getmişdi.

Aşıq İslam hələ də dildə-dodaqdadır, el-oba var olsun. 1995-ci ildə rəhmətə getsə də, o illərdə kəndimizdə dünyaya gələn uşaqlar hələ də deyir ki, “rəhmətlik İslam əmi belə deyərdi...”



Әlaqәli Xәbәrlәr