"Sirrlər sandığı" - qanun aləti

“Türk avazı” radio programı

991182
"Sirrlər sandığı" - qanun aləti

         Salam, sevgili dinləyicilərimiz!  Günəşin üfüqdən boylanıb dünyamızı nura qərq etdiyi səhərlərin birində xoş gördük Sizləri! Hər zaman oldugu kimi bu gün də verilişimizi gözəl bir musiqi parçası ilə başladıq. Bəşər övladı ilə eyni anda dogulan musiqi göylə yer arasında bir ahəngdir. Həyatımız üçün yaşam mənbəyi, zəkamız və qəlbimiz üçün qida mənbəyidir. Ta qədimlərdən  bu günə qədər musiqinin bir möcüzə oldugu, insan ruhuna onun daxili aləminə təsiri dəfələrlə deyilib,yazılıb. Qədim yunan riyaziyyatçisi Pifaqor zəkanı inkişaf etdirmək üçün musiqi dinləməyin vacib oldugunu deyirdi. Platon isə hesab edirdi ki, musiqi insan orqanizmində bütün prosesləri ahəngə salır. İbn-Sina ruhi xəstəliklərin müalicəsində musiqidən istifadə reseptləri təklif edirdi. Aristotel onu insanların mənəviyyatı ilə bagliyaraq deyirdi ki, musiqi xeyirxahliga, mənəvi kamilləşməyə gedən yolda yol bələdçisidir. Musiqi dinlərkən ruhumuz  təmizlənir. Musiqi çox güclü bir vasitədir. O bizim zamana baxışlarımıza təsir edər, zamanı durdura və ya vaxtın axınını sürətləndirə bilər.  Duygularımıza qanad taxan,onu pərvazlandıran, qəlbimizdə xoş hisslər yaradan bu şəfalı, sehrli, ecazkar səsləri isə bizə musiqi alətləri çatdırır. Qədim musiqi aləti -qanun haqqında söhbət açacagıq bu gün Sizlərə!

         Qanun yastı sazlar ailəsinə mənsub olub, dartımlı-simli xalq çalgı alətidir.Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində geniş yayılmışdır.  Azərbaycan cografi ərazi baxımından  qədim musiqi mədəniyyəti mərkəzlərindən biridir. Əhalisi yerli oturaq Türklər olan bu ərazidə ibtidai dövrlərdən Kür-Araz mədəniyyəti formalaşib. Araşdırmalara görə ən qədim tarixə malik olan simli musiqi alətlərinin rəsmini göstərən maddi abidə də məhz Azərbaycan ərazisində tapilib. Bu fakt onu deyir ki, Azərbaycan musiqi mədəniyyətinin tarixi digər xalqlarla müqayisədə daha qədimdir.  

         Simli musiqi alətlərinin tarixini araşdıran alimlərin fikrincə Qanun musiqi aləti çəng alətindən formalaşıb. Altay türklərində indiyə qədər folklor aləti kimi istifadə edilən çəngin mənşəyi isə qədim türklərə aid olunur. Araşdırmaçı alim Aslan Məmmədov yazır ki, çəng, tənbur alətləri öz dünyəvi miqrasiyasına qədim Azərbaycan ərazisində başlamışdır. Bu ərazidə formalaşan üfüqi uzadılmış Çəng alətindən nüzhə,mügni kimi alətlər, künclü çəng alətindən isə qanun aləti formalaşib. Bütün Şərq xalqlarının ruhuna uygun yaradılmış qanun alətinin Azərbaycandan keçərək İran vasitəsilə Osmanlı imperiyasına daxil olan ölkələrə- Orta Asiya, Əfqanıstan, Çin və Hindistanda yayılması fikrini tədqiqatçılar təsdiqliyir. Bəzi digər mənbələrdə isə qanunun Orta Asiyadan Anadoluya köç edən türklər vasitəsilə bütün Qafqaza yayılması haqqında məlumatlar var. Bir sıra qədim mənbələrdə qanun musiqi alətinin böyük türk alimi Əbu Nəsir Məhəmməd Əl-Fərabi tərəfindən icad olundugu söylənilir. Digərləri isə Fərabinin bu alət üzərində müxtəlif ixtiralar etrdiyi fikrini irəli sürür. Min ildən çox yaşı olan bu çalgı aləti Azərbaycan musiqişünasları Səfiyəddin Urməvi və Əbdülqadir Maragalının səyi nəticəsində təkmilləşmiş kamil bir alətə çevrilmişdir. Azərbaycan qanun aləti digər şərq xalqları qanunundan simlərinin sayına görə fərqlənir.

         Azərbaycanda mövcud olmuş çalgı alətləri  klassik ədəbiyyat nümunələrimizdə, xüsusilə Nizami, Xaqani, Nəsimi, Füzuli və digər söz, fikir nəqqaşlarının əsərlərində dönə-dönə vurgulanıb. Nizami Gəncəvinin məhşur “xəmsə”sində orta əsrlərdə Azərbaycanda geniş yayılmış 30 dan artıq musiqi alətinin adı çəkilir. Bunlardan biri də Qanundur. XII əsrdə yaşayib yaratmış, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi qanun və çəng alətlərinin mahir ifaçısı olmuşdur.

