Güneyin Çağdaş Ozanları

Güneyin özünә mәxsus nәfәsi olan şair vә yazıçısı Nadir Әzhәri

Güneyin Çağdaş Ozanları

Güneyin Çağdaş Ozanları

Nadir Әzhәri 1965-ci ildә Tehran şәhәrindә dünyaya gәlib. Valideynlәri isә Әrdәbillidir. Hansı sәbәblәrә görәsә ailә Tehrana köçüb bilmirik, ancaq onlar 1973-cü ildә yenidәn Әrdәbilә, doğma yurdlarına üz tutublar. Bilirsiniz ki, Әrdәbil, Şah İsmail Xәtayinin Sәfәvi Türk Dövlәtinin özülünü qoyduğu әzәli vә әbәdi Türk yurdudur.

Nadir Әzhәri uşaqlıqdan oxumağa xüsusi sәy göstәrib, kitab dükanlarının daimi müştәrisi olub. Öncәlәri Fars şeiri vә әdәbiyyatı ilә mәşğul olsa da, daha sonraları öz ana dilimizdә şeirlәr yazmağa başlayıb.

Gәlin sözün burasında Nadir Әzhәrinin “Buyurun Gözәl Düşmәnlәrim” adlı şeiri:

Buyurun gözәl düsmәnlәrim

Adamsız değilәm canım

Mәn yanğınların atasıyam

Sigaramı ildırım alışdırır

Atәşlәr adresimi göstәrir

Vә dünyadaki yağışlar

Qapıma gәlir...

Dolu gözlәrim

Yarım çәtvәrim,

Buyurun

Gözәl

Düşmәnlәrim!

Vә alnı açıq

Sözlәrin saçı yeldә

Sözlәrinin saçı çöldәydi

İndi üfüqdәn namәhrәm baxır...!

Bizi heç bir sabah

Bizi heç bir ışıq

Әmizdirmәdi

Yaşasın ac duyğularım

Bu әllәrini ağzına tәpmiş duyğularım

Burnu fırtıqlı uşağlar kimi

Nә qәdәr, amma mәsum yaşadım...!

Özümdәn uzağda yaşadım

Әllәrimdәn dә xәbәrsiz

Tәkcә dodağlarımı tapdım:

Bu mәnәm

Çirkinlәrin böyügü

Qıhalar mәnim

Buyurun gözәl düşmәnlәrim!

............

Nazir Әzhәri ilk şeirini hәlә uşaqkәn yazıb. Böyüdükcә Fars dilindә klassik vә sәrbәst şeirlәr yazmağa başlayıb, 1980-ci ildәn başlayaraq Türkcә ictimai şeirlәr yazıb yaradıb. 1990-cı illәrdә bir il qәdәr Türkiyәdә yaşayıb vә o bir il Nadir Әzhәrinin hәyatında önәmli tәsir bağışlayıb. 1979-cu ildә Şahın taxtının çevrilmәsindәn vә İslam İnqilabından sonra yaranan narahat siyasi mühit onun  ali tәhsil almasına mane olub. 2002-ci ildә Erdәbildәn Azәrbaycanın tarixi paytaxd şәhәri Tәbrizә köçüb, şair vә araşdırmaçı Nigin Nәvadәrәzilә ilә ailә hәyatı qurub.

Nadir Әzhәri sadәcә olaraq şeirlә maraqlanmır, o hәm dә tәnqidçi vә publisistdir. Hәyat yoldaşı Nigin xanımla әl-әlә verib şeirlәr tәrcümә edib vә tәnqidi yazılar yazıb. Tәnqidi yazıları da Güneyli şair vә yazıçıların şeirlәri vә hekayәlәri ilә bağlı olub. Yazdığı tәnqidi yazılar isә yerli dәrgilәrdә yayımlana bilib. Xәbәrlәşmә sahәsindә götürülәn iri addımlar bir çox sahәdә olduğu kimi şair vә yazıçıların da geniş kütlәlәrә üz tutmasında böyük tәsir bağışlayıb, elәcә dә Nadir Әzhәri’yә. Nadir’in ilk PDF şeir kitabı olan “Mәchul Heca” internet vasitәsilә oxucularıyla tapışıb.

