Güneyin Çağdaş Ozanları

Güney Azәrbaycanın yetirdiyi gәnc şairәmiz Leyla Kәhali

Güneyin Çağdaş Ozanları

Güneyin Çağdaş Ozanları

Әllәrin göyәrir

Açdığım hәr kitabın arasından

Gözlәrin baxır !

Mümkündürsә vücud

Mümkündürsә әdәm!

Nә isә “Sәnizm”ә

Düçar edir

Bu fәlsәfәlәr mәni !

Yoxsa

Kitabları atıb

Mәdrәsәdәn qaçacaqdım

Heçdәn boşalıb

Heçә dolacaqdım

Şuhuduma keçmәsәydin

Qarşımda durub mәnә baxmasaydın

Yaxmasaydın ürәyimi

Әllәrimlә yaxacaqdım düşüncәlәrimi

İndi varlığıma görә

Vacibdirsә vücud,

Sәn necә

Әdәmdәn doğursan mәni?

“Nihilizm”ә qarşı

Sevirәm sәni !

Şeir Güney Azәrbaycanımızın yetirdiyi gәnc şairәmiz Leyla Kәhalinindi.

Leyla Xanım 1978. ildә Güney Azәrbaycanın Zәncan şәhәrindә dünyaya gözlәrini açıb. Mәktәbә başlamamış ailәsi Tehrana köçüb.

Köçmәk mәsәlәsi haçan ki, dilә gәlir o vaxt mәrhum şairimiz Nәcib Fazıl Qısakürәkin meydan adlı şeirindәki bu misralar yadıma düşür:

“iş arayan bir millәt

Diyar diyar göçәbә”

Hansı Güneylinin tәrcümeyi halına әl atırsan görürsәn ki, onun ailәsi köçәri quş kimi öz dәdә-baba torpağını kimlәrәsә buraxıb başını götürüb diyarbә-diyar yad dildә danışanlara qarışıb. Belә edә-edә tarixdәn dә qәdim olan vә ilk Türk dövlәtinin yarandığı Urumiyә şәhәri hardasa boşalıb, yadlara qalıb. Yoxsa bu da Tanrının bir hökmüdür mü? Bilmәk olmur ki, olmur.

Leyla Kәhalinin ailәsi paytaxd Tehranda mәskunlaşıb vә Leyla da iptidai mәktәbi, orta mәktәbi orda bitirib. Ali tәhsilini Qәrb Fәlsәfәsi üzrә alıb. Leyla Xanımın hәm dә rәssamlıq yönü dә vardır. Bir tәrәfdәn ali tәhsilini alarkәn digәr tәrәfdәn dә rәssamlığı yüksәk sәviyyәyә çatdırır.

 Leyla Xanımın bir şeiri:

Bax!

Elә burda dur

Durduğun yerdә

Payızın bu günkü

Bu saatında...

Yoxsa itirәrәm

Tapdığım kimi

Düz sәni gördüyüm

Sevdyim yerdә...

 

Sәni burda qoyub

Çıxıb getmәzdim

Nә edim arada

Yoxluq adı var.

Arada mәkan var

Arada zaman...

Ürәyim tәlәsir

Ürәyim әsir

Uzanmır әllәrim

Yoxdan varlığa...

 

Bax !

Elә burda dur

Durduğun yerdә

Dayan!

Qoy mәn gәzim

Bir yol axtarım.

Bu dönә yaşamdan

Payım olmadın

Sәn yaşa

Mәn gedim

Ölüm qayıdım...

.........

“Hәr Türk anasından şair vә әsgәr doğulur” deyә bir ifadә vardır vә mәn tez-tez onu yada salıram. Leyla Kәhali, bir sәnәtkâr kimi doğulsa da, sözün әsl mәnasında vәtәnin bir xanım әsgәri kimi onu ürәkdәn sevir. Güney Azәrbaycanın cәnnәt guşәlәrini fırçası ilә kâğızların, parçaların üstünә köçürәrәk onları әbәdilәşdirir. Öz ana dilindә yazdığı şeirlәr hәm İran, hәm Azәrbaycan, hәm dә Türkiyәdә çap olunan çağdaş antolojilәrdә oxuculara tәqdim edilib. O, 1998. ildәn sonra öz әdәbi fәaliyyәt sahәsini genişlәndirib, şeirlә yanaşı nәsr sahәsindә dә öz sәnәtkâr qüdrәtini nümayiş etdirib. Uşaqlar üçün yazdığı Quleybanı adlı hekayәlәr kitabını hazırlayıb vә bu әsәri işıq üzü görüb. Türkiyәli şair İbrahim Sadrinin şeirlәrindәn ibarәt sәçilmiş şeirlәri “Mәn Sәni Heç Sevmәdim Ki” adıyla çap etdirib. Özünün ilk şeirlәr toplusunu “Gözlәrim Sarı Sәrçә Quşu” adını daşıyır, o bunun çapı üçün rәsmi icazәni alıb vә yaxın bir vaxtda "YAŞMAQ" nәşriyyatı tәrәfindәn çap olunacaqdır. Ancaq Leyla Kәhali sadәcә olaraq şeir yazmaq, rәssamlıqla da mәşğul olmur. O tәrcümәçilik işlәrini dә yeridir. Halhazırda Türkiyәdә yüksәk lisans deyilәn, Azәrbaycanda magistratura, İranda isә fovqlisans adlanan tәhsilini davam etdirir. Oğuz Türkcәsinin qәrb qrupuna mәnsub olan Azәrbaycan Türkcәsi ilә Türkiyә Türkcәsindә danışan bacı-qardaşlardan biri yüksәk lisans, o biri magistratura, digәri isә fovqlisans deyir. Bu mesajı başa düşәnlәr olacaqdır.

Lәyla Kәhaliyә elm vә әdәbiyyat yolunda uğurlar arzulayırıq. Yenә onun gözәl bir şeiri:

 

Alma taxdım ürәyimә!

Sәnә vurulub

Cәnnәtdәn qaçdım.

Mәn allahın

Günahkar Adamıyam

Günahkar Havvasi.

Sәni sevmәyim

Böyük yasaqmış sanki, qadası !

Әzәl günündә

 Әbәd zindana verildim axı

Vә indi mәnәm

Mәcnunsuz Leyli

Leylisiz Mәcnun.

Bәrzәxin özü.

Cәnnәtdә suyam

Cәhәnnәmdә od !

 

Ağ köynәklә gәl

Ey sarı köynәk!

Gәldә üstümdәn

Götür bu adı.

Kitablardan poz,

Tarixi keçmiş bu hekayәni.

Gәl ürәyimdәn

Bu almanı dәr!

Yoxsa oturub

Qarğış edәrәm

Cәnnәtdә yanar

Alma ağacı !



Әlaqәli Xәbәrlәr