Taleyini əsasən qadın nəvazişinə baglayan, öz ecazkar səsini qadın əllərinin istiliyinə etibar edən   bu musiqi alətini  Füzuli “Yeddi cam” əsərində belə təsvir edir:

                   Bir gün gecə məclisimiz vardı ki ondan

                   Çox-çox uzaga qalmış idi dərd,qəm, hicran

                   Xam nəgmələrlə edərək aləmi məmnun

                   Bir huri-mələk çalırdı iri bir qanun.

Əsərdə Füzuli “qanunla söhbət” edir. Dərdli, duygulu ,incə nəgmələr səsləndirən “sirrlər sandigi” adlandırır onu.  Çoxsaylı simlərinə və rəngarəng səs çalarına işarə edərək deyir ki, ona heç nə deyilməməli, çünki qanun özü danışır, onun yüz dili var.  

         Miniatür sənət əsərlərimizdə də də qanun alətinin gözəl təsvirləri verilib. Üzeyir Hacıbəyov bu musiqi alətinin keçmişdə təkmil,sevimli, geniş yayılmış bir alət olmasından bəhs edərək yazirdı:” Bu gün hər bir musiqiçi üçün piano çalmaq vacib olan kimi  Şərq musiqiçiləri də öz çalgılarından əlavə qanun çalmagı dəxi borc bilmişlər”. Şah Abbasın nəvəsi Mirzə Əbülfət də  mahir qanun ifaçısı olub.

         Qanun sözü yunancadan götürülmüş, mənası qayda, nizam, tərtib deməkdir. Gövdəsi hamar taxta qutunu xatırladan bu  alət adətən şam agacından hazırlanır. Alt və yan hissələr agcaqayın, qoz və digər bərk agac materiallarından düzəldilir. Alətin üst hissəsinin dörddə üçü şam agacından olan taxta üzlüklə,qalan hissəsi isə baliq dərisi ilə örtülür. Qanuna üçləşdirilmiş 24 sıra sim baglanır.Diz üstünə qoyularaq çalınan Qanun hər iki əlin şəhadət barmagına taxılmış dəmir üsküklərin arasında yerləşdirilən ebonit mizrablarla səsləndirirlir. Bu musiqi alətinin uzunlugu 80-90 sm, eni isə 30-40 sm-dir. Qanunun səs tembrı zərifdir. O öz yumşaqligi və gözəlliyi ilə fərqlənir.

         Qanun aləti ta qədimlərdən insan ürəyinə yol tapmagı bacarıb. Alət istənilən milli və xarici,həzin ya şən musiqilərin hər birini tellərində qəbul edir. Zərif əllər bu musiqi alətinin üzərində gəzdikcə  hər bir teldən  duygu yüklənmiş ayrı bir avaz gəlir. Bu qanunun avazıdır.

                  Çoxəsrlik tarixi olan qanun sənəti  Azərbaycanda yaxın illərədək demək olar ki unudulmuş, musiqi səhnəsində görünməz olmuşdur. Yalnız ötən əsrin əvvəllərində  Məşədi Cəmil Əmirov musiqi dünyamızda unudulan ud və qanun alətlərinə yeni həyat verdi, dövründə bu alətlərlə konsertlərdə çıxış etdi və  bununla musiqi sahəsində yeni ab-hava yaratdı. O Bayatı-şiraz mugamının mahir ifaçısı olub.

         Azərbaycan opera sənətinin banisi, musiqimizin inkişafında çox böyük rolu olan Üzeyir Hacıbəyli 1931- ci ildə Azərbaycan xalq çalgı alətlərindən ibarət ilk notlu orkestr təşkil etdi. Bu  Şərq aləmində bir yenilik, bir ixtira idi. Orkestrin tərkibinə əvvəllər tar, kamança, balaban, dəf və nagara daxil olsa da sonralar bu tərkibə saz,tütək, zurna, qoşa nagara və qanun da əlavə edilir. Bu telli çalgı alətinin ifaçılıq imkanlarına görə orkestrdə əvəzolunmaz yeri vardır. Dinlədikcə insan ruhunu sakitləşdirən, bəzən keçmişi xatırladan,bəzənsə gələcəyi ümidlə səsləyən qanun alətinin tellərindən ucalan səs qeyri-adi səsdir.

 Musiqi dünyasının sehrinə dalmaq, burda yaşamaq və burda yaşlanmaq. Arzuların qanadında pərvazlanıb ötənləri xatırlamaq üçün bircə səs yetər. Amma bizi bu dünyadan ayırib xəyallar aləminə salacaq səs bir o qədər  də möcüzəli olmalıdır. Qanun səsi kimi. Gözəl ifa,ecazkar səs və səni səndən alib duygular aləminin sakininə çevirən qanun səsi.

Proqramımızın sonuna gəldik əzizlərim. Hər birinizə xoş günlər, qəlbinizi,ruhunuzu oxşayan musiqili dəqiqələr arzuluyuram. Elə bu istəklə də sizinlə sagollaşıram. Sag olun, saglıqla qalın. Proqramı sizlər üçün hazırladi Gülparə Bayram. Qismət olsa görüşərik. Allaha əmanət olun!



Әlaqәli Xәbәrlәr