Güneyli şair vә yazıçılarımız texnoloji sahәsindәki irәlilәyişdәn istifadә edәrәk dünyanın mәşhur şairlәri vә yazıçılarının әsәrlәrilә tanış olmağa da imkan yaradıb. Bu tanışlıq bәzәn müsbәt nәticәlәr yaratsa da, mәnfiliklәrә dә sәbәb olub. Әslindә şair vә yazıçılarımız Qәrbdә yaranan sәnәt әsәrlәrilә tanış olub öz milli әdәbiyyat yolumuzda yerimәli vә milli şeirimizi inkişaf etdirmәlidilәr, düz olan da budur. Şәxsәn mәn, postmodernizmin әdәbiyyatımıza o qәdәr dә bәhrә qazandıracağına inanmıram, çünki onun özülü vә ruhu Qәrbindir, o özül vә o ruh da bizә yaddır. Bizlәr ancaq onu yamsılaya bilәrik, yamsılamaq da nә qәdәr uğurlu ola bilәr, bir şeyin әslinә nә qәdәr bәnzәyә bilәr?! Mәsәlәn biz sәrbәst şeir tәrzini Qәrb dünyasından әvvәl yaratmışıq, bunun әn böyük dәlili dә Kitabı Dәdә Qorqud’dur. Bәzi dinlәyicilәrimiz, “axı onun yazıya köçürülmәsi dünәnin hadisәsidir” deyә etiraz da edә bilәrlәr, ancaq kitabdakı dastanların hәlә mifoloji çağlarda yarandığı aydındır. Ona görә, yadı yamsılamadan, ancaq onları da öyrәnәrәk öz özülümüz üstündә öz әdәbiyyatımızı inkişaf etdirmәliyik.

Nadir Әzhәrinin daha bir şeiri:

..............

Vә mәn unutmaq xidmәtçisi

İzlәrini silmәyә mәhkumam

Silib süpürdüm sәni

Hәr yer yuvulmuş qәssalxana qәdәr tәmiz

Sәndәn sonra kef kifsәdi şәrablar peşaba getdi

Üzümlüklәr üzümә durdu

Dәlilsiz darıxıram kim olduğunu bilmәyirәm 

Sәni ad günündә unuduram

Sәn, tәrs bir yaşam unudulduğunda varsan 

Ey mәchul, hәr nәyim, keşke sussaydım

Vә heç bir kәlmәyә ağız açmasaydım

Sәn bir damla göz yaşında tanrılarımı boğdun

Mәn isә axşamları aynalara daradım

Bәlkә dә heç bir şey olmamış kimi

Gözlәrimizi sildik keşke sevmәsәydim

Sanki bir qatilin anasıyam

Mәni lәnәtlәrә  yolcu edәn

Mәni qurşun kimi yolcu edәn heç bir zada çarpmadan

Qurşun tәk mәni yolcu edәn olmadığını gizlәtmәdiyin

Dolandır mәni başına dolandır âşiq

Yorulmaz dairәdi

Mәn sәssizlik hәndәsәsi oxudum

Mәn boşluqlar memarıyam

 Şәkillәrә şok verәn bir feleş 

Darısqallıqlarda sәnә yer saxlayan

Mәn peşimanlıq professoruyam

Hava heç dә isti dәyil sәninlә

Heç islanmadığımız  yağışları tәrlәyirәm

O gözlәrindәki boylu boya

Hәr yana dağılmış başım fırlanır

Hәr zad dairәdi gәlәcәk dә xatirәdi.

Nadir Әzhәri әsәrlәrini yaratdığı şeir tәrzi barәdә deyir ki, “Bir şair kimi yaşamaq imkanım olmadığı üçün şeirimi düzyazı kimi, nәsr kimi yazıram, basqılara etiraz olaraq, etiraz olaraq özәl adları kiçik vә normal sözcüklәri böyük hәrflә yazıram heç nöqtә vә başqa әlamәtlәrdәn faydalanmıram bu halda şeirin oxumağı çәtinlәşir amma yorum vә yozum potensiyalı yüksәlir, bir şeir neçә cürә oxuna bilir”. Bu Nadir bәyin öz yoludur, uğurlar arzulayırıq. Türkiyәli şair Nәcip Fazıl Qısakürәk dә Fransada tәhsil aldı, ancaq milli tәrzdә elә şeirlәr yaratdı ki, adını klassiklәr sırasına yazdırdı.

Nadir Әzhәri’nin "Bu Mәnәm Çirkinlәrin Böyügü!”, “Mәchul Heca”, Fars dilindә “Ayaq Üstülü Xatirәlәr” adlı romanı, üç Türkiyә’li şairin şeirlәrinin Farsca’ya tәrcümәsi vә hәyat yoldaşı Nigin Xanımla birlikdә hazırlayıb çap etdirdiklәri Tәnqidi Mәqalәlәr-Müsahibәlәr” adlı әsәrlәri buraxılıb.



Әlaqәli Xәbәrlәr