“Suriyada rejim qüvvələri inqilabın başlandığı Dera şəhərini hədəf götürdü”

“Türkiyənin Gündəminə dair Təhlil” proqramının növbəti bölümündə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun əməkdaşı Can Acunun “Suriyada rejim qüvvələri inqilabın başlandığı Dera şəhərini hədəf götürdü” başlıqlı analitik yazısı

“Suriyada rejim qüvvələri inqilabın başlandığı Dera şəhərini hədəf götürdü”

Suriyanın cənubunda Rusiya və İranın dəstəklədiyi Əsəd rejiminin Deraya istiqamətli hücumları davam edir. Suriyalı müxalifətin qalalarından olan və Suriya inqilabının başlandığı Dera bölgəsinə qarşı hücumlarda rejim qüvvələri ciddi qazanclar əldə etdikdə, dinc vətəndaşlar İordaniya ilə olan sərhəd məntəqəsinə qaçıb sığındı. İordoniya sərhəd-keçid məntəqələrini açmadı, buna görə də İordaniya-Suriya sərhəd məntəqəsində ciddi humanitar faciə yaşanır. Suriyalı müxalifətin rejim qarşısında birgə hərəkət etməməsi və bəzi qrupların Rusiyanın vasitəçiliyilə rejim ilə razılıq əldə etməsilə müxtəlif şəhərlər vuruşmadan rejim qüvvələrinin nəzarətinə keçdi. Suriyanın cənubundakı hadisələrin digər cəhəti isə İsrail-İran gərginliyidir. İranın dəstəklədiyi milis qruplaşmalarının İsrail sərhədinə yaxınlaşması iki ölkə arasındakı gərginliyi artıra bilər.

İyun ayının əvvəlində Əsəd rejiminin Deraya birbaşa əməliyyat başlatmaq üçün hazırlıqlar gördüyünə dair məlumatlar sızdı. Sonrakı prosesdə isə rejimin hərbi sahədəki hazırlıqları və bölgəyə hərbi ünsürlər göndərməsi əməliyyata işarə edirdi. Dera bölgəsində rejim və Suriya müxalifəti arasında keçən illərdə ciddi qarşıdurmalar və müharibə yaşanmadı. Nəticədə Rusiya və ABŞ bölgə ilə əlaqəli razılıq əldə edərək, bölgəni gərginliyi azaltma bölgəsi olaraq qəbul etdi. Lakin rejimin əməliyyatlar başlanacağı zaman ABŞ-lı rəsmilərin suriyalı müxalifət qrupların liderlərinə göndərdikləri açıqlamada bütün razılaşmalar və vədlərə baxmayaraq ABŞ-ın Rusiya və rejim qüvvələri qarşısında onları qorumayacağı bildirildi.

Dera bölgəsinə istiqamətli Rusiya və Əsəd rejiminin hava hücumlarından sonra Rusiyanın Humeymin bazasından Deranın gərginliyi azaltma bölgəsi olmasına dair qərarın ləğv edildiyi barədə açıqlama yayıldı.

Dera bölgəsinin uzun müddətdir müəyyən səviyyədə sülh və dinclik içində olmasına görə bölgədəki əhalinin böyük hissəsi ev-eşiyində yaşayırdı. Lakin Rusiya, İran və Əsəd rejiminin Deraya istiqamətli əməliyyat başlatması  və hava hücumları həyata keçirməsilə bölgədə ciddi köç hərəkəti oldu. 270 mindən çox insan ev-eşiklərini tərk etdi. Onların arasında 40 min suriyalının İordaniya sərhədinə çatıb, bu ölkəyə keçməyə cəhd göstərdiyi BMT tərəfindən açıqlandı. İordaniya 650 min suriyalı qaçqına ev sahibliyi edir. Bu günlərdə isə yeni suriyalı qaçqınlara qapılarını bağladı. İordaniya nə qədər də sərhədin digər tərəfindəki suriyalılar üçün humanitar yardım kampaniyaları təşkil etsə də, rejim qüvvələrinin Dera bölgəsində irəliləməsindən asılı dinc əhali ciddi təhlükəyə məruz qaldı. Bu çərçivədə BMT İordaniyaya qapılarını açması üçün çağırış etdi.

Hərbi olaraq Dera bölgəsində Rusiya, İran və Əsəd rejim qüvvələrilə suriyalı müxalifət arasında qarşıdurmalar davam edir. Rejim qüvvələrinin çox sürətli şəkildə Lacat bölgəsini ələ keçirməsindən sonra müxtəlif suriyalı müxalifət qrupları Rusiyanın vasitəçiliyilə rejim ilə razılıq əldə etdi. Dael, Bosra al Şam və İbta şəhərlərindəki müxalifət silahlarını və şəhəri rejiim qüvvələrinin nəzarətinə təhvil verdi. Digər tərəfdən Rusiyanın güclü hava dəstəyi və ABŞ-ın yardımını dayandırması silahlı qarşıdurmanı davam etdirən suriyalı müxalifəti rejim qüvvələri qarşısında zəiflətdi.

Suriyanın cənubundakı vəziyyətdən təsirlənən digər bir dövlət isə İsraildir. İsrailin əməliyyatdan əvvəl Rusiya ilə görüşlər keçirərək İranın və İran tərəfdarı milislərin əməliyyatda iştirak etməməsi barədə razılıq əldə etdiyi məlumdur.  Lakin sahədəki vəziyyət İran və İran tərəfdarı milislərin əməliyyatlarda iştirak etdiyini ortaya qoyur. İsrailin dəfələrlə İran və İran tərəfdarı qruplaşmalara qarşı havadan hücum etməsi və İran tərəfdarı milislərin İsrail sərhədinə yaxınlaşması iki ölkə arasında yeni gərginliklərin yaranmasına səbəb ola bilər.



Әlaqәli Xәbәrlәr